Təzəxan Mirələmli: “Jurnalist fəaliyyətim məhdudlaşdırılıb”

tezexan m2

Azadlıq qəzetinin müxbiri Təzəxan Mirələmli müsahibəsində barəsində çıxarılan məhkəmə qərarının jurnalist fəaliyyətinə təsirlərindən danışıb.

Təzəxan Mirələmli bu il fevralın 26-da – Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin yaxınlığında video bloger Ata Abdullayevi vurmaqda günahlandırılır.

Ata Abdullayevin iddisaı ilə məhkəmə Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmlini məhkum edib.

İyunun 19-da Bakının Xətai rayon Məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə təqsirli bilərək 1 il azadlığının məhdudlaşdırılması barədə hökm çıxarıb. Məhkəmə hökmünə əsasən, Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23-dən səhər saat 7-dək yaşayış yerini tərk edə bilməz.

Barənizdəki məhkəmə qərarını necə qiymətləndirirsiniz və bunun səbəbləri nədir?Sifariş elə gəlmişdi ki, məhkəməni elə tezləşdirdilər ki, hətta sənədlərin tədqiqi, sübutların qiymətləndirilməsi mərhələsi olmadı.

– İstintaqla bağlı onu demək istəyirəm ki, istintaq qərəzli aparılıb. Yəni, həmin hərəkət zamanı heç bir cinayət törədilməyib. Bunu istintaq dövründə də, məhkəmədə də faktlarla bildirdim. Məhkəmədə verdiyimiz vəsatətlər təmin edilsə idi sübut olunacaqdı ki, mənim əməlimdə xuliqanlıq cinayətinin heç bir tərkib hissəsi yoxdur. Məhkəmənin gedişi də bunu göstərdi. Yəni məhkəmənin gedişində sifariş elə gəlmişdi ki, məhkəməni elə tezləşdirdilər ki, hətta sənədlərin tədqiqi, sübutların qiymətləndirilməsi mərhələsi olmadı. Biz əlavə sübutlarla bağlı vəsatətlər də vermişdik, həmin vəsatətlər də tədqiq olunmadı.

Bəs, barənizdə məhkəmə qərarının əsl səbəbi nədir?

Məhkəmədə qərarında da göstərilir ki, mənim peşə fəaliyyətimin məhdudlaşdırılmasıdır. Karantin dövründə mən jurnalist kimi Əli Kərimlinin (müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri-red) evinə tez-tez gedib-gəlirdim, ondan müsahibələr alırdım. Təkcə “Azadlıq” qəzeti, “Azərbaycan Saatı” proqramı üçün yox, xaricdə olan həmkarlar da bu müsahibələri məndən rica edirdi və mən müsahibələri alıb göndərirdim. Əsas səbəb bu idi. Yəni, mənim cinayət işində təqsirləndirilən şəxs kimi cəlb edilməyim aprelin 13-də olub. 13 apreldə də Əli Kərimlinin evi blokadaya alınıb (Əli Kərimlinin telefon və internet əlaqələrinin kəsilməsi nəzərdə tutulur-red). Bunun özü bir sübutdur.

Bəs məhkəmə qərarı ilə fəaliyyətinizi necə məhdudlaşdırıblar?

Məhkəmə qərarında göstərilir ki, mən axşam saat 23-dən səhər saat 7-dək yaşadığım yeri tərk edə bilmərəm. Bundan əlavə Bakı şəhərini tərk edə bilmərəm. Bir il müddətində elektron qolbaq taxmalıyam və bu qolbaq vasitəsi ilə hakimiyyət mənim hərəkətimə nəzarət edəcək.

 Yəni, qolunuzda elektron qolbaq gəzdirəcəksiniz? Onun vasitəsi ilə sizi izləyəcəklər?

Bəli, tamailə düzdür. Yəni elektron qolbaq daim mənim qolumda olacaq. Onu elektrik enerjisi ilə (akkumulyatorun doldurulması-red) təmin etməkdə mənim boynumdadır. Onu söndürmək də olmaz. Birbaşa mənə nəzarət ediləcək.

Hazırda sizin qolunuzda elektron qolbaq yoxdur. Bəs məhkəmə qərarı nə vaxtdan icra ediləcək?Bir il müddətində elektron qolbaq taxmalıyam və bu qolbaq vasitəsi ilə hakimiyyət mənim hərəkətimə nəzarət edəcək.

Məhkəmə hökmü hələ qüvvəyə minməyib. Hökm apellyasiya məhkəməsinin qərarından sonra qüvvəyə minir. Apellyasiya məhkəməsi hələ olmayıb. Apellyasiya məhkəməsinin olmamasının da səbəbi odur ki, biz hələ apellyasiya şikayəti verməmişik. Məhkəmə qərarının surətini bu gün (iyulun 3-də) almışam. Tezlikə apellyasiya şikayəti verəcəm və apellyasiya şikayətinə baxış da azı 2-3 ay çəkir. Qolbaqla gəzmək qərarının özü də bir sifarişdir. Elektron qolbağın bağlanması məhkəmə hökmü qüvvəyə minəndən və məhkəmə qərarlarının icrası qurumunda qeyidyyata düşəndən sonra olacaq. 4-5 ay da buradan gedəcək. Yəni, mənim barəmdə hökm qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Bu dövrdə onsuz da mən nəzarətdəyəm. Hökm qüvvəyə minəndən sonra da bir il elektron qolbaq gəzdirəcəm. Yəni, mənim cəzam bir il altı aydan çox olacaq.

 Hazırda jurnalist fəaliyyəti ilə məşğul ola bilirsiniz?Karantin dövründə konstitusiyaya zidd olaraq sərbəst hərəkətlərimizə icazə verilmir.

 Jurnalist fəaliyyətinə gəlincə, onu da deyim ki, karantin dövründə konstitusiyaya zidd olaraq sərbəst hərəkətlərimizə icazə verilmir. Ona görə də evdən çıxa bilmirik. Ancaq, evdən iki saata çıxmağa icazə verilir. O da zəruri əşyaları almaq, zəruri məsələlərlə bağlı. Hal-hazırda tam fəaliyyət göstərə bilmirik. Yəni, hələ məhkəmə hökmü qüvvəyə minməyib, amma fəaliyyət göstərə bilmirirk. Yalnız evdən saytla əməkdaşlıq edirəm.

Hüquqlarınızın bərpası üçün daha hansı addımları atacaqsınız?

 Əlbəttə, apellyasiya və Ali Məhkəməni keçəndən sonra Avropa Məhkəməsinə müraciət edəcəm. Amma, bundan əlavə mənim digər hüquqlarım da pozulub. Yəni, Əli Kərimlinin evinə gedərkən məmim də internet, telefon əlaqələrim kəsilib, həmin vaxt məni dörd saatdan artıq polis bölməsində saxlayıblar. Bununla bağlı da şikayət hazırlayıram, yerli məhkəmələrə müraciət edəcəm. O işi də Avropa Məhkəməsinə daşımağa israrlıyam.

Amerikanın Səsi