Şəhərdə yerli hakimiyyətin təhdid olunduğu vərəqələr yayılıb, xüsusi xidmət əməkdaşları və polis ayağa qalxıb
Bir neçə gündür ki, Naxçıvanın xüsusi xidmət orqanları, polisi ayaqdadır. Buna səbəb Naxçıvan şəhərində evlərə sərt mətnlə etiraza səsləyən vərəqələrin yayılmasıdır.
Bu barədə Azpolitika.info-ya bölgədəki mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, əsas da həyət evlərinin olduğu məhəllələrdə evlərin qapılarına belə vərəqələr asılıb. Vərəqələrdə yerli hakimiyyətə ünvanlanmış təhdidlər var. Xüsusi xidmət əməkdaşları və polis bu məhəllələri ciddi nəzarət altına götürüb. Şübhəlilər saxlanılaraq sorğu-sual edilsə də, hələ ki, təşkilatçıları (“xainləri”) tapmaq mümkün olmayıb.
Belə risqli hərəkətə kimlərin qol qoyduğu Naxçıvanda hamını, xüsusən də təhdidə məruz qalmış yerli hakimiyyəti çox maraqlandırır. Çünki bölgədə insanların müqaviməti elə sındırılıb ki, insanlar danışmaqdan qorxduqları halda kimlərinsə açıq təhdidlərlə dolu vərəqələr yayması həqiqətən də sensasiyadır.