Tez-tez eşidirəm ətrafımdakı adamlardan, tanıdığım və tanımadığım insanlardan: “Bir az ehtiyatlı ol, özünü gözlə”.
Əminəm ki, bütün müxalifətçi dostlarım, tənqidçi qələmdaşlarım üçün də oxşar vəziyyətdir. Onlar da belə öyüd-nəsihətləri, məsləhətləri tez-tez eşidirlər.
Başa düşürəm, bunlar bir çox hallarda canıyananlıqdan, narahatlıqdan doğur, amma nə gizlədim, həm məni yorur, həm təəssüfləndirir, hətta nə gizlədim, çox vaxt da öfkələndirir.
Mənə elə gəlir ki, insanlarımız reallıq hissindən çox uzaqdırlar, hansı çirkin bir sistemlə, quldur bir rejimlə üz-üzə olduğumuzdan ya xəbərsizdirlər, ya da bunu çox tez unudurlar. Mən ehtiyatlı olub nə eləməliyəm? Gözəgörünməzmi olmalıyam? Bəlkə mən də qoçu dəstəsi ilə gəzməliyəm?
Bütün güc bir qrup adamın əlindədirsə və onlar üçün heç bir mənəvi ölçü, dəyər yoxdursa, mən ehtiyatlı olsam nə dəyişər, olmasam nə?
Yox, bu “ehtiyatlı ol” tövsiyəsinin arxasında susmaq, qınına çəkilmək, “ac qulağım-dinc qulağım” məntiqi ilə yaşamaq məsləhəti dayanırsa, onda necə? Bax, mən də əksərən ehtiyatlı olmaq barədə öyüdlərdən məhz bunu hiss edirəm, bu öyüdlər mənim beynimdə “nəyinə lazım, başını aşağı sal yaşa, hamı necə, sən də eləcə” kimi assosiasiya olunur.
Guya susanda, guya başını aşağı salıb hamı kimi yaşayanda nə dəyişir? Guya sən danışmasan, bunlar da səni susduğuna görə vurub öldürməsələr, ölüm təhlükəsindən sığortalanırsanmı? Bu gün susarsan və sağ qalarsan, amma sabah bir yol qəzasında ölümü dadmayacağına təminatın varmı?
Bu gün susarsan, qılına toxunmazlar, amma sabah nəqliyyat qoçuları gələr səni küçənin ortasında mitilinə çırpar. Neft Şirkətinin qoçuları gələr, üstündən buldozerlə keçər.
Sizə doğrudanmı elə gəlir ki, Əliyevlərin həbsxanalarında sadəcə, susmayan adamlar haqsız yerə cəza çəkir? Guya Əliyevlərin həbsxanalarında haqsız yerə ömrünün ən gözəl illərini çürüdənlərin hamısı rejimlə, onun cinayətləri ilə barışmayanlardırmı?
Əlbəttə, yox. Nə qədər adam bu gün ədalətsiz məhkəmə sistemi sayəsində dəmir barmaqlıqlar ardındadır ki, onların heç vaxt heç bir ictimai, siyasi fəallığı-zadı olmayıb. Başlarını aşağı salıb həyatlarını yaşamaq istəyiblər, “mənə dəyməyən ilanı min yaşasın” təfəkkürü ilə, “ac qulağım-dinc qulağım” düşüncəsi ilə sakit məişət həyatlarını sürmək istəyiblər.
Amma ölkədəki zülm, haqsızlıq, ədalətsizlik maşını onlardan da yan keçməyib. Onlar da bu rejimin zülmündən dadmalı olublar. Çünki bir meşə yanarsa, oradakı bütün canlılar yanar. Yalnız yanğının üstünə gedənlər yox, yanğınan qaçanlar da yanar.
Bu işlər belədir, sevimli xalqım. Siz başınızı ağrıtmamaq üçün zülmə qarşı susarsınız, məsələn, meydanda – bir mitinqdə, bir piketdə döyülməmək üçün evinizə, hücrənizə çəkilərsiniz, amma o zülm gələr sizi evinizdə bular. Siz dubinkadan kənar gəzmək istərsiniz, amma zülm üstünüzə buldozerlə gələr.
Bu rejimlər belədir, sevimli xalqım. Orada kimsənin mal, can güvənliyi olmaz. Susanı da, susmayanı da, razılaşanı da, razılaşmayanı da vurar, cənginə alar günün birində.
Bu gün Elmar Hüseynovun aqibətindən qorxub danışaraq ölməkdən qorxarsınız.
Amma sabah bir yol qəzasında ölməyə nə təminatınız var?
Bir halda ki, ölüm hər kəsin qarşısında var…
Bir halda ki, yalnız danışanlar yox, susanlar üçün də ölüm var…
Bir halda ki, danışanların aqibəti dəyənəkdirsə, susanların da nəsibi SOCAR buldozerləridir…
O zaman özünüz düşünün: qorxaraq, köləliyi boynuna alaraq, qınına çəkilərək, etirazsız yaşamağın bir anlamı varmı?
Taleyinə razı olaraq…
Aqibəti ilə barışaraq yaşamağın bir faydası varmı?
Uzağa getməyin, təzəlikcə Sulutəpədə olub-bitənləri yadınıza salın – hamısı ehtiyatla yaşayan insanlar deyildimi? Bəs onların başlarına niyə o işlər gəldi, onların damı niyə başlarına uçuruldu?
Artıq aydın deyilmi ki, ehtiyatlılıq, qorxaqlıq, ürkəklik, susqunluq bizim evimizi necə yıxır?
Bu adi və aydın həqiqəti anlamaq üçün bu xarabada daha nə baş verməlidir, mənim əziz xalqım?!

Bir adi həqiqəti anlamaq zamanı
•
•