8 ildə 800 milyon «udan» tikinti-təmir əməliyyatı
Son 8 ildə dövlət büdcəsindən məktəb tikintisi və təmiri üçün təxminən 600 milyon manat, yəni 750 milyon dollara yaxın vəsait ayrıldığını bilirdinizmi? Son bir ili çıxmaq şərtilə bu illər ərzində bu qədər vəsaitin xərclənməsi Təhsil Nazirliyinə – nazirliyin Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsinə həvalə olunmuşdu.
Bu idarənin əsas vəzifələri təhsil müəssisələrində monitorinq aparmaq, yeni məktəb və əlavə korpus tikintisinə, bərpa-gücləndirmə vəÿ əsaslıÿ təmir işlərinə ehtiyacı müəyyənləşdirərək təkliflər ÿhazırlayıb müvafiq qurumlara təqdim etmək, tikinti işlərinin layihə-smeta sənədlərinə uyğun aparılmasına texniki nəzarəti həyat keçirmək, tikintinin layihə işlərini maliyyələşdirmək, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsini təmin etməkdən ibarət idi. Sonradan bu səlahiyyətlər Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər Icra Hakimiyyətinə verildi. Bunun səbəbinə bir azdan aydınlıq gətirəcəyik. Hələliksə gəlin, məsələnin daha vacib tərəfini – məktəb tikintisi və təmirinə ayrılan və həcmi az qala, 1 milyard dollara çatan dövlət vəsaitinin nə dərəcədə səmərəli xərcləndiyini araşdırmağa çalışaq.
Məlumat üçün deyək ki, 2004-2011-ci illərdə tikinti və təmir işləri üçün dövlət büdcəsindən Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsinə 543 milyon 665,1 min manat vəsait ayrılıb. Həmin vəsait hesabına 121 min 864 şagird yerlik 353 yeni məktəb, 1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası, 184 məktəb üçün 49 min 880 şagird yerlik əlavə korpuslar inşa edilib, eyni zamanda 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılıb. Bu vəsaitdən təkcə məktəb tikintisi və təmirinə düşən pay 500 milyon manatdan artıq olub. Bu məbləğin üzərinə 2012-ci ildə məktəb tikinti və təmirinə ayrılan 86 milyon manatı da əlavə edəndə, bu, təxminən 600 milyon manat və ya 750 milyon dollar edir. Bura Dövlət Neft Şirkətinin tikdiyi məktəbləri (bu vəsaitlər də hökumət xərcləri hesab olunur) də əlavə etsək, bu rəqəm 800 milyon dollara qədər yüksələcək.
Yataqxanalara möhtac qalan məktəblər
Araşdırmamıza paytaxt Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən başladıq. Gəncə ta qədimdən özünün adlı-sanlı elm adamları, ədəbiyyat-incəsənət xadimləri ilə tanınıb. Deməli, qədim Gəncə nədə geri qalsa da, elm-təhsil sahəsində irəlidə, hətta nümunə olmağa məhkumdur. Azərbaycanda bəlkə elə bir orta məktəb tapılmaz ki, onun divarlarını Gəncənin qüruru sayılan dahi Nizami Gəncəvinin ibrətamiz şeirləri olan lövhələr bəzəməsin. Ən azı, bu səbəbdən Gəncə ilə bağlı gözləntilərimiz boyük idi. Təəssüf ki, qarşılaşdığımız mənzərə gözləntilərimizi alt-üst etdi. Məlum oldu ki, bu il Gəncədə 3 peşə liseyi və bir neçə məktəb əsaslı təmirə dayandırılıb. Dərs ili başlasa da, liseylərin heç biri istifadəyə verilməyib. 1 saylı peşə liseyinin şagirdləri məcburi köçkünlərin məskunlaşdığı yataqxanada dərs keçirlər. Yataqxananın bir otağını direktor müvəqqəti özünə kabinet edib. Şəraitdən isə heç danışmağa dəyməz. Otaqlara nəzər salmaq kifayət edir ki, bu məkanın təhsil almaq üçün nə dərəcədə yararsız olduğunu görəsən. Amma bununla belə, yataqxanada məskunlaşmış məcburi köçkünlər liseyin təmirinin bu qədər yubanmasından narahatdılar. Hiss olunur ki, liseyin yüz nəfərə yaxın müəllim-şagird kollektivi orada məskunlaşan sakinlərin yerini əməlli-başlı dar edib. Onların dediyinə görə, liseydəki təmirin başa çatmamasının əsas səbəbi ayrılan maliyyə vəsaitinin mənimsənilməsi və fəhlələrin əmək haqlarının vaxtı-vaxtında verilməməsidir. Ayrılan vəsaitə gəlincə, məlum oldu ki, 1 saylı peşə liseyində bərpa gücləndirmə işlərinin aparılması üçün büdcədən düz 1 milyon 200 min manat vəsait ayrılıb. Bu məqsədlə 2 saylı peşə liseyinə ayrılan vəsait də eyni həcmdədir. Gəncədəki peşə məktəblərinin təmirinə ayrılan vəsaitə gəlincə, bu rəqəm 1 saylı peşə məktəbində 1 milyon 200 min, 2 saylı peşə məktəbində 500 min, 3 saylı peşə məktəbində 1 milyon 200 min manatdır. Təmir-tikinti işləri Təhsil Nazirliyindən alınıb Bakı Şəhər Icra Hakimiyyətinə verildiyi üçün bu vəsaitlərin xərclənməsi də müvafiq olaraq Gəncə Şəhər Icra Hakimiyyətinə həvalə olunub. 2012-ci ildə təmiri üçün vəsait ayrılan məktəblərdən biri də Gəncədəki 15 saylı orta məktəbdir. Məktəbə bu məqsədlə nə az, nə çox 1 milyon 154,8 min manat vəsait ayrılıb. Gəncədəki 38 saylı 480 yerlik məktəbin tikintisi üçün isə 2010-cu ildə 859 min, 2011-ci ildə isə 73 min manat vəsait ayrılıb. Bununla yanaşı, 30 saylı məktəbin təmirinə 383,5 min, 43 saylı məktəbə 1 milyon 56,8 min, 31 saylı məktəbə 1 milyon 100 min, 8 saylı məktəbə 1 milyon 100 min, 3 saylı məktəbə 1 milyon 300 min, 22 saylı məktəbə 500 min, 32 saylı məktəbə həm təmir, həm də əlavə tədris korpusunun tikintisi üçün 331,4 min, 16 saylı məktəbə həm təmir, həm də əlavə tədris korpusunun tikintisi üçün 500 min vəsait ayrılıb. Məktəb təmirinə ayrılan vəsaitlərin fantastik olduğu məsələnin bir tərəfidir. Amma rəqəmlərə diqqət edəndə daha bir məqama diqqət yetirməmək olmur.
Necə olur ki, məktəblərin birinə yalnız təmir üçün 1 milyondan artıq vəsait ayrıldığı halda, bəzilərində təmirlə yanaşı, əlavə tədris korpusu da tikilir, amma cəmi 500 min manat vəsait ayrılır. Elə bu məqamın özü məktəb tikinti və təmiri üçün vəsaitlərin formal, reallığı nəzərə almadan ayrıldığını sübut edir. Onu da öyrəndik ki, Gəncədə məktəblərin tikinti və əsaslı təmiri “Kolanı” tikinti şirkətinə həvalə edilib. Şirkətin Gəncənin icra başçısı Elmar Veliyevə yaxınlığı ilə tanınan şəxsə məxsus olduğu bildirilir.
Təmirə belə, yaramayan kənd məktəbi…
Daha bir maraqlı mənzərə ilə Gəncədən çox da uzaqda olmayan yerdə – Şəmkirin Dəllər kəndindəki 180 nəfərlik məktəbdə qarşılaşa bilərsiz. Kəndin girəcəyində yerləşən bu balaca, birmərtəbəli məktəbin yüz yaşı var. Cəmi səkkiz sinif otağından ibarət olan bu məktəbdə şagirdlər üçün minimum şərait belə, yaradılmayıb. Siniflərin bəzisində 30-dan artıq şagird oxuyur. Oxuyur, amma necə? Otaqlar darısqal, yer döşəməsiz, partaların sayı uşaqların sayından qat-qat az. Partaları, oturacaqları əvəzləmək üçün məcburən taxta parçalarından istifadə olunur. Elektrik və qaz problemi də öz yerində. Şagirdlər deyir ki, qışda odun sobası qalanmasa, sinifdə oturmaq qeyri-mümkün olar. Odunu gətirən də elə şagirdlərin özləri olur. Elektrik probleminə görə isə bütün şagirdlər birinci növbə oxuyurlar. Düzdür, hələ ki, büdcədən bu məktəbin tikintisi üçün vəsait ayrılmayıb. Bu səbəbdən ortada təmir-tikinti yeyintisi yoxdur. Amma deyilənlərə görə, qarşıdakı ildə təmiri üçün vəsait ayrılacaq məktəblərin arasında Dəllər kənd məktəbi də var. Əgər məktəbin təmiri üçün dövlət büdcəsindən həqiqətən də vəsait ayrılsa, həmin vəsaitin indidən havaya sovrulduğunu demək olar. Məsələ ondadır ki, məktəbin vəziyyəti heç bir təmirlə düzələcək səviyyədə deyil. Elə rəhbərlik də, bir əsr yaşı olan bu məktəbin sökülərək başdan tikilməli olduğunu deyir.
Qızıl üstündə “yatan” uçuq-sökük məktəb
Gədəbəyin Arıxdam kənd məktəbindəki vəziyyət, heç də Dəllər kənd məktəbindən geri qalmır. 32 il əvvəl tikilən məktəb yenidən inşa olunmaq üçün illərdir növbə gözləyir. Vəziyyət o yerə çatıb ki, yerli sakinlər məktəbin hər an üçub dağılacağından ehtiyat edərək uşaqlarını məktəbə yollamaq istəmirlər. Sakinlər deyir ki, 2003-cü ildə təmir işləri aparılsa da, hazırda məktəb uçub tökülür. Ona görə də, məktəbin təmirə yox, yenidən tikilməsinə ehtiyac var.
Ən qəribəsi isə odur ki, 2500 sakini olan Arıxdamda qızıl yataqları var və hazırda kənddə Beynəlxalq Mədən Şirkəti Azərbaycan hökuməti ilə birgə bu yataqların istismarı ilə məşğuldur. Amma “qızıl üstündə oturan” arıxdamlılar illərdir sınıq-salxaq bir məktəbin ümidinə qalıblar. Vəziyyətin kritik həddə çatdıgını görən sakinlər mətbuat konfransı keçirib məsələni bir qədər də ictimailəşdirdilər. Sakinlər bildirdilər ki, sözügedən şirkət kənddə yeni məktəbi öz vəsaiti hesabına tikməyə razıdır. Sadəcə olaraq köhnə məktəbin sökülməsinə rəsmi icazə verilməlidir. Kənd sakinlərinin dediyinə görə, hazırda məktəbin 450 nəfərdən ibarət şagird, 50 nəfərlik də müəllim heyəti var. Onların sözlərinə görə, məktəb yenidən tikilməsə, hər an bədbəxt hadisə baş verə bilər.
10 milyon da prezidentin şərəfinə…
Maraqlısı odur ki, bu cür məktəblər növbədə ola-ola hökumət bir neçə il əvvəl tikdiyi və ya təmir etdiyi məktəbə büdcədən təkrarən pul ayırır. Məsələn, Bakının Səbayel rayonunda yerləşən 6 saylı məktəb 2000-ci illərin əvvəllərindəÿəsaslı təmirdən çıxmışdı. 2011-ci ilin sentyabrında isə məktəbin yeni tikilmiş binası istifədəyə verildi. Binanın açılışında prezident Ilham Əliyev özü də iştirak etdi. Istismar müddəti az qala, başa çatan, şagirdlərin həyatına təhlükə yaradan, uçub tökülən məktəbləri yenidən tikmək əvəzinə, hökumət təhsilə yararlı olan, hətta hər cür şəraitə malik məktəbləri yenidən qurur. Konkret 6 saylı məktəbə gəlincə, görünür, ona xüsusi qayğının göstərilməsi Ilham Əliyevin vəxtilə bu məktəbdə oxuması ilə bağlıdır. Binanın yenidən qurulması üçün ayrılan vəsaitə gəlincə, məlum oldu ki, 2011-ci ilin büdcəsindən 6 saylı məktəbə fantastik bir məbləğ – 10 milyon 465 min manat vəsait ayrılıb. Nəticədə məktəbin sahəsi 6500 kv.m-dən 13500 kv.m-ə qədər artırılıb. Bu, ötən illər ərzində Azərbaycanda tikilən ən bahalı məktəbdir. Bu qədər böyük vəsaitə hətta büdcəsini şişirtməklə belə, azı on məktəb tikmək olardı.
Ardı var
Gültəkin


