Fəlakət günü

Elnur Sadıqov

Əliyevlər ölkədə ailə hakimiyyəti qurmasaydılar, öz uğurları kimi ictimai sabitliyi, hakimiyyətin mərkəzləşdirilməsini, əhalidəki qanunsuz silahların yığılmasını, qanunsuz silahlı dəstələrin ləğvini, neft müqavilələrinin imzalanmasını dövlətin uğurları kimi təqdim edə bilərdilər. Amma əldə edilən uğurlar ailə hakimiyyətinin möhkəmləndirilməsinə xidmət etdi, nəinki milli vəzifələrin həllinə.

Odur ki, Heydər Əliyev – Surət Hüseynov cütlüyünün hakimiyyətə gəlişi Azərbaycan dövləti üçün qurtuluş yox, fələkat günü kimi qiymətləndirilməlidir. Nədə təzahür etdirir bu fəlakət özünü?

  1. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal altına düşdü. Bununla da Dağlıq Qarabağı Laçın və Kəlbəcərdən sonra Ermənistanla birləşdirən daha iki coğrafi əlaqə yaranmış oldu. Əliyev – Hüseynov cütlüyünün başı Bakıda hakimiyyət qəsb etməyə qarışanda, Ermənistan nəinki Dağlıq Qarabağla özünə dəhlizlər açırdı, hətta üçüncü ölkə olan İranla da DQ – ı birləşdirən ərazilər işğal edirdi.
  2. Əliyevlər dövründə Azərbaycan ən azı 1 000 000 vətəndaşını emiqrasiya vasitəsiylə itirib. Rəsmi məlumatlara görə təkcə son onilliklərdə 650 000 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının vətəndaşlığını əldə edib. Bu proses hələ də davam edir. Azərbaycandan emiqrasiya etmək istəyində olan insanların sayında azalma yoxdur. İnsan hüquqlarının pozulması, rüşvətxorluq, ədalətsizlik və pis idarəetmə emiqrasiya prosesini hərəkətləndirən vasitələrdir.
  3. Əliyevlər dövründə ən azl 100 milyard dollardan çox neft pulları korrupsiya yoluyla oğurlanıb. Xarici ölkələrdəki azərbaycanlı məmurlara qarşı başladılmış korrupsiya motivli cinayət işləri haqda dünya mətbuatı vaxtaşırı yazır. Böyük korrupsiya hələ də dayanmayıb.