
Aleksei Navalny-nin hazırda reanimasiyada komada olduğu bildirilir. Sözçüsü Kira Yarmysh tvitində yazıb ki, “o, süni nəfəs aparatına qoşulub. Hazırda ağır vəziyyətdə komadadır. Hələlik, testin nəticələri bəlli deyil”.
Navalny-nin fondunun hüquq departamentinin rəhbəri Vyacheslav Gimadi isə Twitter-də yazıb:
“Navalny-nin siyasi mövqeyi və fəaliyyətinə görə zəhərlənməsinə şübhə yoxdur”.
Onun sözlərinə görə, Navalny-nin vəkilləri sui-qəsd cəhdi üzrə cinayət işi açılmasını istəyirlər.
***
Kremlin tənqidçini Aleksei Navalny Omskda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun zəhərlənməsindən şübhələnirlər, sözçüsü Kira Yarmysh deyib.
Navalny Moskvadan Tomska uçarkən özünü pis hiss edib. Təyyarə Omskda təcili eniş edib və siyasətçi xəstəxanaya aparılıb. Yarmysh Twitter-də yazıb ki, Navalny-nin huşu özündə deyil.
Aleksei-in çayına nəsə qarışdırılaraq zəhərləndiyini güman edirik. O, səhər yalnız çay içib. Həkimlər zəhərin isti maye ilə daha sürətlə yayıldığını deyirlər”, – Yarmysh vurğulayıb.
Onun sözlərinə görə, Navalny bir il qabaq təcridxanada olanda da zəhərlənmişdi.
“Görünür, onun başına eyni şeyi gətiriblər”, – o deyib.
Omskdakı 1 saylı Təcili Yardım Xəstəxanasının baş həkimi Aleksandr Murakhovsky Navalny-nin vəziyyətinin “ağır” olduğunu deyib. Məlumatı TASS xəbər agentliyi yayıb.
Prezident Vladimir Putinin qatı tənqidçisi olan Navalny Rusiyada kök salmış korrupsiyanı ifşa edirdi.
44 yaşlı Navalny son illər dəfələrlə həbs olunub, prezident seçkisinə, Moskvada mer seçkilərinə buraxılmayıb. O, 2019-cu ilin yayında icazəsiz aksiyalara çağırdığı üçün 30 günlüyə həbs olunub. Həbsdə ikən üzü şişdiyi və səpdiyindən xəstəxanaya aparılıb. Müxalifətçi sonradan zəhərləndiyi iddia elədi.
Navalny-nin Anti-Korrupsiya Fondu 2011-ci ildə təsis olunub.
Azadlıq radiosu