
2008-ci ilin 26 mayı idi, Azərbaycanlı tələbələrin Brüsseldəki Forumuna və İstiqlaliyyət gününü bir yerdə qeyd edəcəyimiz şənliyə qatılmaq üçün Belçikaya getmişdim. Gecə yarısına az qalmışdı, nəqliyyatdan baş açmaq çətin olacaqdı. Bir nəfərə yaxınlaşdım, adres soruşdum. Aksentimə baxıb “türksənmi” dedi, “azərbaycanlıyam” dedim, qardaş çıxdıq. Otelə ötürdü məni, yoxsa gecə boyu axtara-axtara qalacaqdım ünvanı. Yol boyunca işləyib işləmədiyini soruşdum türk qardaşdan, “yok, devlet baba bakıyor şimdilik” dedi.
Devlet baba… bu sosial dövlətin elə bir tipidir ki, insanı nəinki uşaqlığında, hətta böyüklüyündə belə tək, yiyəsiz buraxmır. O, bəzən atası olana belə atalıq edir. Bu “dövlət baba”, bizim hökumətin “bizə lazım deyil” dediyi Avropanın bütün ölkələrində 70 ildir tətbiq olunun idarəetmə modelinin ortaq adıdır. O baba təbiri Belçikaya da aiddir. Boyca bizimkinin üçdə biri qədər, üsuli idarəetmədə isə bizimki kimi respublika maskası geymədən, kraliyyətin də dürüst olanını, həqiqi olanını qəbul etmiş bir dövlətdir. Kraliyyətdir, fəqət bizimki kimi despotik deyil, insani və demokratik dəyərlərlə idarə olunan bir dövlətdir. Bundandır ki, bizim türk qardaşın dilində də o, “baba” imicini formalaşdıra bilibdir.
İllərdir vətəndaşına atalıq, babalıq eləmə rolunu heç minimal səviyyədə belə icra etməyən bizim hökumətimizin yeni qərarla “yetim” sözünü qadağan edərək, “valideylərini itirmiş” sözü ilə əvəz etdiyini ürək bulantısı ilə öyrəndikdə, bu baba mövzusu yadıma gəldi.
Bizim dövlət hətta analı-atalı vətəndaşlarına belə atalıq etməli olduğu yerdə, xüsusilə yetimlərin isə taleyini atadan anadan daha yaxşı çiyinlərinə götürəcəyi halda, qalxıb “yetim” sözünü ləğv edir.
Bu bilirsinizmi nəyə bənzəyir ? Xəstələrini sağalda biləcək səhiyyə sistemi olmadığı üçün, xəstələrə “sağlamlığına xətər dəymiş insan” ifadəsi işlədərək yara sağaltmağa bənzəyir. Belə bir şey olmasa da, “yetim” islahatı ilə bu qədər absurd iş gördülər.
Bu illərdir yurduna qayıda bilməyən, qaytarıla bilməyən vətəndaşlarına “qaçqın” demək yerinə, “istəmədən rayonunu dəyişmiş fərdlər” deməklə baş qatmağa bənzəyir. Hələ deməyiblər, ancaq desələr təəccüb etmərik artıq.
Bu, ölkədəki bərbad iqtisadi vəziyyətdən əziyyət çəkən insanların qəlbi qırılmasın deyə onlara “yoxsul” deməyi qadağan edib, “sərvəti aşıb-daşmayanlar” ya da “bolluq içində yaşamayan insanlar” deməyə bənzəyir. Deməyiblər, ancaq daha betərini deyiblər.
Yetimlik, xəstəlik, qaçqınlıq, hətta yoxsulluq da insanın taleyinin nəticəsi ola bilər, ancaq onların taleyini dəyişdirmə imkanını məhz Avropada 70 ildir tətbiq olunan sosial dövlət modeli, yəni “baba dövlət” sistemi verir.
Bu hökumətə deyilməli olan budur : “yetim”i ləğv edə bilərsən, ancaq yetimliyi ləğv edə bilməzsən. Niyyətin xoşdursa, yetimliyin yükünü, acısını yetim sözünü ləğv edərək deyil, yetimə atalıq edərək azaltmalısan. Buna deyilir dövlət olmaq, dövlət baba olmaq. Yetim olmağın incikliyini, insan olmağın, vətəndaş olmağın, fərd olmağın, azərbaycanlı olmağın məğrurluğu ilə əvəz edəcək dövlətçilik qurmaqdansa sözü ləğv etmək, oyun oynamaqdır, aferistlikdir.
Bu sualı da vermək gərəkdir, yetimxanalardan 18 yaşından sonra buraxılan gənclərin taleyi necə olur, bilən varmı ?
Son söz : Parkinson qanunu adında nəzəri yanaşma vardır. O deyir ki, çətin işləri icra edə bilməyəcək insanlar bütün günü xırda işlərlə məşğul olaraq oturduğu vəzifənin haqqını verməyə çalışacaqdır. Bizim hökumətdə oturanlar məhz bu gündədirlər. Ölkənin ən ciddi məsələlərini həll etməkdə aciz olduqları üçün başlarını belə mənasız işlərlə qatırlar. Bu dövlət illərdir yetim qalmışdır, bütün məsələ budur.
Azad Akifoğlu