
Emil Səlim
Pandemiya sonrası dünyada yaranmış iqtisadi vəziyyət — dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin ucuzlaşması fonunda neft ölkələrində səbəb olduğu iqtisadi çöküş regiondan, o cümlədən də Azərbaycandan yan ötmür. Hakimiyyət ölkənin maddi resurslarının sürətlə əriməkdə olduğu, xərclərinin gəlirləri qat-qat üstələdiyi, əhalinin sosial təminatına ciddi təhdid başlandığı bir mərhələdə tək çıxış yolunun demokratiya olduğunu, nəhayət qəbul etməlidir.
Demokratiya və insan haqları ; qanunun aliliyi; iqtisadiyyatın liberallaşması; sosial rifahın ədalətli təminatı; şəffaf ifarəçilik pripsiplərinə söykənən dinc demokratik keçidin strategiyasını düşünüb cəmiyyətə elan etməyin zamanıdır.
Tələbimiz olan iqtisadi-siyasi islahatların yubadılması təkcə iqtisadiyyatımızın batmasını sürətləndirmir, eyni zamanda regionda yeni siyasi gəlişmələr fonunda işğalçı Ermənistanın bizə nəzərən çox üstün demokratik imicinin formalaşması ilə beynəlxalq təşkilatlarda mövqelərinin güclənməsinə səbəb olur.
Azərbaycan hakimiyyəti bütün bunları nəzərə alıb, nəhayət səmimi şəkildə xalqın qarşısına çıxaraq siyasi islahatlara başladığını bəyan etməli və xalqa dinc keçid üçün Yol Xəritəsi təqdim etməlidir. Dövlət rəhbərliyinin bu addımı qarşıdakı aylarda mümkün görünən böyük xalq etirazları nəticəsində deyil, məhz indi atması siyasi hakimiyyətin özün üçün də daha məqbul variant olar. Artıq regionlardan sosial ayaqlanmalar müşahidə olunmaqdadır və qarşıdakı aylarla ölkəni hansı spontan aksiyaların gözlədiyini proqnozlaşdırmaq çətindir.
Mərhələli şəkildə geniş və dərin demokratik islahatların həyata keçirilməsi üçün isə xalq-iqtidar birliyi, qarşılıqlı etimada söykənən siyasi dialoq və inam mövcud olmalıdır. Hələlik bu istək Azərbaycan hakimiyyətində nəinki görünmür, üstəlik müxalifətlə predmetli dialoq başlatmaq əvəzinə, repressiv yollarla susdurma, qisas alma yolunu seçmiş kimi görünür. Bu isə, siyasi rejimin ölkənin milli maraqlarını heçə sayması ilə bərabər, təəssüf ki, artan iqtisadi-sosial gərginliyin qarşıdurmalara gətirib çıxara biləcəyini gözardı etməsi anlamına gəlir.