Bahəddin Həziyev: «Yazmışdıq ki, axtarışda olan Aygün Əliyeva dünya çempionunun mənzilində gizlənib»
Noyabrın 7-də gecə saat 3.20 radələrində “Bizim Yol” qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov qəzetin nüsxələrini “Futbol+” mətbəəsindən götürüb apararkən yolda idman cüssəli naməlum şəxslər onun qarşısını kəsərək döyüblər.
“Onlar dörd nəfər idi. Ikisi güdürdü, ikisi isə məni döyürdü. Maşından düşməyimə də imkan vermədilər, avtomobilin qapısını açıb sağdan və soldan hara gəldi təpik və yumruqla vururdular. Bir qədər sonra Post Patrul avtomobilinin gəldiyini gördülər və qaçıb aradan çıxdılar, – V.Yusubov “Turan”a bildirib.
“Bizim Yol” qəzetinin baş redaktoru hadisənin araşdırılması üçün Daxili Işlər Nazirliyinə müraciət edib. V.Yusubov məhkəmə- tibb ekspertizasından keçib.
Hazırda Yasamal Rayon Polis Idarəsinin 28-ci polis bölməsi əməkdaşın döyülməsi ilə bağlı təhqiqat aparır.
“Bizim Yol” qəzetinin baş redaktoru bildirib ki, bu hadisə şəxsən V.Yusubova qarşı deyil, bütövlükdə redaksiyaya qarşı yönəlmiş bir hərəkətdir. “Çünki noyabrın 6-da redaksiyaya zəng vuraraq qəzetin həmin günkü sayında dərc edilmiş ”Dünya çempionunun adı dələduzluq olayında” başlıqlı məqalənin müəllifinin başını kəsəcəyi ilə hədələyiblər.
Zəng edən şəxs boks üzrə dünya və Avropa çempionu Salman Əlizadənin atası olduğunu bildirib. Buna səbəb isə 200 nəfəri aldadaraq 5 milyon manat pulunu mənimsəyən və dələduzluq ittihamı ilə axtarışda olan Aygün Əliyevanın dünya çempionunun mənzilində gizlənməsi barədə qəzetdə dərc olunan yazıdır”,- o qeyd edib.


