Haaqada Əliyevə etiraz aksiyası

Azərbarcanlı siyasi mühacirlər Azərbaycan məmurlarına sanksiyalar tətbiq olunmasını tələb etdilər

İki gün öncə – noyabrın 8-də Nederland Krallığının siyasi paytaxtı Haaqa (Den Haag) şəhərində Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin aksiyası keçirilib. Aksiyanı açan Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının rəhbəri Eldəniz Yusibov bildirdi ki, əsas məqsəd Azərbaycanda olan siyasi problemləri Nederland parlamentinin diqqətinə çatdırmaq, bu tip aksiyalarla Azərbaycan hakimiyyətində yüksək post tutan korrupsioner məmurlara sanksiyaların tətbiq olunmasına nail olmaqdır. Eldəniz Yusibov aksiyanı aparmaq üçün sözü Haqq Ədalət Təşkilatının Hollandiya bölməsinin sədri Telman Kazımova verdi. Telman Kazımov da öz növbəsində bildirdi ki, Azərbaycanda demokratik dövlət quruculuğuna başlayana qədər aksiyalar davam etməlidir. Avropanın müxtəlif ölkələrində azərbaycanlı mühacirlər Azərbaycan hakimiyyətinin nümayəndələrinə sanksiyalar tətbiq olunması üçün çalışmalıdırlar.
Bundan sonra İsveçdən aksiyaya qatılan Mübariz bəy Əzimli, Almaniyadan bloqqer, aktivist Həbib Müntəzir, Azərbaycanlıların Avropa Forumunun rəhbəri Qurban Dağlı, Belçikadan siyasi mühacir Natiq bəy, Hollandiyada yaşayan azərbaycanlı iş adamı Orduxan Teymurçixan, Odlar Yurdu Cəmiyyətinin sədri Rəşad Sadıqov, hazırda mühacir həyat yaşayan, Azərbaycan Xalq Hərəkatının aktiv içtirakçısı Sabir Budaqov, keçmiş hərbçi Rauf Hüseynov, siyasi mühacir Feyzi Unuslu, AzeriUnited Cəmiyyətinin rəhbəri Əli Hacılı, Qarabağ qazisi Elxan bəy və digər şəxslər çıxış edərək Azərbaycandakı mövcud vəziyyətlə bağlı fikirlərini dedilər, mübarizə vasitələri barədə düşüncələrini səsləndirdilər. Aksiyanı yaxından izləyən Nederland Parlamentinin üzvlərinə sonda qətnamə təqdim edildi. Və qərara alındı ki, bu cür aksiyalar davamlı olaraq Avropanın bütün mərkəzi şəhərlərində təşkil olunsun.