Rejim çökdüyünü bilsin

Geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan dövlət mükafatı laureatı, MTN-nin S.Əsgərxanov adına mükafatının laureatı, bədən tərbiyəsi və idman sahəsində Azərbaycanın əməkdar xadimi, Azərbaycanın əməkdar məşqçisi, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş Çapay Sultanovun “Azadlıq” qəzetini müdafiə edən bəyanatında Blez Paskala aid bir sitatla qarşılaşdım: “Yalnız müqavimət göstərənə söykənmək olar”.
Bu fikrin elmi əsasları var, aydındı, ancaq mən fikrin ictimai əsasları üstündə dayanmaq istəyirəm və zənnimcə, şəxsən bu gün Azərbaycanda hər kəsin bir daha bu fikir üzərinə düşünməsi çox vacibdi.
Əliyevlərin hakimiyyətə gəlişindən bu yana qədər olan zamanı götürsək və başından bəri, rejimin toplumla necə işlədiyini, onu nə hala gətirdiyini yada salsaq, bir sözlə, deyə bilərik ki, bu hakimiyyətin işi əvvəldən axıra cəmiyyətin müqavimətini və bütövlükdə dirəniş hissini qırmaq olub.
Onlar bunun üçün az əmək (zərərli əmək) sərf etməyiblər. Bu yolda elə murdar bir vasitə qalmayıb ki, ona əl atmamış olsunlar. Həbslər, hədələr, şantajlar, qorxugəlmələr, işgəncələr, etirazçı hər kəsin iydəyəninin işdən uzaqlaşdırılması, çörəkdən edilməsi, siyasi və ictimai qətllər… Hər şey, hər şey, hər şey! Iyrənc olan nə varsa, hamısı… Hər şeyi sınaqdan çıxarıblar. Çıxarıblar ki, ölkənin altını-üstünü talan etsinlər; vətəndaşların haqqını yesinlər, adamları durduğu yerdə şərə-böhtana salsınlar, mallarını-mülklərini əllərindən alsınlar, dövləti öz şəxsi holdinqlərinə, şirkətlərinə çevirsinlər, polisi öz mal və cangüdənləri kimi istifadə etsinlər, söz azadlığını boğsunlar, sərbəst toplaşma azadlığını sıfıra endirsinlər, istədiklərini kəssinlər, istədiklərini assınlar, tutsunlar… bir sözlə, fironluq etsinlər və kimsə dinməsin, kimsə etiraz etməsin, bir sözlə, müqavimət göstərən olmasın…
Kimsəyə sirr deyil ki, onlar buna nail olublar da. Istədiklərini eləyirlər və zərrəcə toplumdan qorxuları yoxdu. Çünki arxayınlaşıblar. Çünki güman eləmirlər ki, kimsə baş qaldırıb onlara hədlərini göstərə bilə. Əlbəttə ki, söhbət çoxluqdan, onların qara kütlə adlandırdıqları kəsimdən gedir. Şükürlər olsun ki, Azərbaycanda hələ də fədailər var. Asılırlar, kəsilirlər, ama yenə də müqavimətdən əl götürmürlər. Bir də bu illər boyu Azərbaycanda müqavimət hissinin tam ölməməsi üçün mətbuatın gördüyü işi danmaq olmaz. Dəyərli insan, böyük alim Rafiq Əliyevin sözləri ilə desəm, ölkəmizdə azadlığın yerli-dibli məhv olmaması üçün ən böyük işi iki-üç qəzet və o qəzetlərin dönməz yazarları görüblər. Lakin Əliyev xanədanı yazarlara söykənmir ki… Onların söykənc zənn etdikləri, Rüstəm Ibrahimbəyov demişkən, 5 iri oliqarx məmur və nə qədər qəribə səslənsə də, toplum və ya onların öz dili ilə desək, xalqdır. Müqavimət hissi büsbütün qırılmış xalq…
Beləcə, qayıdaq Blez Paskalın fikrinə…
Iş ondadı ki, xalq bir yana, hələ ata Əliyevin çağından o 5 qara qüvvənin özünün də müqaviməti qırılıb, altdan-altdan bir şeylər yapmağa çalışsalar da, üzdə ölkənin gənc diktatoruna qarşı zərrəcə dirənmək imkanları, yəni müqavimət hissləri yoxdu. Deməli, bəd ayaqda onlardan Əliyevlərə dirək olmayacaq. Söykəndiyin an, yerə düşəcəksən.
Toplum da eləcə. Özü ayaq üstə it zülmüylə, ya da hava doldurulmuş şar-fiqurlar kimi aldadıcı şəkildə şam-şax dayanan topluma bel bağlamaq, söykənmək olarmı? Sabah, ilk büdrəmədə bu hakimiyyətə aydın olacaq ki, sən demə, o, cəmiyyətin müqavimət hissini öldürəndə əslində, öz ömrünə balta çalırmış. Beləcə, güman eləyirəm, indi kimsədə şübhə qalmaz ki, bu rejim çöküb. Ilk büdrəmə son demək olacaq. Bir də müqavimət hissi olmayan xalqı müxalifət öz tərəfinə çəkə bilsə…