Mənim ölkəmdə belə şey ola bilməz…

Bunu Avropa Komissiyasının vitse-prezidenti Nelli Kroes mətbuat konfransında deyib. Söhbət ondan gedir ki, Ilham Əliyev Nelli xanımı aldadıb…
Bir avropalının bu heyrəti mənə çox təbii görünür. Adam inana bilmir ki, öz ölkəsinin vətəndaşlarının nəfəs alma, yuxu görmə, necə düşünmə iznini belə öz əlində cəmləyən bir dövlət başçısının “həri” verib, arxadan bunun icrasını əngəlləməsi nə deməkdi. Əgər hər şeyin ixtiyarı sənin əlindəsə və sən bir şeyə razılıq vermisənsə, bunu kim əngəlləyə bilər? Əgər əngəlləyə biləcək biri varsa, yəni buna səlahiyyəti çatan biri, onda necə izn verə bilərsən? Yox, elə biri yoxsa, onda niyə bu görüş baş tutmur? Deməli, bu görüşü sən əngəlləmisən, “hə” deyib, ardınca “cəhənnəm olsun” söyləmisən. Bu, hətta kişi saymadığınız Avropaya çatmır…
Ama Nelli xanım, siz nə bilirsiz ki? Siz nə görmüsüz ki? Adi bir sözündənqaçma sizi təəccübləndirir və “mənim ölkəmdə belə şey ola bilməz” deyirsiz. Axı sizin ölkənizdə nə bizdəki kimi ola bilər ki? Indi bir anlıq xəyalınıza gətirin ki, siz Avropadan gəlib Azərbaycana sığınmış, tam vətəndaşlıq almış birisiniz.
Hər addımda burda sadalamaqla bitib-tükənməyəcək elə şeylər görəcəksiniz ki, tükləriniz biz-biz duracaq! Hər gün bir az daha dəliliyə doğru getdiyinizi anlayacaqsınız. Hər gün efirdən dövlət başçısı və onun daxili-xarici siyasətinin elə şit və iyrənc mədhini seyr edəcəksiniz ki, ağzınız açıla qalacaq. Hər gün Avropanın dağıldığını, aclıq, səfalət içində can verdiyini düşünüb çıxıb gəldiyiniz yerin Avropa olduğuna şübhəylə yanaşacaqsınız. Deyəcəksiniz ki, yox, deyəsən mən gəldiyim məkanın adı Avropa deyilmiş, məni uşaqlıqdan aldadıblar. Bu xəbərlər yerli bir azərbaycanlı üçün heç nə ifadə eləmir, ama siz, Avropadan gələn biri heyrətə düşəcək və ümumiyyətlə, mövcudluğunuzu şübhəylə qarşılayacaq və psixi travmalar almaqda davam edəcəksiniz.
Siz hər gün atanın arvadını və qızını, oğulun atanı, bacının bacısını baltayla doğradığını eşidəcəksiniz. Hər gün intihar xəbərləri alacaqsınız və mədh edilən analoqsuz inkişaf ölkəsində bunların nədən törədiyini düşünəcəksiniz. Lakin rəsmi mənbələrin belə rəyini eşidəcəksiniz: “Şəxsin psixi pozğunluğu varmış”. Və hər gün ildırım sürətilə artan intiharlara verilən psixi pozğunluq rəyindən anlayacaqsınız ki… gəlib dəlixanaya düşmüşünüz… Yəni bir ölkə başdan-başa psixlərdən ibarət ola bilərmi?
O zaman siz hayqırmaq, qışqırmaq, başınıza dostlarınızı, yaxınlarınızı yığıb insanların kütləvi şəkildə dəli edilməsinə qarşı aksiya təşkil etmək, etirazınızı bildirmək istəyəcəksiniz. Düşünəcəksiniz ki, bu ölkənin Konstitusiyasının 49-cu maddəsinə əsasən sizin sərbəst toplaşmaq azadlığınız var. Ama sizi sübh tezdən evinizdən, avtobusdan götürüb saxlayacaq, məhkəməyə çıxaracaq və minimum əməkhaqqı 93 manat 50 qəpik olan ölkədə yeni qanuna əsasən, razılaşdırılmamış aksiyalara görə, iştirakçısınızsa 500 manatdan 1000 manatadək, vəzifəli şəxssinizsə 3000 manatdan 6000 manatadək, hüquqi şəxssinizsə 15 min manatdan 30 min manatadək cərimə ediləcək və sadəcə bir kəlmə deyə biləcəksiniz: “Mənim ölkəmdə belə şey ola bilməz…”.
Yox, hər yerdə belə ola bilər. Hər yerdə hansısa hakimiyyət diktaturaya, insan haqlarının pozulmasına can ata bilər. Insan təbiəti bu. Ama sizin ölkədə vətəndaşlar dözməz buna, vətəndaşlar imkan verməz buna. Çünki onlar belə düşünür: “Mənim ölkəmdə belə şey ola bilməz…”. Biz isə sizin ağzınızı güdürük…
Sizin ölkənizdə belə şey ola bilməz, bəli, ama bizim ölkədə bu, həyat tərzidir. Baxın, baxın, bu ölkədə yaşayanlar, düşünə bilənlər, azadlıq istəyənlər, özünü insan kimi təsəvvür edənlər nə çəkir. Bunları qara kürü sevən həmvətənlərinizə də deyin. Onlara yediklərinin qara kürü deyil, irin-qan olduğunu deyin. Biz də nuş olsun deyirik…