“Guardian” internet azadlığı üzrə forumun Azərbaycanda keçirilməsini yanlış addım adlandırdı
“Burada jurnalistlərə və bloggerlərə hücumlar olur”
Dünyanın nüfuzlu nəşrlərindən olan “The Guardian” qəzeti bir neçə gün əvvəl Bakıda Internet azadlığı ilə bağlı keçirilən forum haqda məqalə dərc edib. Qəzet yazır ki, belə bir forumun Azərbaycanda keçirilməsi yanlış addım idi.
Müəllif mövqeyini əsaslandırmaq üçün 2007-ci ildə jurnalist Eynulla Fətullayevin hökuməti tənqid etdiyinə görə həbs olunmasını, 2011-ci ildə isə “facebook” vasitəsilə gəncləri ictimai etirazlara çağıran gənc fəal Elnur Məcidliyə qarşı təzyiqləri yada salır.
Məqalədə həmçinin Avropa Komissiyasının sözügedən tədbirdə iştirak etmiş vitse-prezidenti Neelie Kroesin Azərbaycandakı vəziyyəti tənqid edən fikirlərinə də yer verilib: “Neelie Kroes mediaya olan təzyiqlərə, repressiv məhdudiyyələrə görə Azərbaycan hökumətini tənqid edib. O, bu cür təzyiqlərin yolverilməz olduğunu söyləyib”.
Qəzet daha sonra Bakıda bu ilin mayında keçirilmiş “Eurovision” musiqi yarışması ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyətinə dair səslənən narahatlıq dolu bəyanatlardan bəhs edir.
“Eurovision” ərəfəsində müsabiqənin təşkilatçıları da təsdiq etmişdilər ki, bu ölkədə insan hüquq və azadlıqları qorunmur. Təəssüflər olsun ki, insan haqları sahəsində bu günə kimi əhəmiyyətli bir dəyişiklik olmayıb”, – deyə müəllif vurğulayır.
“The Guardian”da o da qeyd olunur ki, Avropa Komissiyası və Avropa Birliyinə üzv ölkələr bundan sonra Ilham Əliyev rejiminə qarşı daha konkret addımlar atmalıdır: “Yəqin ki, insan hüquq və azadlıqlarının qorunması şübhə altında olan ölkədə belə bir beynəlxalq forumun keçirilməsi BMT-nin bu qəbildən olan sonuncu yanlış addımı olacaq”.