Avropa dəyərləri olmayan ölkə Avropa inəyinə də baxa bilməz

Amma gülməyin, fikrimi izah edəcəyəm… “Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızı dövlətimizin xətti ilə Avropadan alınıb fermerlərə satılan inəklərin aqibəti barədə maraqlı bir araşdırma aparıb. Aşkarlanan faktlar yenə də üzücüdür. Onları qısaca sadalamalı olacağam:
1) Inəkləri xeyli baha qiymətə alıblar və alğı-satqının şəffaf həyata keçirildiyinə şübhə var.
2) Inəklər vəd edilən, yaxud da əvvəlki yerində göstərdiyi məhsuldarlığa sahib deyillər, onlar gözləniləndən 2-3 dəfə az süd verirlər.
3) Alınan heyvanların arasında ölüm halları çoxdur. Sığorta edilsələr də, fermerlər əksər hallarda sığorta pulunu ala bilmirlər…
4) Bəzi inəklər ancaq ziyana yeyir deyə, fermerlər onları kəsib ətliyə verməyə məcbur olublar.
Bir sözlə, layihə heç bir nəticə verməyib, dövlətin pulu xərclənib, fermerlər də yardım almaq, xeyir götürmək əvəzinə ziyana düşüblər. Dövlət rəsmiləri isə buna belə izah verirlər: hər şeyi doğru etmişik, sadəcə həmin inəklərə Avropadakı kimi qulluq edə bilmirlər. Hmm…
Bəs Kənd Təsərrüfatı Nazirliyi nə üçündür bu ölkədə? O nəyi təşkil etməlidir? Ölən inəklərimi saymalıdır?
Bəs onda niyə Əli Əhmədov iki gün öncə Avropanın və dünyanın böhrandan çıxa bilməməsinə gülüb, Azərbaycanın isə müdrik siyasətlə heç böhrana düşməməsindən və inkişafından danışırdı? Bu necə inkişaf və müdrik siyasətdir ki, yaxşı inəyi də Avropadan alır və amma ona qulluq da edə bilmir?!
Yarış atını Avropadan aldınız, ayağını sındırdınız. Inəkləri Avropadan aldınız, qulluq edə bilmədiniz… Maşını oradan alırsınız, ən keyfiyyətli malları oradan gətirirsiniz, “Kristal Holl”u avropalılara tikdirirsiniz, nefti avropalılara çıxartdırırsınız, müalicəyə ora gedirsiniz, amma Avropanı da bəyənmirsiniz…
Kiminsə kimisə bəyənməsinə ehtiyac yoxdur. Sadəcə bilməlisiniz ki, Avropa dəyərləri olmayan ölkədə adicə Avropa inəyinə də qulluq etmək mümkün deyil. Heç Şərq inəyinə də. Yəni yüksək göstəricidən əlinizi üzün. Çünki Avropa dəyərləri olmadan inkişaf, tərəqqi mümkün deyil, hansı sahədə nəsə olsa da, müvəqqəti, ötəri bir şey ola bilər. Adı Avropa dəyəri olsa da bunlar doğruları özündə birləşdirən bir bəşəri dəyər sistemidir, sadəcə Avropada özünün ən yüksək təşəkkülünü və tətbiqini tapdığı üçün bu ad altında ifadə edilir, onu Yaponiyadan da əxz etmək olar…
Baxın, hər yanda oğurluqdur, heç bir qurum öz vəzifəsini dürüst yerinə yetirmir, azad rəqabət olmadığı üçün peşəkarlıq da yoxa çıxır, korrupsiya marağı bütün başqa maraqları üstələyir, yalan, saxtakarlıq, hiylə və qanunsuzluq meydan sulayır. Burada nə inkişaf olacaq? Təbii ki, burada nə insana, nə də inəyə normal şərait yaratmaq mümkün olacaq. Bunun adı elə Avropa dəyəri olmayan ölkənin Avropa inəyinə baxa bilməməsidir.
Dissertasiya müdafiə etdikdən sonra kitab oxumayan alimlərimiz, özünün emosional natarazlığına yaradıcılıq ilhamı kimi baxan şair və yazıçılarımız, sənət adamlarımız tez-tez deyirlər: biz Avropa dəyərlərinin ancaq yaxşılarını götürməliyik…
Axı pis nə var orda? Avropa dəyərləri o deməkdir ki, özünün mütərəqqi adətlərindən keçəsən? Folklorunu unudasan? Ya saza, tara üz çevirəsən? Yaxud ailəni dağıdasan?
Avropa dəyərləri tələb edir ki, yalan, oğurluq, saxtakarlıq, qanunsuzluq olmasın. Dövlət xalqı əzməsin, əksinə, xalqa qulluq etsin. Insanlar yaxşı yaşasın. Heç kimin haqqı tapdanmasın.
Bunlar isə deyir ki, bizdə ağsaqqala hörmət var. Daha demirlər ki, Avropa dəyərləri nəinki ağsaqqala, hətta cavana, uşağa da hörmət tələb edir. O, ailənin əleyhinə deyil, yalançı, qan çanağı olan ailənin əleyhinədir. Avropada ailə dağılanda uşaqlar ortada ac-yalavac, təhsilsiz, baxımsız qalmır, iki düşmən tərəfin arasında böyümür. Halbuki bizim kimi ölkələrdə heç dağılmayan ailələrdə uşaqlara normal baxa bilmirlər. Nəinki inəyə…
Illərdir sevə-sevə təkrarladığım bir söz var – Avropa dəyərləri, azadlıqları bu ölkəyə gəlməsə, milli olan bir şey də qalmayacaq bizdə. Fakt budur ki, məhsul götürməyə normal inəyin də yoxdur (ən ibtidai nailiyyətdən məhrumsan). Damazlığı isə başqa yerdən gətirmək istəyirsən, o da belə olur…
Bu səbəbdən həmkarımın dəyərli araşdırmasının adı olan “Avropa inəklərinin Azərbaycan aqibəti” ifadəsi məndə “Avropa dəyərlərinin Azərbaycan aqibəti” kimi assosiasiya doğurdu.