mtn-emeliyyat2

Hakimiyyətin “terror qorxusu”

mtn-emeliyyat2Rəsmi Bakı təşviş içində; hüquq-mühafizə orqanları bir nömrəli hazırlıq vəziyyətinə gətirilib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hərbi hospitalının açılışında Ilham Əliyevin Azərbaycan qarşı edilən təxribat cəhdlərinin artmasını söyləməsi təsadüfi deyil. “Azadlıq”a daxil olan məlumatlara görə, Ilham Əliyevin bu fikri hakimiyyətin indiki dönəmdə ciddi narahatçılığından irəli gəlir. Həm Məhərrəmlik ayının yaxınlaşması, həm Naxçıvanda üsyana çağırış vərəqələrinin yayılması, həm də şimalda “Sadval”ın yenidən hərəkətə keçməsi Azərbaycan hakimiyyətini təşvişə salıb. Məlumatlarda deyilir ki, hakimiyyət daha çox şimaldan gözlənilən təhlükədən narahatdır. Indiki vaxtda Rusiyanın Azərbaycandakı səfirinin şimal bölgəsinə səfəri də hakimiyyəti belə bir təhlükənin real olmasına inandırırıb.
Bildirilir ki, əslində Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Bakıya dəvət edilməsi də bu məsələ ilə əlaqədardır. Çünki adətən şimalda baş verənlər əsasən Çeçenistan və Dağıstan respublikalarından qaynaqlanır. Məlumatlarda iddia edilir ki, Ramzan Kadırovun Bakıya dəvət edilməsində Qafqaz Müsəlmanları Idarəsinin (QMI) rəhbəri bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin nüfuzundan istifadə edilib. Məlumat üçün deyək ki, QMI sədri Çeçenistanda və Şimali Qafqazda yerləşən digər respublikalarda böyük nüfuza malikdir. Məlumatlara görə, hakimiyyət onun vasitəsilə Şimali Qafqazın digər respublikalarının rəhbərlərini də Bakıya dəvət edib şimaldan gözlənilən təhlükəni müzakirə etmək və problemi onların yardımı ilə yoluna qoymaq niyyətindədir.
Bundan başqa hakimiyyət Məhərrəmlik ayı ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görüb. Hüquq-mühafizə orqanları bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Bir neçə gün əvvəl Təhsil Nazirliyinin polislər tərəfindən mühasirəyə alınması, dindarların burada aksiya keçirəcəyi ilə bağlı əməliyyat məlumatlarının olması barədə deyilənlər də bunu təsdiq edir.
Hakimiyyət düşünür ki, indiki vaxtda hansısa qüvvələr Azərbaycanda terror-təxribat aktları törədə bilər. Iqtidarın belə düşünməsinin nə dərəcədə əsaslı olduğu bizə bəlli deyil. Amma fakt odur ki, Ilham Əliyev də bu narahatçılığı yazının əvvəlində qeyd edilən formada etiraf edib.

Namiq