
Bəxtiyar Hacıyev
Cənab prezident İlham Əliyev müəllim, Daxili İşlər Naziri Vilayət Eyvazov müəllim, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev müəllim,
Bu gün Milli Məclisin insan hüquqları komitəsinin üzvü bir deputat polislə vətəndaşlar arasında yaranmış insidenti mənim üzərimə atmağa çalışıb, xarici xüsusi xidmət orqanlarına bağlamağa çalışıb, hakimiyyətə yaxın mediada prosesi mənim təxribatım kimi təqdim edib, DİN sözçüsü Ehsan Zahidov müəllim də bənzər fikirləri səsləndirərək, ölçü götürəcəyi ilə bağlı hədələyib.
Bildirirəm ki, nə mən polisə zibil atmamışam, nə polisin vətəndaşların evinə girib, evdəki qadınları telefona çəkmək əmri vermişəm, nə qadın vətəndaşa “dovşansan, ərin də dovşandır” təhqiri etməsini tapşırmışam, nə Yasamala çevik polis alayı göndərmişəm, nə qapıya çıxan vətəndaşın boynunu burub, dəyənəklə və təpiklə döyməmişəm.
Fəal vətəndaş kimi polis əməkdaşlarının vətəndaşlara qarşı həddindən artıq şiddət, nifrət, qisasçılıq hissi ilə zorakılıq edib, qanunları pozmasını hamı kimi görmüşəm və bu barədə ardıcıl yazmışam, tənqid etmişəm, vətəndaşların hüquqlarının qorunmasına, belə gərgin vaxtda polisin mədəni davranmasının zəruriliyinə çağırış etmişəm, sizə yaranmış böhrandan normal çıxış yolunu təklif etmişəm.
Əgər bunlar cinayətdirsə, vətəndaşın tərəfində olmaq, polis zorakılığını qınamaq günahdırsa, mən o günahıma görə cəza çəkməyə hazıram. Dəvət edin, ya da gəlin, aparın, istənilən sualınıza cavab verim, yazdıqlarımı əsaslandırım, öz ölkəmin vətəndaşlarından başqa bir qüvvəyə, xüsusi ilə də xarici xüsusi xidmət orqanlarına bağlı olmadığımı sübut edim.
Vətəndaşlarımızın hüquqlarını qorumaq mənim üçün fəxrdir, bunu əslində sizlər etməli idiniz bu 3 gündə. Və bu yolda həbs olunmaq da şərəf olar. Sizi tənqid edən güzgünü sındırmaqdansa, güzgüdə göstərilən mənzərəni analiz edib, problemləri həll etmək daha ağıllı addım olardı. Cəza düşünürsünüzsə, problem yoxdur, gəlim, cəzalandırın.