“Difai” fədaisi Bala Məşədi

Gəncə fəallarından biri…

XX əsrin əvvəllərində erməni-daşnak qüvvələri tərəfindən Azərbaycan türklərinə qarşı törədilən qırğın və iğtişaşlar cəmiyyətin vətənpərvər təbəqəsini bir araya gətirdi. Belə gərgin dövrdə baş verən dəhşətlərin qarşısını almaq üçün vahid bir təşkilatda birləşmək böyük zərurət idi. Elə 1906-cı ilin yazında yaranan “Difai” partiyası da qarşısına bu problemlərdən irəli gələn məsələləri həll etmək məqsədi qoymuşdu.
Təşkilatın rəhbəri əslən Şuşadan olan türkoloq Əhməd bəy Ağaoğlu idi. Azərbaycanın bir çox yerlərində təşkilatın şöbələri fəaliyyət göstərirdi.
“Difai”nin güclü şöbələrindən biri də Gəncə idi. Onun rəhbəri Ələkbər bəy Rəfibəyli, üzvləri isə Həmid bəy Yusifbəyli, Nəsib bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə, Həsən bəy Ağayev, Axund Məhəmməd Pişnamazzadə, Adil xan və Ismayıl xan Ziyadxanlı, Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlı, üç qardaş Xəlil, Ələkbər və Ələsgər bəy Xasməmmədovlar, Dəli Alı, Məşədi Ismayıl və Sarı Ələkbər kimi tanınmış şəxsiyyətlər idi.
Bu şəxslərin hər birinin qəhrəmanlığı haqqında ayrıca danışmağa dəyər. Onların arasında xüsusi xidmətlərilə seçilənlərdən biri də Bala Məşədi olub. O, 1905-ci ildə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı xüsusi şücaət göstərənlərdən biridir. Bala Məşədinin adı “Difai” partiyasının ən fəal üzvləri sırasında yer alır.
Qasımov Məşədi (Bala Məşədi) Kərbəlayi Qasım oğlu 1870-ci ildə Gəncə şəhərində anadan olub. Onun atası Kərbəlayi Qasım kişinin 3 oğlan övladı vardı. Bala Məşədi övladlardan kiçiyi olub. 1881-ci ildə Kərbəlayi Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah taparaq, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Daha sonralar Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O, həmin dövrdə təşkil olunan cıdırÿyarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncə xanı Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm. Qızın mənim qabağımdan qayıdıb söz desə, aramızda inciklik olar, xan”.
Bala Məşədinin hərəkəti Hüseynqulu xanın o qədər xoşuna gəlir ki, deyilənə görə, Gəncəbasar ətrafında yerləşən bir neçə kəndi və Kürqırağı meşə zolağının bir hissəsini ona hədiyyə edir. Bala Məşədi qısa bir müddətdə həmin ərazilərdə böyük bir təsərrüfat qurur və yüzlərlə adamın həmin təsərrüfatda işləyib dolanması üçün şərait yaradır. Bununla yanaşı, yaşadığı Gəncə şəhərində böyük qardaşı Hacı Əli Qasımov ilə birlikdə mülklər alıb, imkanlarını daha da genişləndirir.
Həm xeyriyyəçi, həm savaşçı
Bala Məşədinin özündən 20 yaş böyük olan qardaşı Hacı Əli Qasımov eyni zamanda, nəslin ağsaqqalı olmuşdur. O, XX əsrin əvvəllərində milli dirçəliş yolunda yorulmaz fəaliyyət göstərmişdir. Hacı Əlinin böyük maddi imkanları olmuş və o, sərvətinin önəmli hissəsini millətin rifahı naminə sərf etmişdir. Hətta deyilənə görə, Hacı Əli Qasımov həmin dövrdə Bakı şəhərinə Şollar suyunun çəkilişinə də öz maddi vəsaiti ilə dəstək vermişdir. Bütün bu işlərdə Bala Məşədi öz böyük qardaşının yaxın köməkçisi olmuşdur.
Hər iki qardaş Qərbi Azərbaycandan köçkün düşmüş ailələrə hər cür kömək göstərmiş, onların Gəncədə yerləşməsi, iş tapmaları, yaşamaları üçün hər cür imkan və şərait yaratmışdır. Qərbi Azərbaycandan köçkün düşmüş əvvəlki nəsillərin xatirələrinə görə, XX əsrin əvvəllərində Göyçə mahalından bir neçə şəxs Bala Məşədinin yanına gələrək şikayət edirlər ki, bir quduzlaşmış erməni dəstəsi Göyçə mahalında azərbaycanlılara göz verib işıq vermir. Bu sözlərdən qəzəblənən Bala Məşədi göyçəlilərdən bir qədər möhlət istəyir və bir həftə sonra Göyçəyə gedərək həmin erməni dəstəsinin üzvlərinin başlarını kəsib dəsmala bükülmüş vəziyyətdə Gəncəyə gətirir.
Bala Məşədi həmçinin 1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı gizli fəaliyyət göstərən “Difai” təşkilatının fəal üzvlərindən biri kimi, təşkilata maddi dəstək göstərmiş, özü gizli şəkildə bəzi əməliyyatlarda iştirak etmişdir. Gəncə ağsaqqallarının söylədiyinə görə, bir gün Bala Məşədi məlumat alır ki, “Poqos” adlı bir nəfər erməni Xankəndində ermənilərin topladığı pulu Tiflis şəhərinə-qubernatora rüşvət aparır ki, Xankəndinin erməniləşdirilməsini rəsmiləşdirsinlər. Bunu eşidən Bala Məşədi təkbaşına Gəncə şəhərinin yaxınlığında (indiki Nizami Gəncəvinin məqbərəsi ətrafında) həmin erməninin qarşısını kəsərək, onu güllə ilə vurub öldürür. Sonra onun rüşvət kimi apardığı pulları götürüb, üzərinə də bir qədər pul əlavə edir və silah almaq üçün qaçaq Dəli Alıya verir. Sonralar Gəncə şəhərində təşkil olunmuş dəstə məhz bu silahlarla silahlandırılır. Həmin dəstə o zaman ermənilərin Gəncəyə basqınının qarşısını alır və “Hacı Məlik” düzündə 2000-ə yaxın erməni öldürülür.
Nargin adasında güllələnən iki qardaş
Ötən əsrin əvvəllərində Türkiyədə quraqlıq və aclıq olan zaman Bala Məşədiÿqardaş Türkiyə Cümhuriyyətinə öz təsərrüfatından bir neçə vaqon buğda-taxıl göndərmişdir. Dəqiq məlumatlara görə, Mustafa Kamal Atatürk Bala Məşədinin bu hərəkətinə görə ona təşəkkür məktubu ünvanlamışdır. Lakin Sovet hakimiyyəti qurulan zaman onun qohumları ehtiyat edərək Bala Məşədinin Atatürklə çəkdirdiyi şəkillərini, sənədlərini yandırmışlar. Yalnız üç il əvvəl, o dövrün Gəncə ziyalıları barədə kitabla əlaqədar material toplanan zaman arxivdən Bala Məşədi, Fətəli xan Xoyski, Əhməd Cavad, Pişnamazzadə qardaşları, Sarı Ələkbər, Dəli Alı, Mirzə Abbas Abbaszadə və digər şəxslərin bir yerdə çəkdirdikləri şəkli tapılmışdır.
Azərbaycanda ilk Demokratik Respublika qurularkən Bala Məşədi könüllü olaraq evlərindən birini istifadə etmək üçün Müsavat hökumətinə hədiyyə vermişdir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə başlanan repressiyalara Hacı Əli Qasımov, Bala Məşədi və onların ailələri də məruz qalırlar. Onların var-dövlətləri hökumət və digər qüvvələr tərəfindən talan edilir və müsadirə olunur. Sovet hakimiyyəti qurularkən bir çoxları Bala Məşədi və qardaşı Hacı Əli Qasımova Türkiyəyə köçməyi təklif etmişlər. Lakin Bala Məşədi və qardaşı Hacı Əli Qasımov ailəsini, vətəni buraxıb heç yerə getməyəcəklərini bildirmişlər.
Nəhayət, 1934-cü ildə Bala Məşədini ailəsi ilə birlikdə Qazaxıstana sürgün edirlər.
1937-ci ildə Bala Məşədi sürgündən geri qayıtmış, lakin qısa bir müddətdən sonra yenidən qardaşı Hacı Əli Qasımov ilə birlikdə həbs edilmişdir. 1937-ci il oktyabr ayının 29-da Bala Məşədini 67 yaşında, qardaşı Hacı Əlini isə 81 yaşında Nargin adasında güllələmişlər.
Bala Məşədinin 9 qızı və Aral adlı bir oğlu olmuşdur. Təəssüf ki, oğlu uşaq ikən vəfat etmişdir. Hal-hazırda Bala Məşədinin 3 qızı Gəncə şəhərində yaşayır. Böyük fədainin Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində 80-ə yaxın nəvə, nəticə və kötükcəsi var ki, onların da böyük əksəriyyəti ziyalı şəxslərdir.

Vüqar Həsənbəyli

Oxucuların diqqətinə:
“Azadlıq”ın araşdırma qrupu bu layihə üzrə yazıları ciddi diqqətlə hazırlayır və oxucuların bu araşdırmalara sıradan yazılar kimi baxmamasına ciddi önəm verir. Təəssüf ki, konkret olaraq bu yazı ilə bağlı çox ciddi anlaşılmazlıq baş verib və haqlı narazılıq doğurub.
Məsələ burasındadır ki, bu layihə üzrə yazıların böyük əksəriyyətini bizim müəlliflər hazırlayır. Amma bəzən, – qeyd edək ki, bu, çox az hallarda olur – biz, “Azadlıq”la daimi əməkdaşlıq eden müəlliflərin bu proyekt üçün hazırladığı yazıları da təbii ki, layihə şərtlərinə uyğun qonorarla qəbul edirik. Bu yazı bizim bir neçə ildir ki, əməkdaşlıq etdiyimiz həmin müəlliflərdən birinin təqdim etdiyi yazıdır. Rəhbərlik, heç bir şübhə etmədən, ənənəvi qaydada bu yazını qəbul və dərc edib. Situasiya bu qədər sadədir. Amma “Azadlıq” qəzetini belə arzuolunmaz şəraitlə üz-üzə qoyduğu üçün həmin müəllifə çox sərt mövqe bildirilib, onunla əməkdaşlığımızın başa çatdığı onun özünə elan edilib.
Baş vermiş anlaşılmazlığa görə “Azadlıq” qəzetinin rəhbərliyi bu yazının müəllifi Vüqar Həsənbəylidən üzr istəyir və onun bu yazı üzərində təbii müəlliflik haqqını təsdiq edir.