Naxçıvan ayağa qalxsa…

Asəf Quliyev: «Belə vəziyyətdə partlayış baş verməlidir»

Sərdar Cəlaloğlu: «Hakimiyyət prosesə heç cür nəzarət edə bilməyəcək»

Artıq bir neçə gündür Naxçıvan şəhərində evlərə sərt mətnlə etiraza səsləyən vərəqələrin paylanması Muxtar Respublika rəhbərliyini və hüquq-mühafizə orqanlarını təşvişə salıb. Vərəqələrdə yerli hakimiyyətə ünvanlanmış təhdidlər var. Xüsusi xidmət orqanları əməkdaşları və polis vərəqələrin yayıldığı məhəllələri ciddi nəzarətə götürsə də, təşkilatçıları saxlamaq mümkün olmayıb.

Faktiki olaraq fövqəladə rejimdə yaşayan Naxçıvanda insanların artıq bütun təhlükələri göz önünə alaraq belə bir addıma getməsi nədən xəbər verir? Bu sualla əslən Naxçıvandan olan siyasilərə müraciət etdik.

AXCP sədrinin müavini Asəf Quliyev Naxçıvanın siyasi proseslərdə həmişə aktiv rol oynadığını deyir. Ancaq artıq neçə ildir bu bölgədə insanlara öz etirazlarını dilə gətirməyə imkan verilmir. Sözsüz ki, belə vəziyyətdə partlayış baş verməlidir. Insanlar sözünü demək, etirazını bildirmək üçün vasitə axtarır. Bu vasitələrdən biri də vərəqələrin paylanmasıdır.
A.Quliyevin sözlərinə görə, Naxçıvan rəhbərliyi insan haqlarını, söz və mətbuat azadlığını pozmaq yolunu tutub. Lakin artıq Azərbaycanda ictimai siyasi vəziyyət tamamilə dəyişib. Xalq hakimiyyətdən müsbət addımların atılmasını gözləmir. Ona görə cəmiyyət bütövlükdə rejimə qarşıdır. Naxçıvan da bu siyasi proseslərdən kənarda qala bilməz.

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Naxçıvanda fəallıq başlasa, yerli hakimiyyət onun qarşısını qətiyyən ala bilməyəcək. Sadəcə olaraq indiyə qədər orada fəallıq yox idi və ona görə də yerli hakimiyyət özünü güclü təsəvvür edirdi. Ancaq Naxçıvanda insanlar ayağa qalxsa, hakimiyyət prosesə heç cür nəzarət edə bilməyəcək. Çünki artıq bıçaq sümüyə dirənib. Artıq camaat o şəraitə dözə bilmir.
S.Cəlaloğlu bu fəallaşmanın arxasında real güc dayanacağı təqdirdə Naxçıvanda çox ciddi hadisələrin olacağını da qeyd etdi.

Fizzə