“Bu azərbaycanlıların prezidenti Putindir, onlara təzyiq göstərmək olmaz…”
Rüstəm İbrahimbəyov: «İndi Abbas Abbasova təzyiq edirlər, bu, özünə hörmət edən hökumətə yaraşmayan addımdır»
«Təşkilatı yaradan adamlar hakimiyyətlə sıx bağlıdır, nəyə görə bunlar təşvişə düşüblər?»
Ziyalılar Forumunun təsisçilərindən biri, tanınmış kinodramaturq Rüstəm Ibrahimbəyov Bakıda “Azadlıq” qəzeti və bir neçə başqa mətbuat orqanına geniş müsahibə verib. R.Ibrahimbəyov müsahibəsində təmsil olunduğu Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının yaranması və fəaliyyəti, Azərbaycandakı ictimai-siyasi vəziyyət və bir sıra başqa məsələlərlə bağlı olduqca maraqlı fikirlər səsləndirib. R.Ibrahimbəyova ilk sual “milyarderlər ittifaqı”nın yaradılma məqsədilə bağlı oldu. O da suala sualla cavab verdi:
Azərbaycandan Rusiyaya “desant” göndərdilər
– Bu “milyarderlər ittifaqı” adını kim qoyub bu təşkilata?
– Bu təşkilat mətbuatda belə adlandırılır.
– İş orasındadır ki, bu adamlarla mən on iki il Rusiyada Azərbaycanlıların Konqresində birgə fəaliyyət göstərmişəm. O zaman da bunlar varlı adamlar idi. Amma heç kim demir ki, Rüstəm Ibrahimbəyov bu adamlarla hardan tanışdır, nəyə görə onlarla oturub-durur? Və necə ola bilər ki, bir təşkilat yaranan kimi bunlar milyarder oldu və mən də onlarla dostlaşdım. Bu, təbii bir şeydir. Biz Rusiyada illərdir yaşayan adamlarıq və soydaşlarımız üçün əlimizdən gələni edirik. Mən onların pulunu saymıram, onlar da mənə hörmətlə yanaşırlar. Mən onlara soydaşlarımıza kömək etmək üçün müraciət edən kimi xahişimə qulaq asır, imtina etmirlər.
On iki il əvvəl Abbas Abbasov Azərbaycanda idi və iqtidara fəal xidmət edirdi. Və bu yaxınlarda açıqlamasında bildirdi ki, həmişə Azərbaycan iqtidarına qulluq edəcək. Abbas Abbasov Azərbaycan vətəndaşıdır. Yeni təşkilatda birləşən və mənim tanıdığım adamlar Konqresdə çox fəal işləyirdilər. Təşkilatın bir prezidenti var idi. O da tanınmış cərrah Məmməd Əliyev idi. Təşkilatın eyni zamanda 30 nəfərə yaxın vitse-prezidenti var idi. Lakin iki il bundan əvvəl Azərbaycandan Rusiyaya “desant” göndərdilər və təşkilatı dağıtdılar. Işləyən adamları işdən çıxardılar və hətta həmin təşkilata Prezident Administirasiyasından vəzifəyə adam da qoydular. Bu müddətdə Ramiz Mehdiyev də Rusiyaya getmişdi. Daha sonra konqresin strukturunu dəyişdilər. Vitse-prezidentlik institutunu ümumiyyətlə ləğv etdilər və bu addımı atanda ümumiyyətlə bizə xəbər də etmədilər. Yalnız bütün bunlardan sonra bu yaxınlarda iclasa bənzər nəsə keçirildi. Bütün bu hadisələr son bir il ərzində baş verib. Hadisələr elə cərəyan etdi ki, heç təşkilatdakı dəyişiklikləri də qeydiyyatdan keçirmədilər. Yəni qeyri-qanuni bir təşkilat oldu. Bu məsələlər baş verməmişdən öncə isə Rusiyada çox fəal işləyən hörmətli bir təşkilat var idi – “Azerros”. Mən Söyün Sadıqovla 15-20 ildir ki, işləyirəm. Bu situasiya yarananda belə bir sual meydana gəldi. Yəni 2 milyon azərbaycanlının taleyi heç kimi maraqlandırmır?
Iki milyon azərbaycanlı baş verən hadisələr nəticəsində faktiki olaraq təşkilatsız qalmışdı.
Başqa millətlər çox gözəl fəaliyyət göstərirdilər. Amma bizim Rusiyadakı təşkilatların nə birgə strategiyası var idi, nə də münasibətləri yaxşı idi. Ona görə qərara gəldik ki, gəlin birgə vahid bir yeni təşkilat yaradaq. Abbas Abbasov kimi Rusiyada böyük hörməti olan şəxsi isə qoyaq təşkilatın rəhbəri. Təşkilat da azərbaycanlıların problemləri ilə məşğul olsun. Məsələn, mən on beş ildir deyirəm ki, Rusiyada yaşayan azərbaycanlıları qeydiyyata götürmək lazımdır. Biz Rusiyanın yuxarı dairələrinə vahid təşkilat yaratdıqdan sonra gedib deyə bilərik ki, bir milyon seçicimiz var, bizə hörmətlə yanaşın, parlamentdə yer əldə edək. Amma bütün bunları edən yoxdur. Söyün Sadıqovun isə bu istiqamətdə doğurdan da böyük imkanları mövcuddur.
Bu adamlar varlı şəxslər də olsalar mənim Rusiyada, Amerikada yaşayan yüzlərlə nüfuzlu şəxslərlə də əlaqəm var. Indi biz Spilberqlə də təşkilat yaratsaq deycəklər ki, Rüstəm Ibrahimbəyov hökuməti yıxmaq üçün böyük təşkilat yaradır. Başa düşmürəm, bir ictimai təşkilat yaranıb, bu cür reaksiya nəyə lazımdır? Üstəgəl bu təşkilatı yaradan adamlar hakimiyyətlə sıx bağlıdır. Nəyə görə bunlar təşvişə düşüblər?
Rusiyada azərbaycanlıların taleyi barədə heç kim düşünmür
– Elə suallar da buradan yaranır ki, nəyə görə iqtidarla münasibəti olan adamlar belə bir addım atır? Əksər politoloqlar bildirdilər ki, bu təşkilat Kremlin göstərişi ilə yaradılıb. Çünki təşkilatda elə şəxslər də var ki, onlar heç zaman ictimai fəaliyyətlə məşğul olmayıblar?
– Təəssüf ki, bunlarda informasiya yoxdur.
– Hakimiyyətdə?
– Həm hakimiyyətdə, həm də bizim mətbuatda. Bizim politoloqlar da həqiqətlə bağlı olmayan uydurma fərziyyələr irəli sürürlər. Fərziyyələrə görə bu təşkilatı ya Kreml, ya Paşayevlər, ya da Rəsul Quliyev yaradıb. Amma heç kəs həqiqəti fikirləşmir ki, iki milyondan çox azərbaycanlının taleyinə Rusiyada biganəlik var. Bir politoloq da demədi ki, Rusiyada iqtidar öz işiylə məşğuldur və azərbaycanlıların taleyi barədə heç kim düşünmür. Bu isə konqresi də məhv edə bilər. Digər tərəfdən, konqres heç qeydiyyatdan keçməyib. Deyirlər ki, ictimai işlə məşğul olmayan beş-altı azərbaycanlı yığışıb təşkilat yaradıblar. Bu necə ola bilər? Bu şəxslər on iki ildir ki, Konqressdə vitse-prezident postunda idi. On iki il bu təşkilatı kim saxladı? Bunu Telman Ismayılov, Vahid Ələkbərov, Araz Ağalarov, Isgəndər Xəlilov etdi.
– Axı yeni yaranan təşkilatın neftlə heç bir əlaqəsi yoxdur?
– Vahid Ələkbərov on iki ildir ki, Konqresdə vitse-prezident olub.
– Vahid Ələkbərovun Araz Ağalarovla münasibətinin normal olmadığı həmişə qeyd olunub. Indi necə olur ki, bu şəxslər bir təşkilatda birləşir?
– Siz necə olur ki, belə şeyləri bilmirsiz. Ümumrusiya Azərbaycanlılarının Konqresi çox hörmətli bir təşkilat idi. Ona Heydər Əliyev də böyük önəm verirdi. Bu təşkilatın ilk toplantısında Heydər Əliyev də iştirak etmişdi. Adlarını çəkdiyim şəxslər ciblərindən külli miqdarda vəsait ayrıraraq, bu konqressi saxlayıblar.
Bu cür yanaşma qeyri-peşəkarlıqdır
– Belə bir məlumat da var ki, bu təşkilatın əsası 2001-ci ildə qoyulub. Hətta hakimiyyətdə yüksək post tutanlar o vaxtı bunu alqışlayaraq, xeyir-dua veriblər. Söyün Sadıqov “Azadlıq”a müsahibəsində deyib ki, Ilham Əliyev təşkilatın fəaliyyətinin güclənməsinin vacibliyi ilə bağlı çağrış edəndən sonra bu istiqamətdə işlər sürətləndi. O çağrışdan sonra Polad Bülbüloğlu təşkilat nümayəndələri ilə görüşərək hansı addımların atılmasının mümkünlüyünü soruşub və nəticədə bu təşkilatın fəaliyyəti daha gücləndirilib?
– Siz müəyyən məsələləri qarışdırırsınız. Söyün Sadıqovun təşkilatı tam başqa bir qurumdur. Rusiyanın Konstitusiyasında yazılıb ki, hər bir millət sayı müəyyən qədər olanda öz avtonomiasını yarada bilər. Söyün Sadıqovun yaratdığı təşkilat Azərbaycandan dəstəklənmir. Bu təşkilatı Rusiyadakı azərbaycanlılar yaradıb. Bu təşkilatdan Azərbaycana nəinki ziyan, yaxşılıqdan başqa bir şey gələ bilməz. Söyün Sadıqovu Ramiz Rzayev səfirliyə çağırmırdı. Biz sonra güclə onu başa salmışıq ki, bu təşkilatdan təhlükə yoxdur. Belə münasibətə səbəb azərbaycanlıların bu təşkilatı özlərinin yaratmasıdır. Çünki bu hakimiyyətdəkilər elə düşünürlər ki, yalnız bunlar yaratdıqları təşkilat fəaliyyət göstərməlidir. Daha anlamırlar ki, Rusiyada bu cür təşkilatlara “xarici təsir agentlikləri” deyirlər. Sözlə heç nə deməsələr də, bu təşkilatı məhv edirlər. Necə ki, Konqresi bu cür aqibətə düçar etdilər. Bu işləri bu cür etməzlər. Bu qeyri-peşəkarlıqdır. Bu çox kobud işləməkdir.
Bu Konqresə bizi Heydər Əliyev dəvət etdi
– Bakı nəyə görə bu cür reaksiya göstərdi?
– Mən bunu bilmirəm. Rəsmi Bakının özündən soruş.
– Sizin təxminləriniz varmı?
– Bu Konqresə məni, Məmməd Əliyevi, milyarderləri Heydər Əliyev dəvət etdi. O, gəlib birinci qurultayda iştirak etdi. Bu təşkilat yarananda mən Söyün Sadıqovdan xahiş etdim ki, fəaliyyət qurmağa kömək elə bunun da səbəbi o idi ki, onun təşkilatının Rusiyanın hər regionunda dayağı var idi. O kömək etdi ki, bu Konqress ayağa dursun. Milyarderlər də təşkilatın fəaliyyəti üçün vəsait ayrıdılar. 2001-ci ildə çox fəal on il müddətinə işlədik. Sonra “desant” gələndən, təşkilatı dağıtdıqdan, təşkilat qeydiyyatdan keçməyəndən, bizi vitse-prezidentlikdən uzaqlaşdırdıqdan sonra bu şəxslər maliyyə verməyəcəklərini dedilər. Bu zaman biz dedik ki, bəs nə edək? Axı azərbaycanlıların taleyi ilə heç kim maraqlanmayacaq? O zaman yeni təşkilat yaratmaq təşəbbüsü gündəmə gəldi ki, xalqımızın oğullarına kömək edək.
– Bu təşəbbüs Araz Ağalarovdan gəldi?
– Xeyr.
– Təşəbbüskar kim olub?
– Bir neçə nəfər bir yerdə təşəbbüslə çıxış etmişik. Biz hərdən görüşürük.
– Təşəbbüskarların adlarını söyləmək olar?
– Mən, Söyün Sadıqov, Abbas Abbasov, Vahid Ələkbərov, Telman Ismayılov.
– Bəs Araz Ağalarov sonra gəldi?
– Sonra yox. Yarım saat sonra. Bu detallar niyə sizi bu qədər maraqlandırır.
Özünə hörmət edən hökumətə yaraşmayan addım
– Bu təşkilat yaradıqdan dərhal sonra rəsmi Bakı etiraz bəyanatı yaydı. Bu etirazın səbəblərini bilmək istərdik?
– Bunu bu bəyanatı verənlərdən soruşmaq lazımdır.
– Cavab vermirlər.
– O zaman mən nə deyə bilərəm. Bunların bu hərəkəti səviyyəsizlik, axmaqlıqdır. Siyasətdən başlarının çıxmamasının göstəricisidir. Çünki hər hökumət istəyər ki, başqa ölkədə yaşayan soydaşlarını idarə etsin. Amma bunu siyasətlə, incə həyata keçirirlər. Bunu belə etməzlər.
Eldar Namazov yaxşı deyir. O vaxtı Azərbaycan parlamentində milliyyətcə ukraynalı bir deputat var idi. Indi o hər gün Kuçmaya zəng vurub göstəriş istəməyəcəkdi ki. Onun prezidenti var idi. O da Heydər Əliyev idi. Bu azərbaycanlıların da prezidenti Putindir. Ona görə bu şəxslərə təzyiq göstərmək olmaz. Bu gülüncdür. Indi Abbas Abbasova təzyiq edirlər. Bu, özünə hörmət edən hökumətə yaraşmayan addımdır. Abbas Abbasov doğrudan da bunların ən yaxın adamıdır. Onlar bir yerdə biznes aparırdılar, bəlkə indi də aparırlar. Necə ola bilər ki, Abbas Abbasov bunlara düşmən olsun. Abbas Abbasovun biznesi Azərbaycandadır, oğlu buradadır. Deməli, bu psixi bir şeydir. Normal adamlar buna belə reaksiya verə bilməz. Ona görə cürbəcür uydurma şeylər yaradaraq, cavab tapa bilmirlər. Cavab da ondadır ki, Rusiyada nüfuz sahibi olan bir neçə azərbaycanlı yığışıblar və bəyan ediblər ki, əvvəlki təşkilatı korlayıblar. Ona görə gəlin bir yerdə başqa bir təşkilat yaradaq. Məqsəd də Rusiyada yaşayan azərbaycanlılara köməkdir. Indi kim qapıdan birinci girib, kim üçüncü girib, bunun nə mənası var. Bu ideyanı hamı təsdiq edib, hamı da bildirib ki, belə bir addım zəruridir. Bu təşkilatın məramnaməsi də var. Bu sənədi oxuyun, görün təşkilatın məqsədi nədir. Azərbaycanda milyarder olmaq çox asandır. Burada milyarder olmaq üçün hakimiyyətlə qohum olmalısan, bir vəzifə alırsan və başlayırsan oğurluğa, olursan milyarder. Rusiyada isə milyarder olmaq üçün o yazıqlar çoxlu zəhmət qoyur, beyin işlədirlər. Onlar bizim xalqımızın qaymaqlarıdır.
– Bakıdan gələn bəyanatlardan sonra toplaşmısınızmı?
– Xeyir, bu təşkilat yaranandan sonra Amerikaya getmişəm. Qalan şeyləri qəzetlərdən oxumuşam.
– Amerikaya getməyiniz də birmənalı qarşılanmadı?
– Mənim 89-cu ildən ilin 3-4 ayını Amerikada keçirirəm. Bu dəfə daha bir səbəb də var idi. Həyat yoldaşımın mürəkkəb cərrahiyyə əməliyatı var idi. Bu yaxınlarda xəstəxanadan çıxıb. Ona görə bu cür fərziyyələr mənə çox toxunur. 89-cu ildən mənim ABŞ-da evim var. Mən evimə getməli deyiləm? Sovet vaxtı indiki milyarderlərin xaricdə heç nəyi olmayanda mənim evim var idi. Mən bunu elan edirdim. Indi bunlar milyarder olub. Amma mənim balaca daxmam hələ də qalıb və mən ildə bir neçə dəfə işlərimi görmək üçün gedirəm, Amerika Akademiyasının üzvüyəm, seçkilərdə iştirak edirəm.
– Bu səfəri hətta mətbuatda Rəsul Quliyevlə görüşə görə reallaşdığını deyənlər də oldu?
ardı var
Sücəddin Şərifov
Xəyal Şahinoğlu