Azərbaycanda insan yaşamır

Natiq Ədilov

Şəhidlərin evilərini göstərəndə onların kasib miskin vəziyyəti çoxumuzu təəccübləndirir. Lakin, burda qəribə bir şey yoxdur. Heç də güllə gəlib ancaq seçib kasıb balaların aparmır.
Əmin olun, Azərbaycan xalqının çoxunun günü-rüzgarı o haldadır. Sadəcə, Ərzayıl qəfil gəlir, hazırlaşmağa imkan vermir və şəhidin evi-eşiyi necə var, bəzək-düzəksiz kameralara düşür. Biz də reallığı görüb “eyvah” deyirik.

Necə ki, bu işi o idmançı oğlan yardım paylayanda evlərə bir-bir girib “paytaxt sakinləri”nin əsl kostəbək yaşayışına məcbur qaldığını əyani sürətdə hamımıza göstərdi.

Azərbaycanda insanlar yaşamır. Təkrar edirəm, camaatımızın böyük bir hissəsi elmə naməlum olan üsulla bugündən o biri günə adlayırlar.

Milli Orduda mən zabit kimi xidmət apararkən bir hal diqqətimi çəkmişdi. Necə olur ki, o cür bərbad şəraitdə əsgərlər qısa müddətdən sonra ətə-qana, cana dolur?? Bu mənim üçün sirri-Xuda idi. Bəzi populyar izahlar vardı ki, guya orduda rejim var, əsgərlər o qayda üzrə yatıb durduğundan, yeyib içdiyindən dirçəlirlər, əmələ gəlirlər. Mənim üçün qaneedici izah deyildi. Ən xaotik həyat sürən insanın belə həyat ritmi var.
Yaxşı, bəs əsgərlikdə o iksir nə idi?

400-ə yaxın əsgər üzərində müşahidəm onu deməyə əsas verdi, Azərbaycanda insanlar o qədər pis, o qədər kasıbyana yaşayır ki, hətta ən korrupsiyaya uğramış hərbi hissənin menüsü əsgərlər üçün az qala hz Musanın süfrəsi kimi çeşidli, zəngin olur. Orduda hər gün 30 qram yağ yeməlisən, səhər 15, axşam 15 qram. Bunun əti, kartofu, makaronu da öz yerində. Biz olan vaxtı menünin gündəlik kalori miqdarı 4200 idi. Bunun 2000-nin komandir heyətinin acgözlük və talançılığına çıxanda 2200 qalır ki bu da sanballı rəqəmdir.

Gəlin, açıq danışaq, bizim insanların neçə faizi 2500 kalorilik qida qəbul edir ki (təkcə qənd və kartofla deyil).
Təzə-təzə əsgərlər sınıxır, düzdür. Bu da ona görə olur ki, yeni mühitə, menüyə öyrəşmək asan olmur. Elə ki öyrəşdi, gəl dur o əsgərin qabağında.

Azərbaycanlılar pis yaşayır (əksəriyyəti). Ona görə ordu kimi çətin, mürəkkəb, travmatik yerdə onlar əmələ gəlir, ətə-qana dolur, damaqları dad görür.

Millətimizi bu hala salanları qınayıram.