Suriya müxalifətinə xristian lider gətirildi

Üsyançılar və təhlükəsizlik qüvvələri arasında qarşıdurma davam edir

Suriyanın sürgündə olan əsas müxalifət təmsilçisi Suriya Milli Şurasının rəhbərliyi yenidən dəyişilib. Prezident vəzifəsinə xristian dininə mənsub olan sabiq coğrafiya müəllimi, dissident Corc Səbra təyin olunub. Səbra çıxışı zamanı bildirib ki, onun prezident seçilməsi şurada dini ayrı-seçkiliyin olmadığından xəbər verir. Onun sözlərinə görə, əvvəl olduğu kimi bundan sonra da şura yeganə məqsəd uğrunda mübarizəsini davam etdirəcək.

Seçilməsindən dərhal sonra Səbra qeyd edib ki, hazırda şuranın prioritet məsələsi xaricdən silah əldə etməkdir. Səbra çıxışında Suriya müxalifətini Bəşər Əsəd rejimi ilə mübarizəsində silahlandırmanın vacib olduğunu deyib. Bu gün isə gözlənildiyi kimi Milli Şura Suriya müxalif qruplaşmalarının birləşmələrinə dair danışıqlar aparacaq. Qeyd edək ki, Suriyadan kənar yaşayan Suriya Milli Şurasının əksər üzvləri son zaman beynəlxalq birliyin və ABŞ nümayəndələri tərəfindən tənqidə məruz qalmışdı. Beynəlxalq birlik Milli Şuranın fəaliyyətinin effektiv olmadığını qeyd edirdi.

Bu arada Suriyada gedən döyüşlər fonunda üsyançılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalarla bağlı xəbərlər gəlməkdə davam edir. Suriya insan haqları müşahidəçi qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələri paytaxt Dəməşqin müxtəlif bölgələrində üsyançılara qarşı xüsusi əməliyyatlar keçirib. Əməliyyatlar zamanı 100-ə yaxın insan öldürülüb. Suriya müxalifətinin bir qolu olan yerli Koordinasiya Komitələri Deyr əz-Zor, Guta və Duma rayonlarının hava hücumlarına məruz qaldığını, nəticədə isə onlarla yaşayış məntəqəsinin hədəf alındığını bildirib.

Azad Suriya ordusunun əsgərləri isə döyüşlər zamanı həm strateji mövqeləri qorumağa, həm də hərbi bazalara hücum edərək silah əldə etməyə çalışır. Məlumata görə, ötən gün belə hücumlardan birində Türkiyə ilə sərhəd yaxınlığında yerləşən Rasulayn hərbi bazası güclü müqavimət göstərə bilməyib. Hücum nəticəsində çoxlu sayda silah-sursat ələ keçirilib. Döyüşlər zamanı Rasulayn rayonuna bitişik olan Türkiyənin Ceylanpinar rayonu da mərmilərin hədəfi olub. Türkiyə rəhbərliyindən verilən məlumata görə, kəndlilərin olduğu bölgərə atılan mərmilər 3 nəfəri yaralayıb. Mərmilərdən biri isə avtomobilin şüşəsini sındırıb.