“Düşünmürəm ki, Elnur Seyidovun bu işdə hansısa ciddi günahı var. Yəqin ki, araşdırıb buraxacaqlar”
“Texnikabank”ın Müşahidə Şurasının həbsdə olan sədri Etibar Əliyev azadlığa buraxılıb. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. E.Behbudov E.Əliyevin məhkəmənin qərarı ilə azadlığa buraxıldığını deyib. Qeyd edək ki, E.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdu.
Bir neçə aylıq həbsdən sonra azadlığa buraxılan “Texnikabankın” sabiq rəhbəri bizimyolinfo.com saytına da açıqlama verib: “Mən artıq azadlıqdayam. Əlbəttə ki, bu mənim və yaxınlarım üçün sevindirici haldır. Buna görə dövlətimizə təşəkkürümü bildirirəm. Amma mən heç zaman özümü günahkar saymamışam. Oldu də, həbs elədlilər və araşdırdılar, gördülər ki, günahsızam”.
E.Əliyev “Texnikabank”da çalışacağını da əlavə edib: “Mən işimi davam etdirəcəyəm. Bankdan da heç bir yerə getməmişəm”.
O, həbsinin AXCP sədri Əli Kərimli ilə əlaqələrinə görə baş verməsi barədə deyilənlərə də münasibət bildirib və bu iddiaları təkzib edib. Bank rəhbəri həbsinin bu məsələ ilə heç bir bağlılığının olmadığını dilə gətirib: “Mənim, ümumiyyətlə, müxalifət partiyalarından heç biri ilə heç bir əlaqəm yoxdur”.
Qeyd edək ki, hazırda bu iş üzrə həbsdə saxlanılan yeganə şəxs bankın keçmiş əməkdaşı, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovdur. Vəkil Fəxrəddin Mehtiyev bildirib ki, artıq bankın keçmiş müdiri Etibar Əliyevin də həbsdən azad olunmasıyla yeni situasiya yaranır. Vəkil ümid edir ki, istintaq E.Seyidovla bağlı yaranmış vəziyyətə adekvat qərar qəbul edəcək. Çünki E.Seyidov məhz bankın hazırda azad edilmiş müdirilə əlbir olmaqda ittiham olunurdu.
Yeri gəlmişkən, keçmiş bank müdiri E.Əliyev də AXCP sədrinin qayını E.Seyidovun bu işə görə həbsdə saxlanmasına münasibət bildirib. “Əli Kərimlinin qaynını saxlayıblarsa, düşünürəm ki, buna da dəyər, qiymət verəcəklər. Düşünmürəm ki, onun da orada hansısa bir ciddi günahı var. Yəqin ki, araşdırıb buraxacaqlar”, – deyə o, “Yeni Müsavat”a bildirib.