
Koronavirus epidemiyasına münasibətdə ölkə cəmiyyəti iki yerə bölünüb və bu bölgü məlum xəstəliyə inanıb-inanmamaqdan daha çox, hakimiyyətə qarşı əhalinin davranışının nəticəsidir. Sadə dildə desək, əhalinin bir hissəsi üçün virusun təhlükəli olduğuna inanmaq sərfəlidir (bu hissəni əsasən büdcədən sabit maaş alanlar, ümumiyyətlə hakimiyyətdən və büdcədən qanuni və qeyri-qanuni qidalanmaq imkanı olanlar təşkil edir), digər hissə isə koronavirus şousuna nifrətlə yanaşır. Həm də bu nifrətin virusla demək olar ki, əlaqəsi yoxdur, hətta epidemiya ilə bağlı hakimiyyətin absurd və qeyri-ardıcıl qərarlarından da doğmur, bu nifrət birbaşa hakimiyyətin özünə yönəlib. İnsanlar hakimiyyətə olan nifrətlərini bildirmikdən məhrum olduqlarından, bunu məlum epidemiya təbliğatına qarşı etinasızlıqla ifadə edirlər. İnsanlar hakimiyyətin koronavirusa necə məhəbbətlə yanaşdığını görüb, ona xəstəlik kimi yox, nifrət bəslədikləri hakimiyyətin elementi kimi baxırlar.
Indiki vəziyyətdə İlham Əliyev də bu nifrəti hiss edir, onun koronavirusla bağlı əsəbi tövsiyyələri, əmrləri, nümayişkəranə maska taxması, əslində öz uğursuzluğunu hiss etməsindən doğur. Ona elə gəlir ki, əhalinin koronavirus siyasətinə tabe edilməsi, hakimiyyətinin ömrünü uzatmağa kömək edə bilər.
Məsələ burasındadır ki, 2000-ci illərin ortalarından etibarən hakimiyyətin üzərində dayandığı iki sütundan biri-neft gəlirləri aradan getməkdədir. Digər sütun-polis isə, nəinki təkbaşına hakimiyyətin balansını təmin edə bilər, üstəlik digər sütunun çökməsi, onun da əvvəlki eşqlə xidmət etməsinə mane olur, beləliklə indiyə qədər bizə tanış olan struktur süquta uğrayır.
Indiyə qədər insanların polisə itaət etməsi, yalnız kobud güc qarşısında acizlikdən doğmurdu. Ölkəyə axan neft pulları, hansısa formada əhaliyə də gəlib çatırdı, hakimiyyət əhalinin loyallığını “şəhərimizin gözəlləşməsi” siyasəti hesabına alırdı, büdcədən ayrılan milyardlarla infrastruktur xərcləri iqtisadi canlanma yaradırdı. Nisbi tox cəmiyyətdə polisə itaət etmək, o qədər də xoşagəlməz görünmürdü. Indi isə polisə itaətin əvəzində hakimiyyət xalqa heç nə verə bilmir, 70-ci illərdən qalmış köhnə və bacarıqsız təbliğat maşınını müasir reallığa uyğunlaşdırmaq alınmır, təkcə polisin gücünə hakimiyyəti saxlamaq isə ağlabatan deyil. Polis maksimum gücünü sərf etdiyindən, gec-tez indiki gərginliyə tab gətirməyəcək, hardasa sistem sıradan çıxacaq və onda indiyə qədər əhalinin loyallığını təmin edən iqtisadi mexanizm də mövcud olmadığılndan, xalqa hakimiyyət arasında unudulmaz görüş baş verəcək. Hazırda hadisələr buna doğru inkişaf edir və koronavirusa inamsızlıq, epidemiya siyasətinə aşkar nifrətin xəstəliklə əlaqəsi olmadığı, sadəcə olaraq, hakimiyyətə deyilə bilməyən sözlərin ifadə forması olduğu üzə çıxacaq.
Təbib Hüseyn