Bu yaxınlarda yoldaşlardan biri dedi ki, “Azadlıq”ın, demək olar, hər sayını və hər yazını oxuyuram. Ancaq elə bilirəm ki, elə 15-20 il bundan əvvəlki yazılardı. Təzə heç nə yoxdu. Orada qardaşla bir az razılaşmamaq kimi fikirlərimi bölüşdüm. Ancaq indi birdən-birə düşündüm ki, əslində adam haqlıdı.
Mətbuat toplumun aynasıdı deyirlər. Deməsələr də, elədi və ya elə olmalıdı. Bunu bilən hakimiyyət mənsublarının durub bir də qəzetlərdən giley-güzar eləməsini anlamaq olmur. Sanki Azərbaycan qəzetləri Azərbaycanı qoyub ayın, günəşin və ya ölkə televiziyaları kimi xaricdəki təbii fəlakətlərin, xaricdəki avtomobil qəzalarının aynası olmalıymış.
Görəsən bu illərdə ölkəmizdə nə dəyişib ki, qəzetlərin məzmununda da nəsə dəyişiklik ola? Illənmiş şərab da deyil ki, bu ölkəni götürüb bir nəfəsə başına çəkəsən. Iylənmiş gölməçədi, gölməçə…
Dəyişən sadəcə adlardı. Istənilən olay illər əvvəlkinin eynidi.
Məsələn, deyək, əvvəllər də ölkədə adam oğurluğuyla məşğul olan mütəşəkkil cinayət dəstəsi vardı, indi də. Özü də DIN-in nəzdində, Hacı Məmmədov adlı başçısı vardı. Onu həbs etdilər. Dəstəsi zərərsizləşdirildi. Çünki artıq dəstə hakimiyyətin nəzarətindən çıxıb özbaşınalıq eləməyə başlamışdı. Əvvəllər ancaq yuxarıdan sifarişlə çalışırdılarsa, sonradan özbaşına hərəkətə yol verdilər və sonunda elə bir yerə ilişdilər ki, artıq zərərsizləşdirmə qaçılmaz oldu. Indi də adam oğurluğu var və əgər Elşad Abdullayevin qardaşı Mahirin oğurlanması ilə bağlı kimsə tərəfindən hələ ki, təkzib olunmayan məlumatlarına inansaq və ya ciddi yanaşsaq,- başqa cür mümkün də deyil,- görünəcək ki, adam oğurluğu işində adı keçənlərin kimliyi yenə də gedib hakimiyyətin içinə çıxır. Yeni Hacı Məmmədovun adı nədi, bu, hələ ki, məlum deyil. Ancaq olacaq. Çünki toplumun qəzəbi adlı əjdahanın ağzına vaxtaşırı kimisə atmasalar, onda o əjdaha ağına-qarasına baxmadan bütün hakimiyyəti udar.
Rüşvət, korrupsiya dəyişibmi? Alırdılar, yenə də alırlar. Daha çox. Korrupsiya əvvəldən hakimiyyətin şah damarı olub, yenə də elədi. Sadəcə, o hakimiyyət böyüyüb və o damarlar da yanaşı olaraq dolğunlaşıb.
Vətəndaşların mülki hüquqları həmişə pozulub. Yenə də pozulur. Sadəcə, indi daha artıq və daha arxayınçılıqla.
Azad söz boğulurdu, sərbəst toplaşma azadlığı yox idi. Indi daha da dəhşətli şəkil alıb. Aksiyaya qoşulan hər kəsi döyür, incidir, işgəncə verir, həbs eləyirdilər, indi də eləyirlər, fəqət bu, artıq qanuna çevrilib. Artıq “icazəsiz aksiya”ya görə 10-15 manat yox, minlik cərimələrdən söhbət gedir.
Açıq sözlü qəzetləri həmişə açıq və dolayı yollarla boğmağa çalışırdılar, yenə də çalışırlar. Zatən açıq sözlü qəzet də ya bir olar, ya iki…
Polis şöbələrində adamların başına həmişə it oyunu açıblar, yenə də açırlar. Ancaq indi həftə səkkiz, mən doqquz bu şöbələrdə vətəndaşların qəfil ölümündən söhbət gedir.
Qocaların təqaüdləri əvvəl də az idi, indi, 75 qəpik əlavə olunandan sonra yenə az saymaq olar…
Hələ də Azərbaycanın mübariz oğulları, Qarabağ qəhrəmanları qondarma ittihamlarla həbsxanalarda yatır və oradaca dünyalarını dəyişirlər. Hələ də minlərlə vətən savaşının keçmiş döyüşçüsü əlil və veteran adını ala bilmir.
Hələ də seçkilər saxtalaşdırılır, hələ də millət vəkilliyi pulla satılır və hələ də “Azərbaycan demokratiya yolunda bir addım irəli atır” və hələ də Azərbaycan diktatura yolunda sürətlə irəliləyir. Elə sürətlə irəliləyir ki, bəzən paxıllıq çəkənlər deyirlər: “Bəlkə bir az yavaşlayasınız?”.
Və hələ də Lazım zalımoğlu gəlib çıxmadığından Qarabağ erməni əsarəti altındadır. Və hələ də jurnalistlər bundan yazırlar. Qardaş haqlıdı…

Hələ də jurnalistlər bundan yazırlar…
•
•