Ziyalılar “Azadlıq”a dəstək verdi

“Azadlıq” qəzetinin məhvinə hesablanmış addımlara son qoyun; qəzetə qarşı bu addımlar Azərbaycanın adına ayıbdır”

Ziyalılar Forumu “Azadlıq” qəzetinin üzləşdiyi təzyiq və təhlükə ilə bağlı Azərbaycan cəmiyyətinə və hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Son aylar ərzində biz olduqca xoşagəlməz bir prosesi müşahidə edirik. Bu, Azərbaycanın yüksək rütbəli dövlət məmurlarının “Azadlıq” qəzetinə qarşı aqressiv münasibəti üzərində qurulan və bu qəzetin boğulmasına, məhv edilməsinə, sıradan çıxarılmasına hesablanan bir prosesdir. Proses xüsusilə ona görə xoşagəlməzdir ki, “Azadlıq” sıradan bir qəzet deyil, ölkənin müstəqilliyi ilə həmahəngdir, Azərbaycan xalqının demokratiya idealları, insan azadlıqları ilə səsləşən bir mətbu-ictimai tribunadır.
“Azadlıq”ın yarandığı, əsasının qoyulduğu bu 23 ildə ölkədə müxtəlif siyasi hakimiyyətlər olub, amma qəzet həmişə öz ideallarına sadiq qalaraq Azərbaycanın müstəqilliyi və demokratiya ideyasından heç zaman geri çəkilməyib. Hətta, bir zamanlar eyni siyasi platformanı bölüşdüyü Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə də “Azadlıq” onu doğuran ümummilli ideyalardan imtina etmədən fəaliyyətini davam etdirib.
Bu müddət ərzində “Azadlıq” qəzeti həm Azərbaycan cəmiyyətinin, həm də mütərəqqi dünya ictimaiyyətinin tanıdığı, sayğı və etibarla yanaşdığı bir qəzetə çevrilib. İndiki mərhələdə “Azadlıq” qəzetinə qarşı  repressiv sayılacaq addımların atılması bu addımı atan tərəflərin Azərbaycanın imicinə xoşagəlməz çalarlar əlavə etməsi deməkdir. Əgər bu addımlar hakimiyyətin hansısa çevrələri adından atılırsa, yaxud bütövlükdə hakimiyyətin siyasəti olaraq müəyyənləşdirilirsə, bu, Azərbaycan adına böyük ləkə gətirən bir hərəkətdir.
Son illər ərzində “Azadlıq” bir qəzetin rastlaşa biləcəyi ən ağır təzyiqlərlə üzləşib və belə görünür ki, bu təzyiqlərin dayanması, dayandırılması onu təşkil edənlərin gündəliyinə daxil deyil. Bu illər ərzində qəzetin əməkdaşları bir-birinin ardınca həbs edilib, döyülüb, təhqir olunub, mühacirətə məcbur edilib; qəzet öz redaksiyasından zorla çıxarılaraq işləmək üçün faktiki olaraq, yararsız olan bir əraziyə yerləşdirilib; qəzet ardıcıl olaraq qanunsuz və ədalətsiz məhkəmə hökmləri ilə cəzalandırılır. İndi isə qəzetin bank hesabına həbs qoyulub.
Bu tədbirlərin hamısı “Azadlıq”ı tamamilə sıradan çıxarmağa hesablanan addımlardır. Bu təzyiqlər altında işləmək yalnız böyük fədakarlıq sayıla bilər ki, “Azadlıq” qzəetinin kollektivi bu fədakarlıqlara da imza atır.
Biz, “Ziyalılar Forumu” olaraq “Azadlıq”ın üzləşdirildiyi bu cəza tədbirlərinə biganə qala bilmərik. Hesab edirik ki, bu repressiv tədbirlər yalnız “Azadlıq” qəzetinə qarşı deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin insan azadlıqları və demokratiya uğrunda təşəbbüslərinə qarşı təşkil edilir.
Buna görə də Ziyalıılar Forumu olaraq həm “Azadlıq”a qarşı sanksiyalarda iştirak edən dövlət məmurlarına və ayrı-ayrı şəxslərə, həm də Azərbaycanın siyasi hakimiyyətinin simasını müəyyən edən insanlara müraciət edirik: “Azadlıq” qəzetinin məhvinə hesablanmış addımlara son qoyun; Azərbaycan cəmiyyətinin əldə etdiyi demokratik nailiyyətlərə və bu nailiyyətlər sırasında xüsusi əhəmiyyəti ilə seçilən bu qəzetə qarşı iddialarınızdan geri çəkilin; bu qəzetə qarşı bu addımların atılması Azərbaycan üçün ayıb sayılacaq hərəkətdir.
Biz bu müraciətin düzgün qiymətləndiriləcəyinə əmin olduğumuzu bildiririk. Eyni zamanda düşünürük ki, Azərbaycan cəmiyyətinin mütərəqqi kəsimi, eləcə də Ziyalılar Forumu “Azadlıq” qəzetinin yaşaması üçün əlindən gələni əsirgəməyəcək. Azərbaycan cəmiyyətinin mütərəqqi dəyərlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərən Ziyalılar Forumu öz nüfuzuna söykənərək, “Azadlıq”ın böhrandan qurtarması üçün cəmiyyəti səfərbər etməyə hazırdır. Amma düşünürük ki, öncə hakimiyyətin siyasi iradəsi hesabına bu problem yoluna qoyula bilər. Buna görə də bu müraciət ilk növbədə məhz, hakimiyyətə ünvanlanır”.