Hələ də Ilham Əliyevdən ümidli olanlar necə gülməli günə düşdü?

Aksiyalara görə cərimələrin qaldırılması kimi bir mürtəce təklifin müəllifi Rafael Cəbrayılov barədə dünən bir xəbər vardı, orada deyilirdi ki, deputat və qardaşlarına qarşı 1 milyonluq iddia qaldırılıb, iddianın müəllifi “Nikoil bank”dır. Cəbrayılov qardaşları bankdan aldıqları krediti geri qaytarmadıqları üçün “Nikoil bank” da son çarəni onları məhkəməyə verməkdə görüb.
Mən təklif edirəm ki, təcili bir neçə aksiya keçirək, aksiya iştirakçılarına da yekə cərimələrdən yazsınlar, toplanan pullarla da Rafael Cəbrayılov banka borcunu ödəsin. Ölkədə irticanın güclənməsinə belə böyük töhvə vermiş bir adamın bir qəpik də borcu olmamalıdır. Heç bir mürtəce addımın müəllifi mükafatsız qalmadığı kimi, Cəbrayılov da borcunun mitinq cərimələri hesabına ödənilməsi ilə ödülləndirilməlidir.
Bu arada mənə ən çox ləzzət edən Ilham Əliyevin mitinq cərimələrini tələm-tələsik təsdiqləməsi oldu, xeyli kef elədim. Çünki bugünədək baş verənlərdən sonra hələ də “deputatlar cərimə qanununu qəbul eləsə belə, prezident onu imzalamayacaq, geri qaytaracaq” deyən sadəlöhvlər, düşüklər vardı. Mən bilmirəm, artıq nə baş verməlidir ki, ölkədə istənilən antidemokratik, antixalq, cəmiyyətdə vintlərin bərkidilməsinə, despotizmin gücləndirilməsinə yönəlik addımların məhz əlahəzrətin özündən qaynaqlandığına, onun rizası, xeyir-duası ilə atıldığına kimsədə şühə qalmasın? Axı Ilham Əliyev indiyədək ölkənin çağdaşlaşması, demokratikləşməsi adına nə edib ki, hələ də bir çoxları ondan hansısa islahat-mislahat, topluma faydalı, demokratik maraqlara uyğun davranışlar gözləyirlər?
Baxın, ölkədə illərdir “Rəqabət Məcəlləsi”ni qəbul etməyən, etmək istəməyən bir çirkin sistem var. Ildə bir-iki dəfə o məcəllə ilə bağlı müzakirələr başlayır, sonra da nəticəsiz şəkildə bitir. “Gülər parlamenti”nin iki oxunuşundan keçən məcəllənin sonuncu – üçüncü oxunuşu hər dəfə təxirə salınır. Niyə? Nə üçün? Necə olur ki, mitinq cərimələrinin qaldırılması ilə bağlı təklifin səsləndirilməsi ilə qəbul edilməsi bir olur, hətta Ilham Əliyev istirahət günündə özünə zəhmət verib onu dərhal imzalayır, amma “Rəqabət məcəlləsi” illərdir deputatxananın tozlu rəflərinə qaldırılıb?
Haşa, mən o qədər ağlımı itirməmişəm ki, bu məcəllənin qəbulu ilə ölkədə rəqabət mühitinin yaranacağını, inhisarçılığın kökünün kəsiləcəyini düşünüm. Demək istədiyim başqadır: bu rejim rəqabətə, şəffaflığa, fərqliliyə o qədər nifrət edir ki…
Bu rejim təkəlçiliyə, hegemonluğa o qədər aludədir ki, adında rəqabət olan bir məcəlləni qəbul etməkdən hürkür, qorxur, çəkinirlər. Bilə-bilə ki, istənilən qanunu tualet kağızına çevirmək onların əlində heç nədir, bilə-bilə ki, ən yaxşı qanunu belə icra etməmək onların əlində su içimi kimi bir şeydir, yenə də qorxurlar.
Amma mürtəce bir qanunu bir göz qırpımında necə qəbul etdiklərini hamımız görük.
Budur bunların mahiyyəti! Budur bunların iç üzü! Budur bunların xisləti!
Harda azadlığı məhdudlaşdıran…
Harda insan haqlarına zərərli…
Harda demokratikləşməyə, çağdaşlığa ziyanlı bir addım var, onu hamıdan qabağa düşüb atarlar.
Harda bunların biznes imperiyalarına təhlükə yaradacaq…
Harda monopoliyalarına, inhisarçı şirkətlərinə zərbə vuracaq…
Harda şəxsi maraqlarına toxunacaq təşəbbüs var, onu da elə beşiyindəcə boğar, əllərinin arxası ilə geri çevirərlər.
Biz 19 ildir bu işğalçı, talançı siyasəti, bir ailənin və o ailə dostlarının varlanmasına, dövlətin və millətin üzərinə çıxmasına yönəlmiş xətti aydın görürük. Burada bizim üçün yeni və təəccüblü heç nə yoxdur. Əslində hər dəfə bu haqda danışmaq da bizim üçün çox darıxdırıcıır, yorucudur.
Sadəcə, indi iənim sözüm bunca olub-bitənlərə rəğmən hələ də bu cür situasiyalarda “Ilham Əliyev heç vaxt belə mürtəce addımlara dəstək verməz, onun könlü buna razı olmaz, o özü də islahat istəyir, amma ətrafı mane olur” deyənlərədir: doğrudanmı, siz hər dəfə gülməli vəziyyətə düşməkdən, pərt vəziyyətdə qalmaqdan zövq alırsınız? Doğrudanmı, gərək Ilham Əliyev çıxıb “məndən islahatçı olmaz, gedin özünüzə başqa məşğuliyyət tapın” desin, siz də ondan sonra dincələsiniz?!