Əliyevin Aprel şəhidlərini unutdurmaq siyasəti

Hakimiyyət milli ruhun oyanışından qorxur 

Dünyanın hər yerində şəhidlər, qazilər ən yüksək sevgiylə və sayğıyla əhatə olunur. Çox uzağa getməyək, Qardaş Türkiyədə şəhidə göstərilən ehtiramın hər zaman şahidi oluruq. Filmlərdə bu məqama xüsusən toxunulur, ölkə gəncliyinə bayraq, vətən sevgisi aşılanır. Milli şüurun, dövlət şüurunun formalaşdırılması üçün məqsədli şəkildə  iş aparılır. Əlbəttə, şəhidə, qaziyə bu qədər dəyər verildiyini görən, bu səpkidə çəkilən filmlərə baxan gənclik mübariz ruhda olar, torpağı güzəştə getməz, düşmənə təslim olmaz. Bəs, 20 faiz ərazisi işğalda olan Azərbaycanda hansı ideoloji iş aparılır, dövlət səviyyəsində  şəhidə hansı qiymət verilir? YAP hakimiyyəti ilk gündən təslimçilik, unutdurma siyasəti yürütdü. “Atəşkəs rejimi” adlanan dövrdə əsgərlərimiz şəhid oldu, düşmən torpaqlarımızda məskunlaşdı, mənasız danışıqlarla illər hədər verildi. Ötən illər ərzində müharibə ədəbiyyatı yaranmadı, vətənpərvərlik mövzusunda filmlər çəkilmədi, telekanallar bayağılığı əsas prinsip seçdi və bütün proses məğlubiyyətə xidmət etdi. Torpağı işğal altında olan ölkənin ordusu korrupsiya yuvasına çevrildi, milyardların dövr etdiyi ölkədə şəhidlərin “qan pulu” illərlə verilmədi, Qarabağ qazilərinə divan tutuldu, vətənpərvər insanların üzünə qapılar bağlandı, xarici siyasət işğal faktının dünyaya çatdırılmasına deyil, hakim ailənin maraqlarının təmin olunmasına yönəldi.Çünki hakimiyyət üçün 20 faiz ərazinin taleyi yox, 80 faiz ərazinin talan edilməsi önəmliydi. Ümumiyyətlə, avtoritar rejimlər milli ruhun oyanmasından, cəmiyyətdə dövlət şüurunun yaranmasından, vətənpərvərliyin təbliğindən qorxur. Onlar kölələşmiş, unutqan, qürursuz cəmiyyətin arzusunda olurlar. 

Aprel döyüşləri nəyi göstərdi? 

Əliyev hakimiyyəti uzun illərin “kölələşdirmə siyasəti”ndən sonra belə qənaətə gəlmişdi ki, cəmiyyətdə milli ruh tamam ölüb və xalq müharibədən imtina edəcək. Amma hamımızın bu gün də həyəcanla, qürurla xatırladığımız aprel döyüşləri baş verdi və cəmiyyətin  qələbə arzusu üzə çıxdı. Evlərin eyvanından, avtomobillərdən, pəncərələrdən Azərbaycan bayraqları dalğalandı, könüllü döyüşə getmək istəyən minlərlə gənc meydana gəldi, hamı “irəli əsgər” şüarına büründü. Yəni, aprel döyüşləri qorxunu, təslimçiliyi deyil, milli həmrəyliyi göstərdi və göründü ki, avtoritarizm arzusuna çatmayıb. Əlbəttə, hakimiyyət bu mənzərədən narahat oldu və qorxdu.  Nəticə etibarilə orduya “dayan” əmri verildi. İlham Əliyev etiraf etdi ki, döyüşlər Sarkisyanın xahişiylə dayandırılıb. Bəli, Rusiyanın maraqları, Ermənistanın istəkləri bunu tələb etdi və YAP hakimiyyəti müzəffər ordunu dayandırdı. Sonra məlum oldu ki, aprel döyüşlərində 100-ə yaxın xüsusi təyinatlı şəhid olub. Daha sonra başqa iyrəncliklər ortaya çıxdı. Məlum oldu ki, içdən xəyanət olub. Amma əsl xəyanətkarlar gizlədildi, 7-8 əsgər müəmmalı şəkildə həbsdə  öldü, “vətən xaini” adıyla həbs olunmuş xeyli adamın taleyi qaranlıq qaldı. Bundan əlavə məhkəmə proseslərində əsgərlərə ağır işgəncələr verildiyi, onlardan işgəncə altında ifadə alındığı bəlli oldu. Əsgər valideynlərinin mətbuata açıqlamaları  qorxulu filmləri, fantastik əsərləri xatırladırdı. Aprel döyüşləri göstərdi ki, bu hakimiyyətdə qətiyyət, dövlət təəssübü yoxdur və bu təfəkkürün daşıyıcıları torpaq azad edə bilməz. Eyni zamanda aydın göründü ki, hökumət komandası monolit deyil və istənilən proses sabotaj edilə, istənilən əməliyyat pozula bilər. Ən əsası isə hakimiyyətin vətəndaş həmrəyliyindən, insanların qürur və cəsarət sərgiləməsindən narahat olduğu ortaya çıxdı.  

Qorxaq rejimin qəhrəman obrazı 

Aprel döyüşlərinin dayandırılması cəmiyyətdə etirazla qarşılandı. Hakimiyyət isə bu etirazı növbəti yalanla söndürməyə cəhd etdi. Gecə-gündüz təbliğat aparıldı ki, düşmən sülh danışıqlarında razılığa gəlir, danışıqlar məntiqi sonluğuna çatır və s. Hətta AXCP sədri Əli Kərimlinin evinin qarşısında silsilə aksiyalar təşkil edildi. Guya, Əli Kərimlinin mövqeyi danışıqlara kölgə salırmış, cəmiyyətdə çaşqınlıq yaradırmış.Amma hər ötən gün hökumətin yalanları ifşa olundu. Ermənistan hökuməti bir qarış torpaq verməyəcəyini, bu torpaqlar uğrunda döyüşəcəyini bəyan etdi. Bəlli oldu ki, aprel döyüşləri Azərbaycanın lehinə olaraq deyil, Rusiyanın Ermənistan sevgisinə görə dayandırılıb.Bundan sonra xeyli müddət “Lələ təpə” təbliğatıyla, Cocuq Mərcanlıyla xalqı aldatmağa başladılar. 20 faiz torpağı uduzmuş hökumət,  Lələ təpə uğuruyla özün qəhrəmana çevirməyə başladı. Hər gün İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi aprel döyüşlərini bayraq etdilər.  Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın və digər rayonların itkisini, Lələtəpəylə sığortalamağa başladılar. 100-ə yaxın igidin həlak olmasına görə, döyüşün dayandırılmasına görə, onillərlə davam edən danışıqların uğursuzluğuna görə xalqdan üzr istəmək əvəzinə,  özləri üçün  “tərif çələngi” düzəltdilər. Hətta bəzi hökumət təmsilçiləri bu uğura görə xalqa minnət də qoyurdular. Sanki,  xalq bunlara təzim etməliymiş. Təzim edilməli olan şəhidləri arxa plana keçirib, qorxaq və  fərari rejim təmsilçilərini qəhrəman kimi təqdim etdilər. Neçə illər Lələtəpəylə , aprel döyüşləriylə xalqa təsəlli verdilər. Son sığınacaqları isə Paşinyanla İlham Əliyevin Münhen debatıdı. Aprel döyüşlərindən illər ötüb və hökumət illər sonra İlham Əliyevin “Qarabağ bizimdi” deməsini qazanc kimi tirajlayır. Fakt isə budur ki, torpaq hələ də düşmənin girovudu, şəhidlərin qanı yerdə qalıb, Əliyevin məşhur “Nida” sı heç nəyə yaramayıb. 

Aprel şəhidlərinə biganəliyin səbəbi 

Artıq aprel döyüşlərindən 4 il ötür. İki gün öncə şəhidlərimizin anım günüydü. Yenə də telekanallarda çal-çağır, yenə də yalançı inkişafın təbliği hökm sürürdü. Hökumət təmsilçilərinin açıqlamalarına, şəhid məzarlarını ziyarət etməsinə, şəhid ailələrinə baş çəkməsinə şahid olmadıq. Üstəlik, bu anım günlərində qondarma Dağlıq Qarabağ Respublikasında seçkilər keçirildi. Hətta bu seçkilərə də rəsmi şəkildə qətiyyətli etiraz görmədik. Bəli, Əliyev hökuməti şəhidləri unutdurmaqla, Ermənistan hökuməti isə işğal edilmiş əraziləri özününküləşdirməklə məşğuldu.Amma xalqın seçdiyi, xalqına bağlı olan hökumət bu günlərdə fərqli davranış sərgiləyərdi. Bütün rəsmi təbliğat şəhidlərinüzərinə fokuslaşardı, düşmənə ciddi mesajlar verilərdi. Əliyev hakimiyyəti isə xalqdan mandat almadığına görə, xalqın qan yaddaşın silməkdə maraqlıdır. Aprel şəhidlərinin yad edilməsi, həm də Qarabağın yad edilməsidi. Qarabağın yad edilməsi isə cəmiyyətdə qisas və qələbə arzusunun alovlanması deməkdi.Əlbəttə, dövlətə “pulkəsən maşın” kimi baxan hökumət üçün şəhid ucalığı dərkedilməzdi. Erməni kilsələrinə pulsuz qaz verib, şəhid ailəsini komada yaşamağa məhkum edən hökumətimiz var. Qondarma erməni soyqırımını tanıyan ölkələrdə xarabalıqları təmin etdiri, öz vətəndaşına qəpik-quruş rəva görən hökumətin idarəçiliyindəyik. Şəhidlərə məqsədli şəkildə ögey münasibət var. Çünki şəhidlik mənəvi zirvədir və mənəviyyatlı cəmiyyəti sındırmaq mümkün deyil. Belə cəmiyyət qürurlu, mübariz, qorxmaz, ədalətli olur. Bu keyfiyyətlər isə əbədi hakimiyyət sevdasında olanların planlarına əngəl törədə bilər. Şəhidinə sahib çıxan toplum torpağına da, sərvətinə də, seçkidəki səsinə də, hüquqlarına da sahib çıxar. Ona görə də, Azərbaycan xalqı şəhidlərini unutmamalı, unutdurmağa imkan verməməlidir.