Bakıda Hüsnü Mübarəkin heykəli, adına park var, xanımının adınasa məktəb…
Rəsulzadəninsə, heykəli yoxdur, nə də adına park var…
Hüsnü Mübarək ona görə Azərbaycanın siyasi gündəminə oturub ki, Misir xalqı eynən bizim kimi, illərdir diktatura rejimindən əziyyət çəkir. Amma müasir dövrdə, hətta ən böyük orduya, xəfiyyə sisteminə malik olan Misirdə belə, diktaturanın yıxılması gün məsələsidir. Dünənə qədər bu xalqı əzib onu heçə sayan, bir çalxantı olarsa, əzib məhv edəcəyinə əmin olub, ölkənin varidatını talayan bir rejimin nümayəndələri indi xalqın onların taleyini necə həll edəcəyini nigarançılıqla gözləyir.
Tarix belə yaranır və bu tarixin növbəti üsyan səhifələrindən biri də məhz Azərbaycanda çevriləcək.
Keçən gün Məhəmməd Əmin Rəsulzadənin doğum günü idi və yenə də onun yolunda olanlar Bakıdan kənarda yerləşən Novxanıdakı kiçik heykəlin qarşısında ürək sözlərini deməli oldular. Amma gündən-günə “inkişaf edən” Azərbaycanın bu inkişaf dalğası nədənsə, heç Cümhuriyyət və onun qurucularının yanına yaxın düşə bilmir. Nədəni bəllidir, kimsədən gizli deyil bu hırs, inkaretmənin səbəbi… Təəccüblü bir şey də yoxdur zatən. Hüsnü Mübarək kimi xalqına və ölkəsinə qənim kəsilmişin heykəlini ucaldanlar Rəsulzadə və onun silahdaşlarının heykəlini ucalda bilməz. Yalançı bayramlar düzəldib gündə atəşfəşanlıq edənlər Cümhuriyyət bayramını qutlaya bilməz. Vətəndaşını insan saymayan, hər addımbaşı onun haqqını tapdalayanlar “millətlərə istiqlal, insanlara hürriyyət” deyən bir liderin doğum gününü qeyd edə bilməz. Bu, mümkün deyil və elə bu mümkünsüzlüyə görə də bu gün M.Ə.Rəsulzadə və onun silahdaşlarının anım mərasimləri keçirilmir.
Amma hər il xalq ən azı, iki dəfə M.Ə.Rəsulzadənin gözdən uzaq, hamıdan gizlətmək istədikləri kiçik heykəlinin qarşısına toplaşır. Onun bu ölkə üçün təkcə bir lider yox, həm də özlüyündə bir dəyərlər sistemi olduğunu söyləməkdən yorulmur. Niyə? Çünki nahaq nahaqqından əl çəkmirsə, haqq da haqlığında geri durmamalıdır.
Tarix etibarlı yaddaşdır və bu yaddaşda hamı – xalqını sevib, hətta bu dünyadan köçəndə ölkəsinin adını yana-yana söyləyib gözlərini yumanlar da, yalançı, qondarma, yapmacıq “liderlər” də öz yerində gec-tez oturdulur. Məsələn, tarixdə Hitlerin öz yeri olduğu kimi, Atatürkün, M.Ə.Rəsulzadənin də öz yeri var. Özü də Atatürk, Rəsulzadə kimi liderlər tarixin şərəf və sevgi səhifəsindədir.
Bu gün də tarixin Azərbaycan bölümünün səhifələrində yenidən cızma-qaralarla saxtalaşdırma meylləri görünür. Kimlərsə o səhifələrə qəhrəman kimi soxulmağa çalışır, kimlərsə cəfakeş rolundadır, kimlərsə Qarabağın xilaskarı kimi danışır.
Azərbaycan bir ucdan daş heykəllərlə bəzədilir…
Amma bunlar o qədər qısamüddətlidir ki, bəzən, hətta buna xərclənən enerjini nəzərə alaraq, o enerjini xərcləyənlərə adamın yazığı gəlir.
Bilirəm ki, bu məmləkətin ulu və əbədi, həqiqi, əsl lideri M.Ə.Rəsulzadənin ruhu narahatdır. Çünki onun sevdiyi Azərbaycan bu gün də azadlığa qovuşa bilməyib və Rəsulzadə, Türkiyə qürbət olmasa da, hər halda, vətənində uyumur.
Amma rahat uyu ULU ÖNDƏRIM, sənin, vətəninə həsrətli nəşinin başımız üzərində bu torpaqlara gətiriləcəyi gün uzaqda deyil!
Daş heykəllər və Rəsulzadənin daşı
•