Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Milli Şuranın sədri, professor Cəmil Həsənlinin SOS! siqnalından sonra hökumət də nələrsə etməyə çalışdı. Ancaq xərclənmiş nüfuz və itirilmiş etimadla çox da uzağa getməyin mümkün olmadığını bilirik. Üstəlik, Xarici siyasət idarəmizin başı hələlik öz daxili problemlərinə qarışıqdır.
Cəmil müəllimin çağırışından sonra gec də olsa bu prosesə cəmiyyətin qoşulması, çeşidli ictimai-siyasi dairələrdən ünvanlanan müraciətlər və xüsusilə də Milli Şuranın bu istiqamətdə bir neçə gün ərzində gerçəkləşdirdiyi aktiv fəaliyyət və açıq, prinsipial mövqeyini ifadə edən Bəyanatı öz işini gördü. ABŞ Konqresi Azərbaycan xalqının səsini eşitdi və yanlışdan geri döndü.
Düzdür, ermənipərıst lobbistlər ayrıca bəndlə separatçı rejim üçün də nələrsə etməyə çalışırlar, ancaq, ümumi səylərlə, onun da qarşısının alınacağına ümidliydik.
Azərbaycana qarşı üç variantda çox pis əlavələrin müzakirəyə çıxarıldığı halda sonda vəziyyətin ölkəmizin xeyrinə dəyişməsi ciddi uğurdur.
Azərbaycan torpaqlarının Moldova, Gürcüstan və Ukrayna kimi işğal olunması faktının ABŞ qanunvericiliyi səviyyəsində təsbiti Azərbaycan xarici siyasətinin uzun illər boyu yanlış diskursuna da dəyişiklik gətirməlidir. Söhbət Dağlıq Qarabağ münaqişəsindən getməməlidir, heç bir ərazi münaqişəsi yoxdur, işğal faktı var. Torpaqlarımız Rusiyanın iştirakı ilə Ermənistan tərəfindən işğal olunub, son qarışınadək işğaldan azad edilməlidir və nöqtə!