İbrahimbəyov ittihamlara cavab verdi

«Məni erməniləri Bakıya gətirməkdə günahlandıranlar dəlidir»

«ARDNŞ yalan deyir»

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun bir sıra müxalifət qəzetlərinə verdiyi müsahibəsindən sonra yenidən rəsmi mətbuatın hədəfinə çevrilib. «Yeni Azərbaycan» qəzeti, həmçinin hakimiyyətyönlü digər mətbu orqanlar R.İbrahimbəyovu ermənipərəstlikdə ittiham edərək onun Azərbaycanın maraqlarına ziyan vurduğunu yazır. “Yeni Azərbaycan” qəzetinin yazdığına görə, “Daşnaksütyun” partiyasının fəallarından olan Roman Balayan R.İbrahimbəyovla möhkəm dostdur və bu onunla əlaqəsi olan yeganə erməni deyil.
Bu arada Dövlət Neft Şirkəti də tanınmış yazıçıya qarşı bəyanat səsləndirib. Bəyanatda deyilir ki, ARDNŞ-nin Rüstəm İbrahimbəyovun kino kompleksi tikmək üçün aldığı torpaq sahəsini qanunsuz yolla mənimsəməsi haqda yazıçının mətbuata müsahibəsində dedikləri əsassızdır. Şirkət öz addımını son illər zəbt edilmiş torpaqlarda, neft sənayesi infrastrukturu zonasında qanunsuz tikililərə qarşı aparılan tədbirlərlə izah edib. Bəyanatda həmçinin deyilir ki, Rüstəm İbrahimbəyov və digərləri ilə torpaq mübahisələri məhkəmənin qərarı əsasında həll olunub və ARDNŞ-nin maraqları hüquqi əsaslarla təmin edilib.
Ünvanına deyilənlərə münasibət öyrənmək üçün R.İbrahimbəyovla əlaqə saxladıq.
İlk öncə ermənilərlə iş birliyi ilə bağlı deyilənlərə münasibət bildirən tanınmış yazıçı ünvanına deyilənləri uydurma adlandırdı. Roman Balayanı Bakıya çağırmadığını deyən R.İbrahimbəyov bu şəxsin «Daşnaksütün» partiyası ilə bağlılığının olmadığını da qeyd etdi. Yazıda haqqında söhbət açılan digər erməni, Rudik Avanesova gəldikdə, R.İbrahimbəyov onun MTN-nin, şəxsən nazir müavinlərindən birinin razılığı ilə Bakıya gəldiyini və burda olduğu müddətdə da xüsusi xidmət orqanları əməkdaşlarının müşahidəsi ilə hərəkət etdiyini bildirdi: «Bu adam vaxtilə bizim tərəfimizdə çıxış etmişdi, Qarabağ məsələsində ermənilərin hərəkətlərini dəstəkləmədiyini demişdi. Özü də Bakılıdır, bura gəlib qohumlarının qəbrini ziyarət etmək istəmişdi. Ona görə rəsmi olaraq MTN-ə Eldar Mahmudovun müavinlərinə zəng etdim, ona adam ayırdılar, Avanesov gəldi burda qohumlarının qəbirlərini ziyarət etdi. Onun Bakıya gəlməsində məni ittiham edənlər dəlidir. Başa düşmürlər ki, bu şəxsin Azərbaycana gəlməyə ixtiyarı var. Belə hərəkətlərlə Qarabağ ermənilərini özümüzə düşmən edirik».
ARDNŞ-nin ittihamına gəldikdə, R.İbrahimbəyov bir daha ünvanına deyilənlərin yalan olduğunu bildirdi: «Vaxtilə «Azadlıq» yazdı, təşkil etdi və ekspertlər gedib yoxladılar. Neft Şirkətinin dedikləri hamısı yalandır».
R.İbrahimbəyov bu yaxınlarda Kino Evində məsələ ilə bağlı geniş açıqlama verəcəyini də bildirdi.

Fizzə