Avropaya gedən Azərbaycan kürüsünün fərqli və kədərli hekayəsi

«Bazar oxuları» – 6
Iş elə gətirib ki, biz Azərbaycan kürüsü haqqında yalnız siyasi motivdə, özü də bir qayda olaraq, pisə doğru danışırıq.
Bunlar kürünü öz korrupsioner rejimlərinə Avropada dəstək tapmaq vasitəsinə çeviriblər. Hətta biz ona “kürü diplomatiyası” adı qoymuşuq, hansı ki, təzəlikcə onun ifşa və iflasına da şahidlik etdik.
Daxildə isə o, monopoliyadadır, biz kürünü dadmağı ancaq xəyal edə bilərik. O, bizim üçün əlçatmazdır.
Amma bu dəfə mən Azərbaycan kürüsü haqqında fərqli bir hekayət anlatmaq istəyirəm. Üstəlik, bu hekayət də kürümüzün Avropa səyahəti ilə bağlıdır, amma indikindən fərqli olaraq, həm xeyli anlamlı, həm də kədərlidir.
1981-ci ildə Fransada – Parisdə Azərbaycan xalçalarının sərgisi keçirilir. Sərgiyə gedənlərdən biri, mühacirətdəki Azərbaycan ictimai və siyasi xadimlərinin irsinin tanınmış araşdırıcısı Ramiz Abutalıbov Fransada yaşayan məşhur Azərbaycan milyonçuları – Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Xalq Cümhuriyyətinin nazirlərindən olmuş Mirzə Əsədullayevin qızı, “Qafqaz günləri” kitabı ilə böyük şöhrət tapmış Ümmülbanunu da sərgiyə dəvət edir.
Ümmülbanu o çağacan yalnız “Qafqaz günləri” ilə deyil, “Paris günləri”, “Sonra” kimi əsərləri ilə də xeyli məşhurlaşmışdı, çeşidli dillərdən tərcümələri böyük təqdir toplayırdı, məşhur yazıçı Buninlə məhəbbət macəraları dillər əzbəri idi.
Imzası Banin kimi şöhrətlənmişdi.
Xatirələrini yazmağa başlayanadək maneken də işləyib, mağazada satıcı da, katibə də.
Günlərin birində Parisdə tanış olduğu dostlarının məsləhəti ilə xatirələrini yazmağa başlayıb və “Qafqaz günləri” adı ilə nəşr olunan həmin kitab Fransada ciddi hadisəyə çevrilib.
Nə isə. Ümmülbanu (Banin) dəvəti qəbul edir və sərgiyə yaşlı bir fransız kişisi ilə təşrif buyurur.
Özünün də artıq 76 yaşı vardı, amma cavanlığında Bunini, alman yazıçısı və filosofu Ernst Yungeni valeh edən cazibədarlığını xeyli qoruyub saxlayıbmış.
Ramiz Abutalıbov sərgidə məşhur Azərbaycan rəssamlarından biri ilə Ümmülbanunu tanış edir. Həmin rəssam ona Bakıdan özü ilə gətirdiyi iki banka Bakı kürüsü hədiyyə edir. Sovqatı qəbul edir etməsinə də, amma ardınca da soruşur.
Ümmülbanu: “Elə bu?”
Rəssam təəccüblə dillənir: “Bəs necə, madam?”
Ümmülbanu deyir: “Biz Bakını tərk edəndə orada bundan qat-qat çox var-dövlət qoymuşduq”.
O, bunu deyərkən gülümsəyir.
Amma Ümmülbanunun təbəssümündə kədəri, acını mən bu hadisə haqqında oxuyanda çox aydın təsəvvür edə bilirəm.
Bu, əsla dünya malına görə bir kədər deyildi, yəqin ki.
Bu, Ümmülbanunun “Qafqaz günləri”ndə çox dəqiqliklə, ustalıqla anlatdığı günlərin kədəri, acısı idi.
Bu kitab Xalq Cümhuriyyətinin yaranışı və süqutu ilə bağlı da qiymətli mənbələrdən biridir. Cümhuriyyətin süqutundan sonra yaşadıqlarını oxuyunca çox sarsıldığım yadımdadır.
“Paris günləri”ni isə hardasa ilyarım əvvəl birnəfəsə və böyük zövqlə, həyəcanla oxuduğumu xatırlayıram.
Hər iki əsər dilimizə çevrilib, mütləq tapıb oxumağınızı məsləhət görürəm.
Əslində, bu yazını yazmaqda məqsədim də yalnız bizim üçün həm əlçatmaz, həm də oğru rejiminin alver vasitəsi olan Azərbaycan kürüsünün Avropa səfəri haqqında fərqli, maraqlı və kədərli bir hekayət anlatmaq deyildi.
Həm də Baninin – Ümmülbanunun “Qafqaz günləri” və “Paris günləri”ni hər birinizin oxumasını çox istədiyim üçün yazdım bu yazını. Hər iki kitabın sizdə dərin izlər buraxacağına inanıram.
Ümmülbanu ilə qürur duyacağınıza da əminliyim sonsuzdur.