Aclıq

Baxdılar ki, jurnalistlərini tək-tək tutmaq…
Döymək, şantajla, hədyanlarla susdurmaq bir nəticə vermir, məsələni kökündən həll etmək qərarına gəldilər: “Azadlıq”ın bank hesabına həbs qoydular.
Oliqarxların oğurluq pullarından mayalanmadığına…
Yalnız oxucularının hər gün verdiyi 40 qəpik hesabına ayaqda qaldığına görə, ilk baxışda ən yaxşısı da elə budur. Qəzetin satışdan qazandığı halal pullarını “həbs etsələr”, arzularına da çata biləcəklərini düşünürlər.
Ortadakı ən prinsipial, açıqsözlü qəzeti bir azca da olsa yumşaltmaq…
Ən azı kimlərinsə maaşsızlıqdan, qonorarsızlıqdan sırtını çevirib qəzetdən getməsi ilə “Azadlıq”ı bir az da olsa, gücdən, heydən salmaqdır istədikləri.
Bunlar üçün pul hər şeydir. Nə Heydər Əliyev? Bunların ümummilli lideri də puldur. Bunların dini də puldur.
Ona görə də son vaxtlar bizi də pulnan sınağa çəkirlər. Baxırlar ki, heç bir zor və zopa…
Heç bir işgəncə, heç bir həbs…
Heç bir basqı, heç bir təhdid, heç bir təzyiq..
Heç bir şirnikləndirmə toplumun müqavimətini tamamən qırmağa bəs eləmir.
Baxırlar ki, bu qədər zorakılığa rəğmən, hələ də tənqidçi qələmlər qalır, hələ də küçə aksiyalarını durdurmaq mümkün deyil, əksinə, toplumda etiraz əhval-ruhiyyəsi, dəyişim ovqatı günbəgün güclənir, ona görə də bizi ən zəif yerimizdən vurmaq istəyirlər – pulsuzluqdan.
Aksiyalara çıxanların gözünü fantastik cərimələrlə qorxutmağa çalışırlar.
Ölkənin ən açıqsözlü qəzetini bank hesaına həbs qoymaqla susdurmağa çalışırlar.
Bəli, gizlətmirik, pul bizim ən zəif yerimizdir – korrupsioner deyilik. Oğru deyilik. Cibgir deyilik.
Ən minimal şərtlər altında yaşayırıq. Təkcə yaşamırıq, çalışırıq, çabalayırıq, bu ölkədə çağdaş dəyərlərin bərqərar olması uğrunda mübarizədən geri addım atmırıq.
Sıralarımız illərdir işsizliklə boğuşan insanlarla doludur. Sonuncu dəfə cocuqlarının qarnını nə vaxt doyurduğunu xatırlamayan müxalifətçi insanlar tanıyıram.
Amma hər şeyə rəğmən ayaqdadırlar, ürəkləri azadlıq, demokratiya arzuları ilə çırpınıb durur.
Demək istədiyim odur ki, yaptokratiya düz fikirləşib: bəli, pul bizim zəif yerimizdir. Indi də bizi bu zəif yerimizdən vurmaq istəyirlər.
Sadəcə, bir məqamı unudublar: onlar üçün pul hər şeydir, amma bizim olsa-olsa, çox şeydir. Ancaq hər şey deyil.
Hər şey olsa, zatən çoxdan siz istədiyiniz olmuşdu. Çoxdan bu ölkədə sorğulayan, hesab istəyən bir nəfər də qalmamışdı.
Çoxdan bu ölkədə hər kəs qapınızın qulu idi.
Çoxdan hamıdan fazil-mazil, qüdrət-müdrət düzəltmişdiniz.
Biz elə dəyərləri müdafiə edirik ki, onların pulla qarşılığı yoxdur. O dəyərləri satın almağa ofşor şirkətləriniz, neft buruqlarınız, qaz yataqlarınız bəs eləməz.
Biz o dəyərlər uğrunda bir ömür xərcləməyi…
O dəyərlər uğrunda həbslərdə çürüməyi, döyülməyi, öldürülməyi göz önünə aldıq, pul nədir ki?
Əgər siz son çarəni bu ölkənin gerçək sevdalılarını yüksək cərimələrlə imtahan etməkdə…
Bank hesablarına həbs qoymaqla sınağa çəkməkdə, onları pulun gücü ilə sındırmaqda, susdurmaqda, görürsünüzsə, bunu bir yerə yazın da yadınızdan çıxmasın: biz zatən cibimizdə pulumuz olarkən belə ac qalmağı öyrənmişik.
Çünki bizim aclığımızın səbəbləri siz düşündüyünüzdən çox fərqlidir.
Biz azadlıq aclarıyıq.
Ədalət, hüquq, çağdaşlıq aclarıyıq.
Biz onsuz da pulla doymuruq.
Bizim doymağımız üçün onsuz da pul acizdir.
Bizi yalnız azad, ədalətli, modern bir Azərbaycanın qurulması doyura bilər.
Pafos deyil bunlar. Emosiya, duyğusallıq-filan da deyil. Şüarçılıq da eləmirəm.
Siz pulnan sınamaqda, pulnan sındırmağa, susdurmağa, yumşaltmağa çalışmaqda davam edin bizi, nə demək istədiyimi onda daha gözəl anlayacaqsınız.