Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Teleqraf.com”a verdiyi açıqlamasında polis polkovniki Əli İbrahimovun işdən çıxarılmasını təsdiqləsə də, onun rüşvətə görə işdən qovulması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib: “Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi Əli İbrahimov ailə vəziyyəti ilə bağlı cənab nazirə raport yazıb. Nazir də onun müraciətini nəzərə alaraq onu işdən azad edib və o, sərəncama götürülüb. Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, guya Əli İbrahimovu rüşvət ittihamı ilə işdən qovublar. Bütün bu xəbərlər yalandı və həqiqəti əks etdirmir”.
***
Ramil Usubov rəisi rüşvətə görə işdən qovdu
General-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisini işdən qovub. Bu barədə “Qafqazinfo”ya məlumat sözügedən məktəbdən daxil olub. Məlumata görə, “Serjant şkola” kimi tanınan, nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən rüşvət olayına görə qovulub. Belə ki, məktəbdə rüşvətxorluğun at oynatması ilə bağlı həm nazir Ramil Usubova, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xeyli sayda şikayətlər olub.
R. Usubov şikayətin araşdırılmasında digər qurumları qabaqlayaraq məsələni yerində öyrənib. Ə. İbrahimova qarşı rüşvət ittihamları təsdiqini tapdığı üçün nazirin əmri ilə o, vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Məktəbin müəllimlərindən izahatlar alınıb. Belə ki, DİN rəhbəri məsələnin şişməsinin qarşısını alaraq onu yerində həll edib.
R. Usubov artıq “Serjant şkola”ya yeni rəis də təyin edib. Belə ki, məktəbin yeni rəisi vəzifəsinə “Bantoettel”dən Seyid adlı, əslən Naxçıvandan olan polis zabiti təyin olunub.
Ə. İbrahimov nazir Usubova yaxın şəxslərdən olub. Bu adam əvvəllər nazirin şəxsi mühafizəçisi, sonra daxili İşlər Nazirliyinin komendantı, sonda isə “Serjant şkola”nın rəisi olub.
Məsələ ilə bağlı DİN-dən münasibət öyrənmək mümkün olmayıb.


