Məşhur alimin dəfninə getməyə qorxan xalq yazıçısı

Baş nazirin müavini Elçin Əfəndiyevin jurnalistlərdən xahişini tanınmış həmkarım Elnur Astanbəylinin köşə yazısından xəbər tutdum: “Jurnalistlərdən xahiş edirəm ki, mənim bircə təmiz adım var, onu da ləkələməsinlər…”.
Açıqlamanı tapıb oxudum və dəhşətə gəldim…
Məsələ ondadır ki, bu adamın köməkçisi hazırda həbs edilib və 1 milyon dollar rüşvət almaqda ittiham edilir. Köməkçi bu pulun müqabilində bağlanmış Azərbaycan Beynəlxalq Universitetinə (sahibi Elşad Abdullayev olan ABU) lisenziya alacaqmış. Əvvəllər alınmış lisenziya ləğv olunduqdan sonra…
Indi siz Elçin Əfəndiyevin verdiyi açıqlamaya baxın: “Bir xalq yazıçısı kimi adımın belə səviyyəsiz söhbətlərdə çəkilməsindən təəssüf hissi keçirirəm”. Dəhşət elə bu cümlədə gizlənib. Bu adam illərdir baş nazirin müavinidir, lakin çətinə düşən kimi xalq yazıçısı adı ilə çıxış edir. Məgər xalq yazıçısının 1 milyonluq rüşvətlə iş çevirən köməkçisi olur? Xalq yazıçısı ali məktəbə lisenziya verir?  Məgər Elşad Abdullayevə, yəni həmin ABU-ya əvvəllər bu lisenziyanı siz verməmişdinizmi? Bu universitet necə fəaliyyət göstərirdi əvvəllər?
Dəhşət odur ki, uzun illərdir başdan-ayağa korrupsiyalaşmış bir hakimiyyətdə baş nazirin müavini olasan, bircə dəfə də ölkəni içindən didib-yeyən talan və oğurluqlara səsin çıxmaya, bu oğru hakimiyyətin təmsilçisi və təbliğçisi olasan, həm də təmiz ada iddia edəsən. Bu, fantastikadır.
Təmizsinizsə, yazıçı vicdanınız niyə susub bu illərdə? Bəlkə quru maaşla güc-bəla ilə dolandığınızı deyəsiniz? Bəlkə köməkçiniz 1 milyon dollara təhsil müəssisəsinə lisenziya düzəldəndə, bütün ölkədə təhsil sistemini kurasiya edən yüksək vəzifəli bir məmur kimi siz doğrudan da maaşla yaşayırdınız?
Bəli, Elçin Əfəndiyevin vəzifələrinə Azərbaycan təhsilini kurasiya etmək də daxildir. Lakin ölkə təhsili illərdir bazara dönüb. Rüşvət və korrupsiya boğaza çıxıb. Rektorlar  nazir-oliqarxa çevriliblər. Amma bir dəfə etiraz etməyib, bir dəfə narazılıq etməyib. Xeyir ola?!
Əvvəla, təmiz adı olan bir adam o çirkabda işləyib, o çirkabı tərifləməz. Ikincisi, bir faydası, qazancı olmasa, bir kimsə köməkçilərin əlləri 1 milyonluq rüşvətlə oynadığı sistemdə baş nazirin müavini kimi məsuliyyətli postda quru maaşa oturmaz. Xalq yazıçısı hara, rüşvət sistemində baş nazirin müavini vəzifəsi hara?! Ümumiyyətlə, təmiz adam qalmaq vicdanının sahibi olan istənilən kəs bu sistemə üz çevirər, baş verənlərə etiraz edər, haray çəkərdi.
Yadımdadır, hətta yazıçı Çingiz Abdullayev bir dəfə “təhsilimizi Azərbaycanın üzqarası” adlandırmışdı, amma bu adam birbaşa vəzifəsinə aid olan bir sahə haqqında bircə kəlmə danışmayıb hələ. Illərdir keyfini sürür vəzifə başında, çətinə düşəndə isə, adının çəkilməməsini xahiş edir. Özü də dönüb olur, xalq yazıçısı…
Bəs sizin vəzifə borcunuz? Xalq yazıçısı olduğunuzu önə çəkirsinizsə, bəs sizin yazıçı borcunuz? Niyə susdunuz birbaşa vəzifənizə aid olan sahələrdəki iyrəncliklərə, yaxud ölkədəki haqsızlıqlara, qanunsuzluqlara?
Təmiz adam ölkənin üzünü ağarda biləcək 3-4 alimdən biri olan professor Rafiq Əliyevə qarşı haqsızlığa niyə yol verirdi, niyə susurdu? Nəyin müqabilində?
Məşhur riyaziyyatçı alim Mirabbas Qasımovun ölümünü yəqin Elçin Əfəndiyev unutmayıb. Mirabbas müəllim Ayaz Mütəllibov dövründə BDU-nun rektoru idi və siyasi mövqeyi vardı. O illərdə BDU-da oxumuşam və hətta onunla kəskin problemlərim olub. Amma mən bilirdim ki, o, riyaziyyatçı kimi çox güclü alimdir. Misir Mərdanov kimiləri onun yanında alimliyə iddia edə bilməzdilər. Mirabbas müəllim öləndə isə mən yanğı və dəhşətlə bir yazı yazdım. Çünki onun dəfninə ictimaiyyətdən, hökumətdən bircə adam getmədi, hökumətdə elmi, təhsili, mədəniyyəti kurasiya edən baş nazirin müavini də. Halbuki bu böyük alimin dəfn mərasimini yüksək şəkildə təşkil etmək onun vəzifəsi idi. Hətta xalq yazıçısı olmağı da o dəfnə getməyə səbəb vermədi. Səbəb isə bəlli idi: mərhumu bu hakimiyyət sevmirdi və hamı kimi o da itirə biləcəklərindən qorxdu…
Odur ki, jurnalistlərə “Bircə təmiz adım var…” deyən baş nazirin müavini gərək bir düşünə, bəlkə o təmiz addan başqa onun hər şeyi var?