Orta əsrlər iqtisadiyyatı

AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev

Dövlət başçısı İlham Əliyev dünən videoformatda keçirdiyi müşavirədə bildirib ki, dövlət şirkətləri sosializm modelində işləyir və bu dözülməzdir… Belə çıxır ki, dövlət şirkətləri 25-30 il geriyə düşüb. Bəs kimdir bunun səbəbkarı? Axı necə olub ki, Heydər Əliyev və İlham Əliyevin siyasi və iqtisadi kursunu əllərində rəhbər tutan dövlət şirkətləri bazar iqtisadiyyatı prinsiplərindən sapınıb, 25-30 il geridə qalıb?

Belə yerdə mütləq nəzərə almaq lazımdır ki, son illərdə ölkənin sayılıb-seçilən siyasətçiləri, mütəxəssisləri, həmçinin vətəndaş cəmiyyətinin cəsarətli nümayəndələri tərəfindən ARDNŞ, Azərenerji, Azərişıq, Azal, Azərbaycan Dəmir Yolları, Azərsu, Metropoliten və digər dövlət şirkətlərinin yarıtmaz fəaliyyəti haqqında, habelə bu şirkətlərin cərimə batalyonu kimi millətin boğazına çökmələrinə dair dəfələrlə həyəcan təbili çalınıb. İctimaiyyətin fəal kəsimi tərəfindən dövlət şirkətlərinin səmərəsiz idarə olunması, xərclərin, itki faizlərinin süni şəkildə şişirdilməsi (korrupsiya) və sairə kimi problemlər ən aktual məsələlər kimi gündəmə daşınıb və həlli tələb olunub. Amma eşidilməyib. Çox ciddi olan bu çağırışların, demək olar ki, hamısı gözardı edilib. Elə isə bütün bu olub-keçənlərdən sonra Ali İcra Hakimiyyəti Orqanının başçısı kimi İlham Əliyevin müşavirədəki açıqlamasına nə ad vermək olar? Doğrudanmı, dövlət şirkətlərində yaşananlardan xəbərdar ola bilməkdən ötrü ölkəyə mütləq “COVİD-19” pandemiyası ayaq açmalı, neftin qiymətləri kəskin ucuzlaşmalı, gəlirlər təsirli dərəcədə azalmalı idi?

Açığı, dövlət şirkətlərindəki idarəetmə modeli heç sosializm modelinə də oxşamır. Çünki sosializm modelində gəlirlər ümumi “katyola” yığılar, sonra bölgü aparılardı, gəlirlər və xərclər üzərində çox ciddi nəzarət mexanizmi işləyərdi. İndiki halda isə dövlət adına fəaliyyət göstərən şirkətlər dövlət büdcəsinə (ümumi katyola) xeyir vermədikləri halda həm büdcə vəsaitlərinin, həm də şirkət gəlirlərinin axırına çıxıblar. Sosializm modelində belə hal olsaydı, tək şirkət rəhbərini deyil, hətta onun yeddi arxa dönənini axtarıb tapar, üzə çıxarar, sorğu-sual edər, araşdırar, cəzası kəsilərdi. Bizdəki dövlət şirkət rəhbərləri isə yarıtmaz fəaliyyət göstərdikləri halda orden-medallarla təltif olunublar. Odur ki, hazırkı dövlət şirkətlərinin fəaliyyət prinsipləri heç kapitalizm modelinə də yaxın gəlmir. Bununla belə, dağınıqlıq və özbaşınalığın miqyaslı olması, nəzarətsizlik baxımından hazırkı modeli orta əsr feodal modelinə daha çox bənzətmək olar.