Statistika Komitəsi ağ yalanları davam etdirir

AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev

“COVİD-19”-dan ibrət götürənə heç oxşamırlar. Sanki islah olunmayacaqlarına, sanki millətə hələ bir müddət də çeşidli inkişaf nağılları sırımağa davam edəcəklərinə and içiblər.
Dövlət Statistika Komitəsi bu il may ayının 1-nə rəsmi məlumat açıqlayaraq bildirib ki, ölkədə guya 298 min nəfər işsiz var [iqtisadi fəal əhalinin sayı 5,197 milyon nəfər; məşğul əhalinin sayı 4,899 milyon nəfər; işsizlərin sayı 298 min nəfər (5197–4899)].
Dövlət adına fəaliyyət göstərən bir Komitənin nə dərəcədə yıprandığını, necə şikəst orqanizmə çevrildiyini, hansı sınıq maşın vəziyyətinə düşdüyünü təsəvvür edirsinizmi? Heç cansız yapon robotları da bu dərəcədə rəzalətə imza qoymazdı ki, bizim Statistika Komitə rəhbərliyi bu rüsvayçılığa imza atıb.
Məsələ ondadır ki, dövlət başçısı səviyyəsində 600 min işsiz sayı rəsmən etiraf olunub, hətta bu sayda olan işsizlərin hər birinə aylıq 190 manat olmaqla 2 ay müddətinə birdəfəlik ödəmələrin verilməsi haqqında hökumət qərarı da çıxarılıb. Məhz iri işsizlər ordusunun sürətli axını ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin nəhəng elektron qeydiyyat sistemi bu ilin aprel ayında çöküb. Nazir Sahil Babayevin təşkilatçılığı ilə işsizlərin ünvanına göndərilən “intellektual” cavabların şəninə ölkəboyu saysız-hesabsız lətifələr də qoşulub. İşsizlər ordusunun qeydiyyat məqsədi ilə hərəkət keçməsi bütün ölkəni silkələsə də, Statistika Komitəsinin telini belə tərpədə bilməyib. O “298 min işsiz” söhbətini haradan və necə ortaya çıxarıblarsa, bir özləri, bir də Allahları bilir.
Bir sözlə, Statistikamız bütün sərhədləri keçib. Nə dövlət başçısının dediyindən, nə hökumətin dediyindən, nə də sadə xalqın dediyindən deyir. Saxta məlumatlar yalnız Azərbaycan ictimaiyyətinə deyil, həm də beynəlxalq təşkilatlara da ötürür. Axı haraya kmi, axı nə qədər həqiqətləri, gerçəkləri təhrif etmək, millətin gözünə kül üfürmək olar?