Dünən haradasa bir xəbər oxudum: Gülər Əhmədova “Mərkəz” qəzetinə redaktor tapa bilmir. Vaxt vardı ora can atanlar bir-biri ilə yarışa girirdilər. Xəbərin yalnız başlığına baxdım və içini oxumaq əvəzinə, onun davamını düşündüm. Mən əminəm, tezliklə elə bir gün gələcək ki, məsələn, YAP-ın siyahısı ilə deputatlığa namizəd olmağa da adam tapmayacaqlar. Kütləvi şəkildə partiyanı tərk edəcəklər, öz üzvləri onu günahlandıracaq, lənətləyəcəklər. Inanmırsınız?
Bu illərdə azərbaycanlılar doğma ölkəsini də qoyub qaçırdılar, bəs elə bilirsiniz YAP-ı qoyub qaçmazlar? YAP vətəndən artıqdır? Ya YAP-dakılar düzlüyünə və əqidəsinə görə zillətə düçar olub ölkəni tərk etməyə məcbur olanlardan artıqdır? YAP-ı sevdirən onun mənfəət vermək gücüdür. Fəqət perspektivsizliyini daha çox adam gördükcə, onun gələcəyi boşluğa çevriləcək. Vaxtında oranı tərk etməyə çalışacaqlar. Kiməsə sirr deyil, bu partiyanın yağlı keçmişi olub, pullu indisi də var, gələcəyi isə yoxdur. Artıq dağ da yerindən oynayıb, tariximizə dağlar çəkən bu qurum istədi, ya istəmədi, eniş xəttinə yaxınlaşıb…
Gəlin bir az keçmişə qayıdaq. Vaxtilə Sirus Təbrizli bu partiyanı tərk etdi. O zaman gəlhagəlli günlər idi. Əksəriyyətin karyera üçün o qapıda növbəyə durduğu vaxtlar idi. Sirus Təbrizli isə… Prezidentin hakim partiyada müavini idi, YAP-ı yaradanlardan idi, ailə qarşısında xidmətləri böyük idi. Qalmağa ona heç nə mane olmurdu. Amma getdi. Hətta bu, riskli olduğu halda…
Məncə, Sirus Təbrizli sadəcə YAP-ın nəyə çevrildiyini görüb, dəhşətə gəlib, oranı təcili tərk etdi. Qəzəbini də gizlətmədi. Amma bir az da manevrlə, bir az da gələcəyə mesajla. Bəlkə konkret səbəblər də vardı, amma bütün hallarda YAP-ın tarixdə qalacağı yeri düşünəndə Sirus Təbrizli gələcəyə bu partiya ilə getmək istəmədi. Ondan qurtulmaq üçün vaxtilə adını qoyduğu bu partiyaya yeni bir ad da qoydu (Simasız Quldurlar Partiyası) və oranı tərk etdi.
Həmin vaxtlar YAP-ın çiçəyi çırtlayırdı. YAP-dan qurtulmaq heç kimin ağlına gəlmirdi, onu ilk yaradanlardan birinin isə ağlına gəlmişdi. Bu, fərdi bir seçim idi, amma bənzər addımların bir ictimai prosesə çevriləcəyi şübhəsiz idi. Həmin proses ağır getdi. Neft pulları öz işini görürdü. Pul, qazanc isə YAP-ı cazibədar edirdi. Pul isə çox idi. Yenə də çoxdur. Lakin qəfildən dünya dəyişməyə başladı, ərəb inqilabları insanları gələcəyə başqa cür baxmağa da məcbur etdi. Davamı ilə YAP hakimiyyətinə, onun prezidentinə münasibət dəyişməyə başladı hər yanda…
Ziyalıların narazı tonla ortaya çıxması isə YAP-ı tərk etmək arzularını ictimai prosesə çevirdi. Düzdür, YAP-çılar deyil onlar. Lakin onlar da bu partiyanın hakimiyyəti ətrafında dayanmışdılar. Rüstəm Ibrahimbəyov, Əkrəm Əylisli… Bulaşmayanlar, qarışmayanlar belə öz susqunluğa ilə YAP-ın ətrafına çevrilmişdilər. YAP-ın bu cür ətrafı onu əksər üzvlərindən daha güclü göstərir gerçəkdə. Bir susqun ziyalı yüz YAP-çıdan daha çox gücləndirir bu partiyanı.
Amma gördünüz ki, ətraf qopmağa başladı…
Gültəkin Hacıbəyli addımları üzərində ayrıca danışmaq lazımdır. Bir daha xatırlayaq ki, YAP-ın ətrafı doğrudan da genişdir: bitərəf kimi görünməyə çalışan ziyalılar, müstəqil adı ilə seçilən deputatlar, cib müxalifəti və s. Gültəkin Hacıbəyli çıxdaş edildikdə, bu xanımın çəkilib bir yanda oturacağını düşünürdülər. Amma o hətta YAP-ın qəbul etmədiyi proseslərə də qatıldı. Əslində YAP-a qarşı çıxmış oldu. Açıq şəkildə. Qətiyyən çəkinmədi. Əvvəllər isə belə olmurdu…
Abbas Abbasovu götürək. Hakim ailənin qəbul etmədiyi bir prosesə qatıla bildi. Çəkinmədi.
Namiq Abbasovu götürək, pensiya adı ilə çıxıb getdi bunlardan.
Bu arada sıravi üzv olan bir müəllim nümayişkarlıqla YAP-ı tərk etdi və bunu Gülər Əhmədovaya görə etdiyini söylədi. Amma nə vaxt bir nəfərə görə partiyanı tərk edirlər? Həmin müəllim YAP-dan YAP-a görə gedirdi. Son dövrlərdə müxtəlif bölgələrdən sıravi YAP-çıların narazılıqları, etirazları daha çox eşidilməkdədir. Onlar da YAP-dan gedənlərdir əslində.
Sözün qısası, bir gün eşidəcəksiniz ki, hansısa özək, yaxud rayon təşkilatı özünü buraxıb, yaxud da Gülər Əhmədova kimi hansısa quruma rəhbər tapa bilmirlər…

Bir gün eşidəcəksiz ki…
•