Hökumət niyə Aprel şəhidlərimizin layiqli qiymətini vermir?

Bir hakimiyyət şəhidinə və qazisinə o vaxt yüksək dəyər verir ki, o hakimiyyəti xalq formalaşdırmış olsun. Elə insanlardan formalaşdırmış olsun ki, həqiqətən, vətən və millət sözləri onların and yeri sayılsın. Heç bir rütbə, heç bir mənsəb, heç bir mərtəbə o sözlərin təsir gücünü azalda bilməsin. Heç bir şəxsi maraq və ambisiya o sözlərdən önə keçməsin. Azərbaycan hakimiyyətində belə adamlar varmı? Varsa, bircə nəfərin adını çəkin, biz elə birini tanımırıq. Hökumətin şəhid və qazilərimizə bu qədər sayğısız və biganə yanaşması da məhz ordan qaynaqlanır. Mandata görə simasını itirən, vəzifəyə görə yalanı həyat tərzinə çevirən, qanunu ayaqları altına atan, pula görə hər cür yaltaqlıq və aşağılıq edən adamlardan şəhidə sevgimi gözləyirsiniz? Şəhid analarını qapılardan qovan, polisə döydürən, evini uçurdan qansızlar hardan anlasın vətən sevgisinin nə demək olduğunu?

Onlar övladları əsgər getmədən hərbi bilet alan yalançılardır. Kürsülərdə torpaq sevgisindən danışıb, arxada düşmənə əl uzadan saxtakarlardır. Hər addımda milli dəyərləri öz maraqlarına satan yabançılardır. Əbədi hakimiyyət naminə hər şeyi, hər kəsi ayaqlayıb keçən nadanlardır. Bu ölkədə övladı ön cəbhədə vuruşub şəhid və ya qazi olan məmur tanıyırsınızmı? Bir vəzifə sahibinin Murovda əsgərlik çəkən övladı haqqında bilginiz varmı? Yoxdur və olmayacaq da. Çünki onlar bu ölkəyə yalnız varlanmaq, lüks yaşamaq, kef çəkmək üçün ələ keçmiş bir xəzinə kimi baxırlar. O üzdən, bu harın adamlar ölkə şəhidini də, qazisini özlərinə borclu sayırlar…  

Bu ilin fevral ayında vəfat edən aprel qazisi Qoşqar Hacıyevin hekayəsini xatırlayırsınız. Fevralın əvvəllərində qazinin qardaşı fəryad edərək, qardaşına olan biganəlikdən şikayətlənmişdi:“Mən Müdafiə Nazirliyinə 11 ərizə yazmışdım. 3 ərizəmdə qardaşımın vəziyyəti ilə bağlı xahiş xarakterli müraciət etmişdim. Sonradan yazmışdım ki, qurban olum, kömək edin, Qoşqar ölür. Niyə baxılmadı? Mənə dedikləri bir söz var idi – gözləyin. Qardaşım 13 gün idi komadaydı, mənə deyirdilər “gözlə, komaya niyə düşüb bilinmir.”

Başqa bir qazi, aprel döyüşləri zamanı xəsarət alaraq ayaqları tutulan ikinci qrup əlil Elşən Əzimov də müalicəsinə yardım göstərilməməsindən şikayətlənir: ” 16 il 9 ay hərbi xidmətdə olmuşam, baş gizirəm. Aprel döyüşləri zamanı şəhidimizi döyüş ərazisindən çıxaranda kəllə-beyin travması almışam. İkinci qrup əliləm. Səhhətim məni ciddi narahat edir. Dəfələrlə Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Adlarını çəkdiyim nazirliklər mənə heç bir köməklik göstərmirlər. Sinir mənşəli xəstəliyim olduğu üçün həkimlər məni müalicə edə bilmirlər. Xəstəliyimlə bağlı arayış tələb etdikdə isə həkimlər cavab verir ki, sənə arayış verməyə Səhiyyə Nazirliyi icazə vermir. Ailəliyəm, 4 övladım var. Bu vaxta qədər maşınımı, evimi sataraq müalicəmə 18-22 min manata yaxın pul sərf etmişəm. İl yarımdan çoxdur ki, aldığım pensiyanı da müalicəmə xərcləyirəm. Övladlarıma və ailəmə atam baxır. Mənzillə də təmin olunmamışam. Cəlilabad Rayon İcra Hakimiyyətinə yaşayış yeri üçün müraciət etmişəm. Buna baxmayaraq mənə icra hakimiyyəti də kirayə yaşamaq üçün mənzil pulu vermir”. Evin yeganə övladı Sərxanı necə, xatırlayırsınızmı? Beş il öncə Ağdam istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq Ankara xəstəxanasına aparılmış əsgərlərimizdən biri -19 yaşlı Sərxan Tahirzadə. Xəstəxanada YAP-çı Siyavuş Novruzov başda olmaqla, bir çox tanınmış siyasilər yaralı əsgərimizin  yanını kəsdirib şəkil paylaşırdılar. O zaman Sərxanın hər iki ayağı amputasiya edilmiş, Ankarada müalicə və protezlə adaptasiya dövrünü başa vurub, ölkəyə qayıtmışdı. Ölkəyə qayıdandan 2-3 ay sonra Lənkəranda yaşayan Sərxanın anası mətbuatda fəryad edirdi: “Oğlumu orduya yola salanda boylu-buxunlu oğlan idi, üstümə 80 santimetr qayıtdı balam. Bizə kömək edən yoxdur!” Gənc qazi özü isə deyirdi: “Deputat Rüfət Quliyevin yanına getdim. Mənə dedi ki, sən mənim seçicim deyilsən…

Heç, ayağa durub mənimlə göruşmədi belə. Yerindən tərpənmədən mənə dedi ki, yanıma gəl. Mən də stollara sürtünə-sürtünə getdim yanına… Keçən ilin iyununda Hadı Rəcəblinin də yanına getmişdim. Mən Türkiyədə olanda hər ay evimizə 50 manat yardım edirdi. Necə ki Türkiyədən gəldim, yardımı kəsdi. Yardım üçün yanına getmişdim. Mənə dedi ki, əlilliyindən sui-istifadə edirsən. Bundan sonra daha ona nə deyim?!.. Müdafiə Nazirliyindən mənə telefon nömrəsi vermişdilər ki, nə problemin olsa, başqa yerə getmə, bizə müraciət et. O nömrəyə zəng elədim, elə bil həmin adam deyillər. Məktub yazıram, cavab gəlmir…”Belə hekayələrin sayı beş deyil, on deyil. Bu hakimiyyətin zamanında onlarla qazi beləcə baxımsızlıqdan dünyasını dəyişib. Neçə qazi kredit borclarına görə intihar edib. Neçə qazinin evi “qanunsuz tikinti” adı ilə başına uçurulub. İndi kimsəyə sirr deyil ki, bu ölkədə xalq hakimiyyəti qurulmayınca, şəhidin və şəhidliyin dəyəri verilməyəcək. Neçə ki, belə dəyərsizlər vəzifə başındadır, verilməyəcək.