Milyonluq məktəb korrupsiyası (3)

8 ildə 800 milyon «udan» tikinti-təmir əməliyyatı

Əvvəli ötən sayımızda

Gecikmiş standartlar…

Maraqlıdır ki, hökumət məktəb tikintisi üçün standartları müəyyən edən hüquqi bazanı 2012-ci ildə yaradıb. Bu il avqustun 3-də Nazirlər Kabineti “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərarda mətəb tikintisinin necə aparılmalı, hansı növ tikinti materiallarından istifadə edilməli olduğu ilə bağlı ən xırda detallar belə, əksini tapıb. Məsələn, məktəb binası harada və necə tikilməli, sinif otaqlarının sayı şagirdlərin sayına uyğun olaraq necə müəyyən edilməlidir və s. Yaxud məktəb binalarına, isidilmə və ventilyasiya sistemlərinə, təbii və süni işıqlandırma, su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər nələrdir. Qərarda açıq şəkildə qeyd olunur ki, tikinti zamanı yalnız müvafiq sanitar-epidemioloji rəyə malik olan inşaat materiallarından istifadə edilə bilər.
Əslində bu standarların olması olduqca vacib və əhəmiyyətlidir. Çünki bu halda məktəb tikintisinə məsul olan qurum standartlara əməl etmək məcburiyyətində qalacaq, əməl etməkdə isə məsulliyyət daşıması üçün hüquqi baza olacaq.  Eyni zamanda, tikintini həyata keçirən şirkətin keyfiyyətsiz inşaat materiallarından istifədə etməsi də çətinləşəcək. Qoyulan standartlara əməl edilməsi isə son nəticədə korrupsiya hallarının qarşısını bir xeyli dərərcədə almış olacaq. Amma məsələnin pis tərəfi bu qərarın gecikmiş olmasıdır. Azərbaycanda məktəb tikintisi bumu demək olar ki, arxada qalıb. Hökumət məktəb tikintisi ilə bağlı qarşıya qoyulan planı doldurmaq üzrədir. Respublika üzrə 4500-ə yaxın məktəb var ki, bunun da təxminən 2500-ü ya yenidən qurulub, ya da tikilib. Yerdə qalan məktəblərin vəziyyəti isə o qədər pis olmadığından hələ ki, onlara vəsait ayrılması nəzərdə tutulmur. Büdcədən məktəb tikintisinə ayrılan vəsaitlərin ildən-ilə azalan xətt üzrə getməsi də, göstərir ki, məktəb tikintisi ilə bağlı proses başa çatmasa da, sona yaxınlaşmaq üzrədir. Misal üçün, 2007-ci ildə büdcədən məktəb tikintisi üçün təxminən 170 milyon manat,  2008-ci ildə isə 190 milyon manat vəsait xərclənmişdi. Sonrakı illər bu vəsait azalmağa başladı. Məsələn, 2010-cu ildə orta məktəb tikintisinə cəmi 65,2 milyon manat xərcləndi. Deməli, hökumət bu standartları indi yox, illər əvvəl – məktəb tikintisinin intensiv həyata keçirildiyi vaxtlarda müəyyən etməli və məsul qurumlardan da məhz bu standartlara uyğun məktəblər inşa etmələrini tələb etməli idi. Görəsən, məktəblərin əksəriyyətini tikib, sonradan standart müəyyən etməyin mənası nə idi?

Qonşu ölkələrdə məktəb neçəyə başa gəlir?

Azərbaycanda məktəb tikintisinə ayrılan büdcə vəsaitlərinin nə dərəcədə səmərəli xərcləndiyini müəyyən etməyin bir yolu da xarici təcrübə ilə tanışlıqdır. Müqayisə aparmaq üçün inkişaf etmiş Qərb ölkələrini nümunə götürməyimiz doğru olmaz. Çünki tikintinin dəyərinə təsir edən çoxsaylı faktorlar var ki, onlardan biri də, inşaat materiallarının qiyməti və işçi qüvvəsinin dəyəridir. Inkişaf etmiş Qərb ölkələrində inşaat materiallarının qiyməti daha bahadır. Buna səbəb həmin materialların bahalı işçi qüvvəsi tərəfindən istehsal edilməsi, istehsal zamanı xərclənən elektrik enerjisinin və istifadə olunan digər xidmətlərin qiymətinin baha olmasıdır. Məhz bu baxımdan, müqayisəni inkişaf etmiş ölkələrdəki məktəblərlə aparmırıq. Orta Asiya ölkələrinə, daha konkret desək, Qırğızıstana və Tacikistana nəzər salanda məlum olur ki, bu ölkələrdə bir məktəbin tikintisinə çəkilən xərc Azərbaycanda olduğundan 4-5 dəfə azdır. Orta Asiyanın başqa bir ölkəsi olan Qazaxıstanda, həmçinin şimal qonşumuz Rusiyada isə xərclərin səviyyəsi Azərbaycandakı kimidir. Səbəbini araşdıranda məlum olur ki, hər iki neft ölkəsində bizdə olduğu kimi, irimiqyaslı korrupsiya var. Eynilə Azərbaycandakı kimi, bu ölkələrdə də investisiya xərcləri böyük, maliyyə nəzarət sistemi isə zəifdir. Bu ölkələrin hökumətləri də, büdcə vəsitlərinin səmərəli xərclənməsinə nəzarət edilməsinə imkan vermir. Bütün bu amillər də, ölkələrimiz arasında obyektiv müqayisə aparmaq imkanlarını heçə endirir. Bu mənada Azərbaycanla, daha şəfaf idaretməyə malik Gürcüstanı müqayisə etmək olar. Araşdırma zamanı məlum oldu ki, Gürcüstanda məktəb tikintisi bizdən xeyli ucuz başa gəlir. Məsələn, 200-220 şagirdlik məktəbə bizdə təxminən 1,2 milyon manat xərclənirsə, Gürcüstanda bu məbləğ 700-800 min dollardan çox olmur. Bu fərqin özü də, Azərbaycanda bir məktəbin tikintisindən nə qədər vəsait mənimsənildiyini təxmini də olsa hesablamağa imkan verir. Üstəlik daha az vəsaitə tikilən Gürcüstan məktəblərində standartlara daha düzgün əməl edilir və daha keyfiyyətli və dayanıqlı məktəblər inşa olunur.
Tikinti zamanı standartlara əməl olunması heç də balaca məsələ deyil. Tutalım, Rusiyada bir məktəbin tikintisinə təxminən Azərbaycandakı qədər vəsait ayrılsa da, orada 200-250 şagirdlik məktəbin ölçüsü bizim anoloji sayda şagird tutumu olan məktəblərin ölçüsündən təxminən 2 dəfə çox olur.  Məsələn, Azərbaycanda 200 şagirdlik məktəblər üçün təxminən 1000 kv.m ərazi nəzərdə tutulursa, Rusiyada eyni sayda şagirdi olan məktəb üçün ayrılan sahə 2700 kv.m-dir. Bu ölkələrdə standartlar vaxtında qəbul edildiyindən tikinti zamanı bütün vacib tələblər nəzərə alınır. Məsələn, şagirdlər üçün qapalı idman zalı ilə yanaşı, üstüörtülü, kənaları isə açıq olan rezin meydançaların, şagird sayına uyğun olaraq əlavə laborotoriyaların, yemək, tibb və s. otaqların tikilməsi vəcib tələblər sırasındadır. Yaxud Rusiya məktəblərində bir yox, iki kitabxana tikilir. Oxu zallarının da sayı iki olur ki, bunlardan biri çap olunmuş kitabları, digəri isə elektron formada olan dərslikləri oxumaq üçün nəzərdə tutulan kompüterləşmiş zallardır. Azərbaycanda isə standartlar yuxarıda da qeyd etdiyimiz kimi, məktəblərin böyük əksəriyyəti inşa olunandan sonra qəbul olunub. Elə bunun nəticəsidir ki, bəzi yerli məktəblərdə şagirdlərin rahat gəzişməsi üçün belə, yetərli qədər ərazi yoxdur. Avqust ayında qəbul edilən yeni standartlara əsasən, bir sinif otağı 20 şagird üçün nəzərdə tutulmalı, sahəsi isə 36-42 kv.m arasında dəyişməlidir. Son illər ölkə üzrə tikilən məktəblərin sinif otaqlarına nəzər salanda isə görürsən ki, onların əksəriyyətinin sahəsi 24-30 kv.m-dir.
Uzağa getməyib, elə Azərbaycanın özündə ayrı-ayrı səfirliklər və beynəlxalq qurumların dəstəyi ilə tikilən və təmir edilən məktəblərə nəzər salanda belə, maraqlı rəqəmlərlə rastlaşmaq olur. Məsələn, Yaponiya səfirliyi 2000-ci ildən bu yana təkcə Şəkidə 3 məktəb tikib, birini də təmir edib. 2000-ci ildə tikilən məktəbə avadanlıqları ilə birlikdə 89,056 min, 2006-ci ildə Qışlaq ərazisində tikilən məktəbə 90 min, 2008-ci ildə Dərəcənnət kənddində tikilən məktəbə isə 87,958 min dollar sərf olunub. Şəkidəki 7 saylı məktəbin təmirinə isə 79,404 min dollar lazım gəlib. Halbuki Təhsil Nazirliyinin tikdiyi məktəblərin arasında eləsi olub ki, onun yalnız bir sinfinə 80-90 min manat pul “xərclənib”. Məsələn, 2007-ci ildə Qubanın Xınalıq kəndində 300 yerlik  məktəbin hər sinif otağının tikintisinə 86,6 min manat, ümumilikdə məktəbə isə 1 milyon 300 min manat vəsait xərclənmişdi.

Bir evin puluna bir sinif otağı…

Iqtisadçı Rövşən Ağayev Azərbaycanda məktəb tikintisinə  kifayət qədər böyük vəsait ayrıldığını deyir: “Təhsil Nazirliyinə irad bildirsən, deyəcək ki, filan yerdə bizdən daha yüksək qiymətə tikirlər. Daha deməyəcək ki, orada normal standarlara cavab verən məktəblər tikirlər. Elə vaxtlar olub ki, bir sinif otağı 85-90 min manata başa gəlib. Bu, həddən artıq böyük rəqəmdir. Azərbaycanda bu pula bütün standartlara cavab verən 5-6 otaqlı mənzil tikmək olar. Tikinti bazarının təhlili göstərir ki, bütün standartlara cavab verən 20-25 kv.m-lik bir otağın maya dəyəri 8-10 min manatdır. Amma təsəvvür edin ki, 2007-ci ildə Tovuzun Həsənqala kəndində bir sinif otağını 85 min manata tikmişdilər. Minimum məktəb standartları olmaya-olmaya böyük pullar xərclənib. Problemlərdən biri də, məktəblərlə bağlı numunəvi modelin olmamasıdır. Məktəblərin quruluşu da, rəngi də bir olmalıdır. Yasamaldakı 20 saylı, Qobustandakı 130 saylı məktəbin üzəri ağ daşlarla bəzədilib. Məktəb binaları saraya oxşayır. Əslində isə vahid, tipik model olmalıdır. Bər-bəzək vurmaqla məktəbin baha başa gəlməsinə haqq qazandırırlar. Halbuki bu, bir çox hallarda korrupsiyaya xidmət edir”.

Hesablama Palatası hara baxır?

R.Ağayevin sözlərinə görə, təxminən eyni sayda şagird tutumu, eyni şəraiti olan məktəblərin fərqli qiymətlərə başa gəlməsi də ortada korrupsiya riskinin olduğunu göstərir: “2010-2011-ci illərdə Şəkinin Bilədik kəndində 220 şagirdlik məktəbi 1 milyon manata, eyni vaxtda Lənkəranın bir kəndindəki məktəbi isə 890 min manata tikiblər. 110 min manatlıq fərq var və bu heç də kiçik vəsait deyil. Yaxud Imişli rayonunun Şahverdili kəndindəki məktəb 845 min, Lənkəranın Şilavar kəndindəki məktəb isə 1 milyon 50 min manata başa gəlib. Hər iki məktəb 220 nəfərlik olsa da, aralarında 205 min manatlıq fərq var. Bu, 25 faizə qədər fərq deməkdir və korrupsiya riskinin olduğuna dair siqnaldır. Son illər hökumət tənqidlərdən çəkinərək məktəblərin tikinti qiymətlərini oxşar qoymağa çalışıb. Amma bunun özü də vəsaitin mənimsənilməsinə haqq qazandırmır. Qiymətlər arasında bu qədər fərqin olması mütləq Hesablama Palatasının diqqətini çəkməli idi. Araşdırma aparmalı idi ki, niyə eyni şərait və imkanlara malik məktəblərin biri o birindən baha başa gəlir. Yaxud bəzən olur ki, 360 şagirdlik məktəbin yenidən qurulmasına da 1 milyon manat xərc çəkilir, eyni sayda şagird tutumu olan bir məktəbin tikintisinə də. Təbii ki, təmirdə daha çox korrupsiya riskləri var. Amma ola bilməz ki, bir məktəbin təmirinə çəkilən xərc tikintiyə çəkilən xərcdən çox olsun, ya eyni olsun. Elədirsə, məktəbi söküb yenidən tiksinlər. Bu halda istismar müddəti az qala, başa çatmış məktəbin yenidən qurulmasına nə ehtiyac var? Deməli, burada da korrupsiya riskləri var”.

Ardı var

Gültəkin