Əliyevlər 50 ildir ki, adam tutmaqla məşğuldur

Milli Şuranın sədri Cəmil Həsənli

İlham Əliyev deyir ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir. Niyə də edilsin? Siyasilərə, jurnalistlərə, blogerlərə, vətəndaş cəmiyyəti öncüllərinə qarşı bu qədər saxta ssenarilər səhnəyə qoyulursa “siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqibə” nə ehtiyac var? Hər nazirliyin, hər dövlət komitəsinin öz özəl istintaq orqanı olduğu halda hüquq mühafizə orqanlarına çox da güc düşmür. Ölkənin vətəndaş cəmiyyətini Vergi nazirliyi şumlayanda, mətbuatın dilinə qıfılı Rabitə nazirliyi vuranda nə qədər insafsız olmalısan ki, burada “siyasi çalar” axtarasan. Böyük fəlakətdir: 17 ildir ölkəyə başçılıq edən bir şəxs yalanla nəfəs alır, ölkəni yalan istehsal edən böyük müəssisəyə çevirib, hətta nəfəsi də yalan gedib gəlir.

Kim deyir ki, ölkənin aparıcı müxalif qurumunun rəhbər şurasının üzvü olan Tofiq Yaqublunu siyasi fəaliyyətinə, sosial mediada aktivliyinə, 19 oktyabrda Əli Kərimli ilə çiyin-çiyinə dayandığına görə həbs ediblər? Əgər dayandığı yerdə adamın maşınını vurub özünü də günakar çıxırab həbs etmək mümkünsə, həmin məmləkətdə adamı siyasi mənsubiyyətinə və siyasi fəaliyyətinə görə təqib etmək əlbəttə axmaqlıq olardı.

Heç Əli Kərimlini də Azərbaycan hakimiyyəti 21 gündür siyasi mənsubiyyətinə görə blokadaya salmayıb. Sadəcə xarici aləmdən qoruyur. Axı, deyirlər bu təzə virus Azərbaycanda internet vasitəsi ilə də keçə bilir. Ölkənin aparıcı müxalifət partiyasının sədrinin xarici pasportu 14 ildir əlindən alınıb ki, Əli Kərimli hər cür “mərəzlərin” yayıldığı xarici məmləkətlərə ayaq basmasın. Bax, buna deyərlər müxalifətə dövlət qayğısı.

Əlbəttə, heç xalqın namusuna təcavüz edən bir polis işçisinin şikayəti əsasında məhkəmənin hazırlıq iclasında iki il üç ay həbs edilən Əlzamin Salayev də siyasi mənsubiyyətinə görə deyil, sadəcə polis “qardaşımızı” narahat etdiyinə görə istirahətə göndərilib. Adamı ona görə hazırlıq iclasında həbs ediblər pandemiyanın yayıldığı bir məmlətdə ged-gələ düşməsin, məhkəmə uzansaydı Əlzamin bəyə ya prokurordan, ya şahiddən, ya vəkildən, ya da elə hakimin özündən korona keçə bilərdi. Bütün bu yoluxmanın qarşısını almaq üçün adamı birdəfəlik hazırlıq iclasında həbs ediblər ki, canı salamat olsun.

Bəlkə Qarabağ qazisi Babək Həsənlini, Başkənd qəhrəmanı Saleh Rüstəmlini, istedadlı və namuslu gənclər kimi Fuad Əhmədlini, Aqil Əli Məhərəmi, Orxan Baxışlını, Qorxmaz Əliyevi, “narkobaron” Paşa Umudovu, imam xətib Faiq Əmirlini, bölgə jurnalistləri Siya Əsədlini, Elçin İsmayıllını, AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov və digərlərini cəbhəçi olduğuna görə tutublar? Yox, hamısının “özəl” suçu var. Bu məmləkətdə Əliyev demiş adamı siyasi əqidəsinə görə tutmurlar. Diktatura rejimlərinin gizli polisi, prokurorluğu, DTX-sının “suç” labaratoriyası olduğu halda, niyə adamları siyasi əqidəsinə görə tutsunlar.

Məmləkət cocuqlarına uşaq pulu tələb edən AXCP üzvü Aqil Hümbətov bir aydır ki, dövlət hesabına ruhi xəstəxanada “müalicə” olunur. Covid-19 başlayandan İlham Əliyev dəstur verdi ki, həm cəmiyyəti, həm də “müxalifəti” düşmən ünsürlərdən təmizləmək üçün “5-ci kalon” yaradıb bütün “vətən xainlərin” ora toplamaq lazımdır. Görürsünüz ki, adam dediyin edir. Polis, prokurorluq, DTX dəyib bir-birinə, hamı cəbhəçi ovuna çıxıb. Covid19-un verdiyi əlavə maddələrdən istifadə edib “düşmən ünsürləri” zərəsizləşdirmək, hətta “müxalifəti” Ədalətin sınağından keçirib “təmizə” çıxarmaq nə vaxtdan siyasi təqib sayıla bilər.

Hər şeyə gərək insaf tərəzisinin gözü ilə baxasan. Hər polis nəfərinin çiyində bir xurcun, hər polis idarəsinin seyfində bir cuval narkotika olduğu halda, adamları siyasi mənsubiyyətinə görə təqib etməyin adı abdallıq olardı. Əliyevlər 50 ildən çoxdur adam tutmaqla məşğuldurlar. Ölkəni başdan-başa suç dağarcığına çevirəndən sonra onlar nə zaman kimisə siyasi mənsubiyyətinə görə tutublar.