Ölkədə işsizlikdən bir çox görəcək işlər baş verir. Elə işlər – o işlərdən bir çoxları özlərinə yey iş tapırlar. REAL başqanı Ilqar Məmmədov işsizlikdən belə bir iş çıxartdı: Antimilli Məclisi, başqa cür desək, böyük bazarlıq üzərində qurulan parlamenti ZOOPARK adlandırdı. Beləcə, aylardan, illərdən bəri işsizlikdən mürgü döyən PARAlamentdə ən azı 20 dənə iş yeri açdı. Z.Əlizadənin I.Məmmədova qoşulmağı aranı lap qarışdırdı; yeni-yeni iş yerlərinin yaranmasına yol açdı. Z.Əlizadə I.Məmmədovun zoopark dediyinə ZOOSIRK deməklə çevrəni daha da genişləndirdi.
Belə oldu: indiyədək bir iş görmədən, boş yerə ayda iki-üç min arası pul-para alıb mürgü döyənlərin dilinə söz gəldi, qırışığı açıldı. Rejimə yarınmaq baxımından paralamentin ən aktiv mandatlılarından olan Fəzail Ağa malı yenə də ötkəm bir çıxışda bulundu. Başqa cür düşünənləri “qanqal toxumu” adlandıran F.Ağamalı bu TOXUMUN yayılmaması üçün belə buyurur: “Mütləq bunun cəzası verilməlidir. ”Ya cəngəlliklər yolu ilə, ya da qanunlar əsasında”. Bəlli olduğu kimi, Fəzail rejimində qanundan danışmaq eləcə boşboğazlıq, xalqı dolamaqdır. Ikinciyə qalanda, burası da bəlli: biz çoxdan cəngəllik qanunlarının bütün sivil qanunları üstələdiyi rejimdə yaşayırıq. Çoxlu fakta gərək yox, bircə elə Gülərvideoya baxmaq yetər: rejim başında duranların mandat bazarlığı! Bu, əliyevçi rejimin “uğurlu neft-qaz straregiyasından” geri qalmayan daha bir uğur strategiyasıdır: onlar dünyada görünməmiş daha bir ilkə IMZA atıblar – parlamenti PARAlamentə çeviriblər!
F.Ağamalı sözü gedən subyektlərin tutulub dustaq edilməsini istəmədiyini bildirir, niyə istəmədiyinə belə aydınlıq gətirir: “Ola bilər, onlar çalışırlar həbsxanaya düşsünlər və siyasi məhbus adı alsınlar. Daha sonra ölkədən qaçıb hansısa xarici ölkəyə sığınaraq, parazit kimi həmin ölkənin pullarını mənimsəyib keflərini çəksinlər. Məhz bu baxımdan onların həbs edilməsinin tərəfdarı deyiləm”. Bəs nə olsun? Aydındır: cəngəllik qanunu!
Bizim üçün indilikdə ən ilginci Fəzailin dilindən çıxan “parazit” sözüdür. Hamının bildiyi kimi, 19 illik Əliyvlər hakimiyəti dönəmində Azərbaycandan milyonlarla adam baş götürüb gedib. Nədən? Bu hakimiyətin xalqa yağı siyasətləri üzündən! Nədən? Əliyevlər ailəsinin, bu ailəyə yaxın bir qrup quldurun ölkənin bütün var-yatırına, bütün başlıca gəlir qaynaqlarına təkbaşına yiyələnməsi üzündən! Nədən? Əliyevlər ailəsinin, onlara yaxın çevrənin ölkədə rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirməsi üzündən! Bunlar Azərbaycanın milyonlar, milyardlarla pulunu PARAZIT kimi mənimsədiklərindən, milyonlarla azərbaycanlı yoxsulluq-dolanışıq dözülməzliyi üzündən “xarici ölkəyə sığınaraq, parazit kimi həmin ölkənin pullarını mənimsəyirlər”.
Beləliklə, Fəzail IŞĞALÇI rejim prinsiplərinə uyğun olaraq, pullarını – qazanc yollarını mənimsəməklə ölkədən qovub uzaqlaşdırdıqları milyonlarla adamı PARAZIT adlandırır! Onun gözündə I.Məmmədov, Z.Əlizadə kimiləri potensial parazitlərdir. Onun gözündə biz hamımız – əliyevçi IŞĞAL rejiminə dözməyənlərin hamısı – potensial parazitlərik. Olsun! Ancaq… Azərbaycandan təkcə ofşor zonalara 48 milyard dollar oğurluq pul ötürüb, minimum yaşayışın 116 manat olduğu ölkədə yurddaşa 93 manat verən rejimin adı nədir? Bəs Dubay, Mayami, Çexiya… kimi milyonlarla dollarlıq oğurluq faktları, eləcə də 48 milyard dollarlıq ofşor-oğurluq faktı önündə zoopark-heyvanxana susqunluğu sərgiləyən o bəlli qurumun gerçək adı nədir?!
… Saxta zooparka yox, gerçək zooparka getmişdim. Dəvə önümdə diz çöküb ağladı, ayı bozlayıb and-aman elədi: “Bir milyonluq ətim bir manatlıq kabab olsun bu ölkəyə azacıq pislik eləmişiksə. Ilqar Məmmədov o yeri niyə ZOOPARK adlandırıb, bizi niyə aşağılayıb?!”.

Parazit parlament
•