İki müstəqil laboratoriya Navalnının Noviçokdan zəhərləndiyini ‘təsdiqləyir’

Almaniyalı ekspertlər 44 yaşlı antikorrupsiya fəalı və Rusiya müxalifət liderinin Noviçok qrupundan hərbi dərəcəli sinir qazıyla zəhərləndiyini bildirib. Bundan sonra beynəlxalq ictimaiyyət Rusiyanı məsələni dərhal araşdırmağa çağırıb

Almaniya bildirir ki, Fransa və İsveçdə iki müstəqil laboratoriya Kremlin tənqidçisi Aleksey Navalnının Noviçok qrupundan sinir qazıyla zəhərləndiyini təsdiqləyib.

“Artıq üç laboratoriya cənab Navalnının Noviçok qrupundan sinir qazıyla zəhərlənməsinə müstəqil şəkildə dəlil təqdim edib. Rusiyanı bir daha baş verənləri izah etməyə çağırırıq. Gələcək addımlarla bağlı avropalı tərəfdaşlarımızla sıx ünsiyyət saxlayırıq”, – Almaniya hökuməti sentyabrın 14-də bildirib.

Navalnı avqustun 20-də Rusiyada təyyarədə özünü pis hiss edib, bir neçə gün sonra həyat yoldaşının xahişilə Almaniyaya aparılıb.

Almaniyalı ekspertlər 44 yaşlı antikorrupsiya fəalı və Rusiya müxalifət liderinin Noviçok qrupundan hərbi dərəcəli sinir qazıyla zəhərləndiyini bildirib. Bundan sonra beynəlxalq ictimaiyyət Rusiyanı məsələni dərhal araşdırmağa çağırıb.

Rusiya hakimiyyəti isə cinayət işi açmaqdan imtina edib, zəhərlənməyə dəlil tapılmadığını bildirir.

ABŞ Dövlət katibi Mayk Pompeo sentyabrın 9-da müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə Moskvadakı yüksək rütbəli zabitlərin sifariş verməsinə güclü ehtimal olduğunu söyləyib.

Navalnının komandası, qohumları və digərləri zəhərlənmənin arxasında Rusiya hakimiyyətinin dayandığına inanır. Kreml isə iddiaları qətiyyətlə təkzib edir.

Azadlıq radiosu