90 yaşlı professordan “Azadlıq”a dəstək

“Azadlıq”ın çətin durumunda ona dəstək verənlərin sırasına 90 yaşlı bir təqaüdçü də qoşuldu. Redaksiyamıza gələn professor, uzun illər Azərbaycan Dövlət Neft Akademiyasında işləyən Əhəd İbrahimov yaranmış vəziyyətdən narahat olduğunu söylədi. O, redaksiyamıza imkanı daxilində maddi yardım da göstərdi.
Uzun illərdir hər gün “Azadlıq” oxuduğunu deyən alim, qəzetə dəstəyini xalqa dəstəyi kimi qiymətləndirib: “Azadlıq” bu ölkənin bütün ağrılarını çiyinlərində daşıyır. Bu qəzeti qorumaq hamımızın borcudur. İnsan güzgüyə baxanda özünü necə görürsə, “Azadlıq”ı oxuyanda da cəmiyyətdəki problemləri eləcə görürsən. Belə bir güzgünü sındırmaq, məhv etmək olmaz. Bunu heç Allah da bağışlamaz. Hamımızı birləşib, bu qəzeti yaşatmalıyıq. Ən azından gələcək nəsillər üçün “Azadlıq” yaşamalıdır”.

Ramin DEKO