
AXCP-nin İqtisadi Siyasət komitəsinin sədri Nemət Əliyev
Bu ilin may ayında 4 min 294 nəfər, iyun ayında 6 min 203 nəfər həyatını itirib. Əhali arasında ölüm sayı bir aya 1 min 909 nəfər və ya 44,5 faiz çoxalıb (Mənbə: DSK). Tükürpədici faktdır. İyun ayında insan ölümü o dərəcədə ayaq açıb ki, hətta cari ilin 1-ci yarımilinin orta aylıq göstəricisini 20 faiz, ötən ilin orta aylıq göstəricisini isə 30 faiz üstələyib. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumatlardan isə aydın olur ki, koronavirus səbəbindən iyun ayında cəmi 152 nəfər dünyasını dəyişib. Deməli, ölkədə ölüm hallarının artmasının 92 faizdən çoxu koronavirusla deyil, başqa səbəblərlə əlaqədardır. Açıqlanan rəsmi məlumatların təhlili belə qənaətə gəlməyə əsas verir.
Müqayisə üçün deyim ki, cari ilin 1-ci yarımili ərzində Rusiyada ölənlərin ən yüksək faiz artımı may ayına təsadüf etməklə 16,6% təşkil edib (iyunda bu ölkədə vəziyyət yaxşılaşıb). Bizdə isə dünyasını dəyişənlər 44,5 faiz çoxalıb. Özünüz müqayisə edin: 16,7 faiz artım hara, 44,5 faiz artım hara? Aradakı fərqin böyüklüyünə diqqət edirsinizmi?
Əhali arasında ölüm hallarının kəskin şəkildə artması təsadüflərin ayağına yazıla bilməz. Çünki sərt karantin şəraitində yaşayıb əhali. Hökumətin verdiyini yeyib, vermədiyini də yeməyib. Hətta xəstə, xəstəliyə meyilli insanlar icazəsiz təmiz hava udmağa da ayaqlarını bayıra basmayıblar ki, yüksək məbləğdə cərimələnə, polis zorakılığı ilə üz-üzə gələ bilərlər. Bir sözlə, əhali “COVİD-19”-la mübarizə tədbirləri çərçivəsində dövlət başçısı İlham Əliyev başda olmaqla Nazirlər Kabinetinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalarla, şərtlərlə oturub-durub. Xəstəxanalar da, həkim pesonalı da, təcili tibbi yardım komandası da bütün imkanlarıyla ali rəhbərliyin əmrinə hazır vəziyyətdə durublar. Belə olan şəraitdə ölüm hallarının 44,5 faiz çoxalmasının səbəblərini təsadüflərdə deyil, şüurlu fəaliyyətdə axtarmaq daha məntiqlidir. Vaxtlı-vaxtında və keyfiyyətli müayinə və müalicə ala bilməməkdən tutmuş dərman, vitamin və qida çatışmazlığına qədər çox səbəblər üzərində düşünmək olar. İlk baxışdan belə təəssürat yaranır ki, koronavirusla mübarizə istiqamətində səfərbərlik həyata keçirilsə də, digər xəstəliklərlə mübarizə cəbhəsi sanki boş buraxılıb… Hər bir halda ölkənin Səhiyyə Nazirliyi, Nazirlər Kabineti (Operativ Qərargah) iyunda yaşanan tükürpədici vəziyyətin gerçək səbəbləri üzərinə aydınlıq gətirməli, izahat verməlidir.