Azərbaycanın xarici ticarətdən valyuta qazancı 27 dəfə azalıb

AXCP İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev

Azərbaycanın xarici ticarətdən valyuta qazancı fevralda 27 dəfə və ya 96 faiz azalıb. Bu şərtlər altında valyutaya təlabatı ödəmək, ölkənin Tədiyə Balansında tarazlığı saxlamaq qeyri-mümkündür.

Dövlət Statistika Komitəsi məlumat açıqlayıb ki, idxalın real həcmi bu ilin yanvar ayında 45%, fevral ayında isə 25% azalıb (ötən ilin eyni dövrlərinə nəzərən). İdxalın fiziki həcminin 1% azalması yanvarda 6,7 milyon dollara, fevralda isə 3,1 milyon dollara qənaət etməyə imkan yaratsa da, iri valyuta itkilərindən qaçmaq yenə də mümkün olmayıb.

Belə ki, bu ilin fevral ayında Azərbaycan xarici ticarətdən vur-tut 53 milyon dollar valyuta qazanıb (ixrac-idxal). Bu göstərici ötən ilin fevral göstəricisindən 14 dəfə və ya 93 faiz (676 milyon dollar), bu ilin yanvar göstəricisindən isə 27 dəfə və ya 96% (1,4 milyard dollar) azdır. Mart ayında isə xarici ticarətdən cəmi-cümlətanı 108 milyon dollar valyuta qazanmaq mümkün olub (DGK-nin məlumatları). Fevral və mart aylarında kəskin zəifləmiş imkanların xarici ölkələrlə həyata keçirilən Cari Əməliyyatlar Hesabında (Tədiyə Balansında) kəsir əmələ gətirməsini qətiyyətlə söyləmək olar. Çünki 2018 və 2019-cu illərdə Tədiyə Balansının Cari Əməliyatlar Hesabında tarazlığı-balansı saxlaya bilmək üçün orta hesabla hər ay 1,8 milyard dollar xərcləmək lazım gəlib ki, bu məbləğin də 74-75 faizi xarici ticarətdən əldə olunan qazanc hesabına təmin olunub. İndi təsəvvür edin ki, aylıq tələbatı təmin etmə səviyyəsi 15 dəfə aşağı düşüb.

Sonrakı aylarda kəsirin səviyyəsi daha da böyüyəcək. Çünki ölkənin ödəmə qabiliyyəti neftdən asılı vəziyyətə gətirilib və neft bu gün çox ucuz qiymətə satılır. Bu vəziyyətin hələ bir müddət də davam edəcəyi çox realdır. Belə ağır şəraitdə hazırkı kadrlarla böhranlı vəziyyətdən çıxmaq çox müşküldür. Dövlət idarəetmə orqanlarına doldurulmuş qabiliyyətsiz, bacarıqsız, işbilməz insanlara güvənmək, onlarla yol getmək qəti şəkildə yolverilməzdir. Odur ki, həm dövlət idarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində, həm də təcrübəli kadrların idarəetməyə cəlb olunması yönündə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.