Platonun “Cümhuriyyət” əsərində çox məşhur bir “mağara bənzətməsi” var. Filosof bu bənzətməni belə təsvir edir: “Bəzi insanlar qaranlıq bir mağarada, doğulduqları gündən bəri arxaları mağaranın qapısına dönük halda oturmağa məhkumdurlar. Başlarını da arxaya çevirə bilməyən bu insanlar mağaranın qapısından içəri düşən işığın aydınlatdığı qarşı divarda qapının önündən keçən kölgələri izləməkdədirlər. Onların arasından biri xilas olur və çölə çıxıb kölgələrin əsl mənbəyini görür. Adam təkrar içəri girib gördüklərini anlatmağa başlayır. Amma içəridəkiləri divarda gördüklərinin zahiri olduğuna və gerçəyin mağaranın çölündə cərəyan etdiyinə inandırmaq imkansızdır”.
Bu mağara mənzərəsi ilə yaşadığın çevrənin reallıqları arasındakı inanılmaz bənzərliyi görüncə… Düşünürsən ki, əgər hələ də insanların təfəkkürü mağara qaranlığından işığa çıxa bilməyibsə, yüz illər boyu sürən mübarizələr nəyə gərəkmiş? Axı insanlar antik dövrdən üzü bəri bərabər hüquqlar, söz haqqına sahib olmaq, azad seçim davasını niyə aparırdılar ki?..
Azərbaycan parlamenti insanları dar ağacına çəkmək planları hazırlayır. Sərbəst toplaşmaq hüququnun bu qədər tündləşməsinə başqa ad vermək olmur. Bu, hüquqi çərçivənin o dərəcədə daralmasıdır ki, onu sərbəst toplaşmaq haqqının faktiki yasaqlandığı kimi də dəyərləndirmək olar. Icazəsiz aksiyalara görə cərimələr birdən-birə artırılır, həm də təxminən tətbiq olunanın 100 misli nisbətində. Bunu hansı normal məntiqin məhsulu hesab etmək olar ki?.. Sıra siyasi partiyalardadır. Artıq onların siyasi fəaliyyətinə də düzəliş etmək planı hazırlanır. Həm də bu qanun dəyişiklikləri necə hazırlanır? Kimsə yuxarıdan diktə olunan mürtəce tezisləri o qanun adlanan kağızın o baş-bu başına yerləşdirir və səsverməyə buraxır. Arxasınca da şəksiz prezident təsdiqi gəlir, vəssalam.
Bəli, mağara təfəkkürü səviyyəsində düşünənlərə seçim haqqına sahib olduğunu anlada bilməzsən! Mağara təfəkkürü ilə qərar verənlərə hüquq bərabərliyi anlayışından bəhs etməyin anlamı yox! Belə ibtidai düşüncə sahiblərini əbədi hakimiyyət adlı xülya olmadığına inandırmaq çox zor!
Insanların adi toplaşmaq haqqını əzib, aksiya cərimələrini yüz qat artırmağın adı nədir? Bəs siyasi meydanda rəqiblərini ən eybəcər üsulla susdurmaq hikkəsinin… Azad cəmiyyətin təməli olan müstəqil yazarlara hücumun, məhkəmə cərimələrinin, şərləmələrin… Bəs fərqli düşünən insanları ölkədən didərgin salmağın, həbslərdə çürütməyin, öldürtməyin adı nədir, sizcə?
Azad, zəngin və gözəl yaşamaq hər kəsin haqqıdır. Haqqına sahib olmaq üçün bu “mağara”nın çölündəki dünyanın rəngini, havasını, işığını anlatmaq istərsən. Kənarda o qaranlıq aləmdən tamam fərqli, gözəl bir dünya olduğuna inandırmaq istərsən. Amma necə anladacaqsan? “Bu baş verənlər qanuna ziddir, qanundan kənardırmı” deyəcəksən? Mağara təfəkkürü üçün fərqi yox. Ölkənin başında oturanlar bu düşüncədədirsə… Hər şey Platonun dediyi “öz vətəndaşlarını idarə etmək iddiasında olub, özünü idarə edə bilməyən”lərin “mən belə istəyirəm” hikkəsinə dayanırsa… Nə anladacaqsan ki?..
Azərbaycanın hakimiyyət idarəçiliyində xalqa bağlı heç nə yoxdur. Hər şey bir mənəmlik iddiasına söykənir. Heç şübhəsiz, ölkədə baş verən ədalətsizliklərin çoxu elə bundan irəli gəlir. Hakimiyyəti anladıq, o, “mən belə istəyirəm” hikkəsini gizlətmir də. Amma böyük çoxluğu, toplumun susqunluğunu necə anlayaq? Doğrudanmı, o heç nə istəmir?..

“Mən belə istəyirəm” və mağara bənzətməsi…
•