Deputat Ramil Həsən ətrafında qalmaqal

Bilirsiniz, parlamentdə adı qalmaqallı hadisələrə qarışmayan deputatların adlarını barmaqla saymaq olar. Bizim cavan deputatlarla işimiz yoxdur. Xalq şans verir ki, Ramil Həsən kimi deputatlar işləsin, bəlkə potensialları var. Lakin, hərdən onlara da dərs veririk ki, çox “göynən getməsinlər”. Köhnə mandatlı ağaların səsi illərdir iqtisadi cinayətlərdən tutmuş kriminal hadisələrə qədər hər çirkli işin içindən çıxıb. Deyəsən bu il köhnə komandaya qoşulanlar da məclisə əliboş gəlməyiblər. Zaman-zaman sizi onların dosyeləri ilə də tanış edəcəyik. 

Belə ki, indiki yazı isə Ucar seçki dairəsindən deputat seçilmiş Ramil Həsənlə bağlıdır. Bu gənc deputatı məclisə ayaq basar-basmaz adı da böyük qalmaqala qarışdı. Məlum oldu ki, Moldova hüquq-mühafizə orqanları Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsənin adına cinayət işi açıb. O, Moldova Cinayət Məcəlləsinin 207-ci maddəsi “Uşaqların ölkədən qanunsuz aparılması” ilə ittiham olunur. İttiham təsdiqini taparsa, onu 2 ildən 6 ilə qədər həbs cəzası gözləyir. Həyat yoldaşının Milli Məclisin deputatı Ramil Həsənlə bu işdə əlbir olduğu göstərilir. İttihamda göstərilir ki, onlar Moldovadan Ukraynaya nəzarət olunmayan Dnestryanı ərazi vasitəsilə qaçıb və Yekaterinanın beş yaşlı qızını qanunsuz olaraq özləri ilə aparıblar. Buna səbəb Kişinyov Apelyasiya Məhkəməsinin qərarı olub. Hakimlər qərar verib: qız atası ilə yaşamalıdır. Qeyri-rəsmi məlumatlara görə, Ramil Həsən uşağın Moldovadan qeyri-qanuni aparılmasını ört-basdır etmək üçün dəfələrlə diplomatik pasportdan istifadə edib… 

Mətbuatda xəbər verildiyi kimi, bu, gənc deputatın ilk cinayət işi deyil. Bir az əvvəl də deputatın adı şübhəli əmək haqqı sənədi ilə gündəmə gəlmişdi. Ramil Həsənin məhkəməyə təqdim etdiyi sənəddə onun beynəlxalq biznesin inkişafı üçün çalışdığı, Bakıda yerləşən “Etna Group” şirkətinin icra komitəsinin üzvü olduğu və 11 min dollar maaş aldığı bildirilib. Qarşı tərəfin nümayəndələri isə Həsənin çox güman ki, Moldova ədalət məhkəməsini aldatdığı və ya əksinə Azərbaycanda vergi ödəməkdən yayınması ilə bağlı arqumentlər təqdim edib.Təsəvvür edin, bu əməlləri bir müxalif siyasətçi etmiş olsaydı, çoxdan həbsxanaya göndərmişdilər, həm də ən ağır maddə ilə. Amma yox, YAP üzvü oldunsa, bu komandanın buyruq qulu oldunsa, bütün qapılar üzünə açıq. Bütün qırmızı işıqlarda keçə bilərsən, bütün qanunları tapdaya bilərsən, bütün saxta yollardan istifadə edib deputat da ola bilərsən. Çünki bu təşkilatda hər şey yalan və saxtakarlıq üzərində qurulub. Xülasə, Ramil Həsənlə bağlı da hər şey aydındır. Necə deyərlər, “su axar, çuxurun tapar”. Biz deputatların illərdir nə qanlar batırdığını bilmirikmi? Ramil Həsən cinayəti onların yanında nədir ki?

Ramil Həsənin ən böyük səhvi ondan ibarətdir ki, sonra çıxıb bunu “yalan” adlandırıb, hal-buki özü də gözəl bilir ki, heç bir yalan yoxdur bu məsələdə. Ramil Həsən, siz cavansınız, yalan danışmağı buraxın “köhnə” deputatlara. Cavan xanım səhv edib, emosional olub, uşaqları oğurlayıb, bəs siz hara baxırdınız, Ramil bəy? Sizə tövsiyyə edirik ki, gedin o qalmaqalı həll edin və ümümiyyətlə bir az özünüzü sadə aparın. Deputat qalmaqalsız yaşamağı bacarmalıdır, bunu unutmayın. Sizin cavan ailəniz var, xanım da xaricdəndir, çox gözəl, lakin yalan danışmayın. Problem olub, qeyri-qanuni iş görmüsünüz, indi isə gedin həll edin, düzəldin səhvinizi. Özüdə yalan danışanda, həmin o mətndə özünüz bir sayın, neçə dəfə İlham Əliyevin adını çəkmisiniz… Onun sizin işinizə nə aidiyyatı var, Ramil Həsən? Bu məsələni unudaq, amma bir daha yalan danışmayın, uşaq bağçasında yox, Parlamentdə əiləşirsiniz. Unutmayın ki, bəzən biz belə şeyləri dərc edirik, hansıları ki hökumət mediası dərc edə bilməz bir çox səbəblərə görə. Bizim dövlətçilikdə böyük funksional rolumuz var və bizi oxuyun. 

Bu yaxınlarda sosial şəbəkə fəalları FB-də onun nitqini müzakirə edirlər. Adam koronavirus pandemiyası haqqında TV-yə nəsə danışıb. Güyə, deputatın nə demək istədiyini anlayan olmayıb. Təəccüblü nə var ki? Guya bizim Parlamentdə onun kimi “natiqlər” azdır? Guya başqa deputatlar daha məharətli natiqdir? Bunda bir problem görmürük. Biz də izlədik, normal danışıb, gördük ki, öz üzərində adam çalışır, savada-biliyə meyili var. Hətta, həyat yoldaşı da intervyu verib və qeyd olunmalıdır ki, o da normal sivil qaydada intervyu verib. 

Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasında isə deputatlar arasında narazılıq yaranıb. BakuPost xəbər verir ki, “buna səbəb koronavirusla bağlı bir metrlik məsafənin saxlanmasına görə, millət vəkillərinin yerinin dəyişdirilməsi olub. İclas başlamazdan əvvəl kimin harada əyləşəcəyi həmin masanın üzərində yazılıb. Bu bölgü aparıldıqda bəzi deputatlara məcburən yuxarıda- qonaqlar üçün nəzərdə tutulan hissədə yer verilib. Qonaq masasında əyləşdirilən deputatlar isə bundan narazı qalıblar. Hətta bunu ayrı-seçkilik, aşağılanmaq kimi qəbul edənlər də olub: “Niyə məhz məni bura qaldırıbsız?” Narazılardan biri- gənc deputat Ramil Həsən isə etirazını orada deyil, iclasdan sonra sosial şəbəkələrdə bildirib. O özünün feysbuk hesbında status yazaraq, sədrin bölgüsünü tənqid edib. Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılıb və sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmən xəbərdarlıq edilib. Bildirilib ki, nizamnaməyə görə, deputatın sədrin verdiyi qərara etirazı varsa, birinci rəhbərliyə müraciət olunmalıdır.”

Ay Ramil Həsən, siz o kreslo-yer məsələsini buraxın, zəmanə dəyişib, modern zəmanənin deputatı olmağa çalışın. Baxın, İsmayıllının icra başçısına töhmət verilib bizim reportaj nəticəsində, siz də belə edin ki, sizin haqda yalnız və yalnız pozitiv xəbərlər daxil olsun. Hamımızın məqsədi Milli Məclisin reputasiyasını, imicini düzəltməkdir…

Lakin, qeyd olunmalıdır ki, MM-dən daxil olmuş məlumata görə: “həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib.”

“Lakin bu günlərdə, bəzi kütləvi informasiya vasitələrində bu tədbirlə bağlı narazılığın yaranması haqqında məlumatlar yayılıb. Bu məlumat əsasən deputat Ramil Həsənin sosial şəbəkədə paylaşdığı fikirlərlə əlaqədərləndirilir.”

“Deputat Ramil Həsənə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev tərəfindən bu tədbirin məcburi müvəqqəti xarakter daşıdığı izah edilib. Deputat Ramil Həsən buna anlayışla yanaşıb və o, bunun hər hansı deputata qarşı aşaqlayıcı münasibət olmadığını başa düşüb. Deputat Ramil Həsən Milli Məclisin Sədri tərəfindən tənbeh edilməyib və ona heç bir xəbərdarlıq edilməyib. Bəzi KİV-lərin bu məsələ ətrafında sensasiya yaratması həmin KİV-rə heç də başucalığı gətirmir. Bir daha kütləvi informasiya vasitələrinə sensasiya dalınca qaçmamağı və faktları olduğu kimi çatdırmağı tövsiyyə edirik”, – deyə Milli Məclisdən bildirilib. (www.moder.az)