Rusiya «Sadval»ı hərəkətə gətirdi

Azərbaycana şimaldan təhlükə

Ötən əsrin 90-cı illərində Azərbaycanda Bakı metrosunda terror aktı törətməkdə, erməni xüsusi xidmət orqanlarına əməkdaşlıq etməkdə günahlandırılan “Sadval” separatçı-terrorçu hərəkatı yenidən bərpa olunub. Təşkilat sentyabr ayında Mahaç éqalada təsis edilsə də, Rusiya mətbuatında bu barədə məlumat oktyabr ayında yayılıb və “Kavkazskaya politika” saytı “Sadval” hərəkatının bərpası ilə bağlı  material dərc edib.
Təşkilatın bərpası daha çox Rusiyanın Azərbaycana təzyiqi kimi qələmə verilir. Saytın yazdığına görə, “Sadval”ın bərpası ilə rəsmi Bakının ən dəhşətli gecə yuxularından biri gerçəkləşir. Bu hərəkatın keçmiş fəallarından Nazim Hacıyev “Sadval”ın sədri seçilib. Sayta müsahibəsində N.Hacıyev bildirir ki, “Sadval”ın əsas məqsədi ləzgiləri birləşdirməkdir: “Ləzgilər Rusiyada və Azərbaycanda yaşayan başqa xalqlarla eyni hüquqlara sahib olmalıdır”.
N.Hacıyevin sözlərinə görə, xüsusən də Azərbaycanda ləzgilərin və ləzgidilli xalqların hüquqlarını müdafiə edəcəklər, onların digər xalqlarla eyni hüquqları olmasına çalışacaqlar: “Biz burada Dağıstanda qardaş xalqlarıq. Dağıstan hökuməti insanların həyatını yaxşılaşdırmaq üçün nəsə etməyə çalışır, ancaq həmişə buna müvəffəq olmur. Bizdə gənc rəhbərlik var, lakin Azərbaycanla anlaşmaq onların gücündə deyil”. N.Hacıyev daha sonra Azərbaycanda “ləzgilərin hüquqlarının pozulmasından” danışıb, ləzgi dilində məktəblərin, radio və televiziyanın olmadığını bildirib və ləzgilərin assimilyasiyaya məruz qaldığını iddia edib.
Rusiyadakı Federal ləzgi milli-muxtariyyətinin prezidenti Arif Kərimov da sayta açıqlamasında “Sadval”ın bərpasını alqışladığını deyib. Onun fikrincə, ləzgi xalqının problemini Rusiya hakimiyyəti ilə əməkdaşlıq şəraitində həll etmək lazımdır. O hesab edir ki, “Azərbaycanda ”Sadval”ın bərpasına reaksiya mənfi olacaq. Hücumlar, onun üzvlərinə qarşı ittihamlar başlayacaq, onları Rusiya, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edəcəklər”.
Bu açıqlamalardan da “Sadval”ın bərpasının Rusiyanın planı olduğunu və Azərbaycan üçün problem yarada biləcəyini ehtimal etmək olar. Qeyd edək ki, iki gün əvvəl ölkə başçısı Ilham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında Azərbaycana qarşı təxribat cəhdlərinin artdığını deyib. Bu təşkilatın yaradılması Azərbaycana hansı problemlər yarada bilər və rəsmi Bakının bununla bağlı hansı addımlar atması vacibdir?
Politoloq Vəfa Quluzadə “Sadval” adlı təşkilatın olmadığını və onun Rusiya xüsusi xidmət orqanlarının yaradaraq Azərbaycanın əleyhinə işlədildiyini bildirdi: “Bakıda metronu partladan guya ”Sadval” idi. Sonra dedilər ki, “Sadval”ın izi gedib çıxır ermənilərə. Rusiya hər hansı təşkilatın adı ilə Azərbaycanda terror aktı həyata keçirmək istəsə, bunu edəcək. Ancaq bu vaxta qədər baş verən terror aktlarının Azərbaycanın siyasi oriyentasiyasını dəyişə bilməyib və bu yolla Rusiya heç nəyə nail ola bilməyəcək. Azərbaycanın xüsusi xidmət orqanları fəaliyyətlərini gücləndirməli və baş verə biləcək təhlükələrin qarşısını almalıdır. Bu işdə əhali də onlara kömək etməlidir”.
Ekspertin sözlərinə görə, Rusiya bu yolla Azərbaycana hədə-qorxu gəlir, şantaj edir. Çünki Moskva Azərbaycanda və Gürcüstanda, həmçinin Mərkəzi Asiyada Rusiyayönlü bir hakimiyyət qurmaq istəyir. Rusiya rəhbərliyi Sovet Ittifaqının bərpası ideyalarını səsləndirir. Rusiya hakimiyyəti bu məsələdə radikal millətçi qruplarla da həmrəydir. Ona görə Azərbaycan özü öz təhlükəsizliyini qorumalıdır və bu məsələlərdə öz dostları ilə, Türkiyə ilə yaxından əməkdaşlıq etməlidir, onlardan da kömək istəməlidir. Ekspert hesab edir ki, Azərbaycanda stabillikdə burda investisiyaları olan ölkələr, ABŞ, Avropa Birliyi də maraqlıdır: “Ümid edirəm, bu təhlükənin qarşısında birgə səylərlə mübarizə aparıb onun qarşısını alacağıq”.
Parlamentin Təhlükəsizlikÿvə Müdafiəÿ Komitəsinin üzvüÿ Zahid Oruc “Sadval” təşkilatının Azərbaycanda kök atmasını, özünə tərəfdar qazanmasını mümkünsüz hesab edir. Çünki ötən illər ərzində Azərbacanda bütün etnik xalqlar geniş hüquqlara malik olub və diskriminasiyaya məruz qalmayıblar. Buna görə onlar üçün kiminsə maraqlarının müdafiəçisi kimi çıxış etmək üçün zəmin yoxdur.
Bununla yanaşı Z.Oruc Azərbaycanın təhlükəsizlik xidmətinin yüksək səviyyəyə çatdığını və təxribatçı ssenarilərin qarşısını ala biləcəyini də qeyd etdi. Millət vəkili “Sadval”ı Rusiya siyasi dairələrinin müdafiə etdiyi fikri ilə də razılaşmır. Onun fikrincə, şimal qonşumuzun Azərbaycanda separatist cəhdi müdafiə etməsi qeyri-realdır. Ona görə də bunu Azərbaycana qarşı bir plan kimi qələmə vermək olmaz.

Fizzə