Avropa Ben Əli və xanımının varidatına həbs qoydu

Brüssel Tunisin yeni hökumətinin müraciətinə müsbət cavab verdi

 

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri yanvarın 31-də öz ölkələrində Tunisin devrilmiş prezidenti Ben Əli və xanımına aid bütün var-dövləti döndurmaq qərarına gəliblər. Bu barədə Tunisin yeni hökuməti Brüsselə müraciət etmişdi.

 

On illərlə Tunisdə hakimiyyət başında olmuş Ben Əli yoxsulluq və korrupsiyaya etiraz olaraq keçirilən kütləvi aksiyalara tab gətirməyərək iki həftə əvvəl ölkədən qaçıb. 
Keçmiş prezidentin və xanımı Leyla Trabelsinin Tunisdə iqtisadiyyatın əksər hissəsini şəxsi biznesləri kimi əllərində saxladıqları, ölkənin korrupsiya içərisində olması barədə ittihamlar səslənir.

Fransa mediasının xəbərinə görə Leyla Trabelsi Tunisi tərk edib Səudiyyə Ərəbistanına qaçarkən Milli Bankın 1.5 ton qızılını da özüylə aparıb.