Prezident niyə susur? Yasamal və Qarabağ

Bəxtiyar Hacıyev

Görünür, daha geniş yazmağa ehtiyac var. Yasamaldan dünən yayılmış videodakı bir köməksiz insana qarşı qəddadlıq, aşağılama, qisasçılıq, təhqir, nifrət və kini ən son Xocalı videolarında görmüşdüm. Müharibə şəraitində düşmənin əliyalın insanların evinə daxil olub, törətikləri qəddarlığın bu mənfi elementləri əlində dəyənək olan polislərin öz dövlətimizin vətəndaşlarına qarşı davranışında görmək olurdu.

İllərdir beynəlxalq tədbirlərdə ermənilərlə Qarabağ üzərində mübahisələr edirik. Onların ən son sığındıqları arqument bu olurdu ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməzlər, onlar üçün insan hüquqlarını ciddi pozan Azərbaycan təhlükəsiz deyil. Təbii ki, biz də Ermənistandakı pozuntuları sadalayıb, cavablarını verirdik.

İndi təsəvvür edin, dünyada gecə-gündüz işləyən erməni lobbisi dünyaya hansı görüntüləri verib, hansı kontrastı yaradırlar? Bir tərəfdə öz “prezidentlərini seçmiş Artsax Respublikası” və bunu təmtəraqla, yeyib-içməklə Şuşada qeyd edən görüntü. Digər tərəfdə isə koronavirusla mübarizə aparan dövlətdə vətəndaşların inzibati xətasına görə polis alayının insanların evinə girib, yataqdan çılpaq aparıb, evdəki qadın və uşaqları pijamada telefona çəkib, təpikləyib, dəyənəkləyib, söyüb, qadına “dovşansınız” deyərək təhqir edib, bunları fəxrlə sosial şəbəkələrdə paylaşan dövlət polisi! Təsəvvür edirsiniz ki, hansı kontrast yaranır?

Ölkədə hansı məsələ bu qədər sosial şəbəkədə böyüyürsə, prezident dərhal ona reaksiya verirdi, məsələni nəzarətinə götürürdü. Bəs neçə gündür hamı etiraz edir, vətəndaşlar döyülərək aparılıb, aşağılanıb, təhqir edilib. Prezident niyə susur? Bunlara haqq qazandırır? Sabah Paşinyanla debatda Nikol qayıdıb “Qarabağ erməniləri Azərbaycan tərkibində təhlükəsiz yaşaya bilməzlər, siz paytaxtınızda öz vətəndaşınızın evinə soxulub, onları çılpaq aparıb, döyüb, təhqir edib, həbs edirsiniz” desə, prezident özünü necə hiss edəcək?

Axı bunun asan həll yolu var – o əmri verənlər və icra edənlər cəzalandırılır, vətəndaşlar azadlığa buraxılır, üzr istənilir, bir daha belə hal təkrarlanmır və yavaş-yavaş unudulur. Dövlətin öz vətəndaşı ilə barışması bu qədərmi çətin, ağırdır? Yoxsa, dövlət öz vətəndaşına qarşı qürur hissi keçirir, “birdən üzr istəsək, sınarıq” deyib, kriminal qaqalar kimi dirənmək yolunu seçir?

Prezident nə düşünür, niyə reaksiya vermir buna? O zorakı görüntülərin polis tərəfindən törədilməsinə, çəkilməsinə və yayılmasına haqq qazandırır?